22 Dekabr 2024

19 Mayısdan başlanan yol…

Böyük öndər Mustafa Kamal Atatürkün liderliyi ilə başlanan bu yol Türkiyəni İstiqlal və Cümhuriyyətə qovuşdurdu

Bu gün Türkiyə tarixinin önəmli günü, 19 May – Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir. Türkiyə Cümhuriyyətinin digər tarixi günləri kimi, bu gün də böyük öndər Atatürklə, onun türk milləti qarşısında misilsiz xidmətləri ilə bağlıdır. Eyni zamanda, bu günün əlahiddə özəlliyi də var. 19 may həm də Atatürkün doğum günü kimi qeyd olunur. Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın ən görkəmli sərkərdə və dövlət xadimləri sırasında yer almış Mustafa Kamal Atatürkün rəsmi doğum günü tarixə naməlum qalıb. Atatürk isə 19 mayı – Türkiyənin qurtuluşu və istiqlalı uğrunda savaşa başladığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib.

141 il öncə, Atatürk dünyaya gözlərini açanda Osmanlı imperatorluğu öz qüdrətini itirməyə doğru gedirdi. Belə bir vaxtda onun doğulması türk xalqının və dövlətinin xilaskarının dünyaya gəlməsi demək idi. Mustafa Kamal 1881-ci ildə o vaxt Osmanlı imperatorluğunun tərkibində olan Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin (indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhəlləsində doğulub. Anası Zibeydə xanımın xatırladığına görə, oğlu Mustafa qış vaxtı, yanvarda dünyaya gəlib. Mustafadan savayı ailədə daha beş uşaq dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.

Mustafa məktəb yaşına gələndə anası onun dini təmayüllü məktəbdə təhsil almasını, atası isə müasir təhsil verən ibtidai məktəbə getməsini istəyir. Sonuc atasının istəyi kimi olur və Mustafa 1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə gedir. 1890-cı ildə atası vəfat edir. Bir müddət təhsildən kənarda qalan Mustafa hərbçi olmaq arzusuna düşür. 1898-ci ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirir və İstanbul hərbi məktəbinə daxil olur. 1902-ci ildə oranı da leytenant rütbəsi ilə başa vurur. Bundan sonra hərbi təhsilini 1902-1905-ci illərdə İstanbul Hərbi Akademiyasında davam etdirir. 1905-ci ildə tam hərbi təhsilini başa vuraraq ilk hərbi təyinatını alır, imperatorluğun cənubuna – Suriyanın paytaxtı Dəməşqə göndərilir. Burada o, Osmanlının ağır durumunu yaxından dərk edir.

“Ya istiqlal, ya ölüm!”

1906-cı ildə Mustafa Kamal bir neçə hərbçi dostu ilə “Vətən və Hürriyyət” adlı gizli cəmiyyət təşkil edirlər. Gənc və ambisiyalı zabitlər dövlətin idarəçiliyini sağlam əsaslar üzərinə qaytarmaq barədə düşünürlər. Avropaya hərbi ezamiyyətə göndərilən, Fransada hərbi təlimlərdə iştirak edən Mustafa Kamal Osmanlı ordusunun rəqiblərindən nə qədər geri qaldığını bir daha dərk edir. 1912-1913-cü illərin Balkan müharibəsində Osmanlının ağır məğlubiyyəti bu gerçəyi sübut edir. Müharibə nəticəsində Osmanlı altı əsrə yaxın nəzarət etdiyi Balkanları, o cümlədən Mustafa Kamalın vətəni Rumelini itirir.

1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk mərhələsində mayor Mustafa Kamalın 19-cü diviziyası misilsiz rəşadət göstərir. Ona polkovnik rütbəsi verilir. 1916-cı ildə Çanaqqala zəfərindən ardından onu Diyarbəkirdəki ordu komandanlığına, Rusiya ilə savaş cəhbəsinə göndərirlər. Mustafa Kamal yolda ikən ona general – paşa rütbəsinin verildiyini eşidir. Onun komandanlığı altında 1916-cı ilin avqustunda rus ordusunun Diyarbəkir istiqamətində hücumlarının qarşısı alınır, Bitlis və Muş azad edilir. Bu uğurdan sonra Mustafa Kamal Paşa Osmanlının 2-ci ordu (şimal-şərq istiqamətində) komandanı təyin edilir. Lakin digər cəbhələrdəki məğlubiyyət Osmanlının dünya savaşından qalib çıxmasını mümkünsüz etmişdi. 1918-ci ilin oktyabrın 31-də Osmanlı Mudros sülhü müqaviləsini bağlamağa məcbur olur. Türk qoşunları tutduqları bir çox əraziləri, o cümlədən Cənubi Qafqazı (Azərbaycanı) tərk etməli olurlar. Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətə gəlmişdi. 1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları ölkənin cənub-qərbini ələ keçirmişdilər. İstanbuldakı Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq iqtidarında idi.

General Mustafa Kamal İstanbuldakı təslimçi hakimiyyətlə yolları ayırır. 1919-cu ilin mayın 16-da o, bir qrup silahdaşı ilə “Bandırma” adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da Qurtuluş savaşının başladığını elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa da, Mustafa Kamal Paşa ordudakı vəzifələrindən istefa verdiyini bildirir. Həmin il dekabrın 27-də qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri yeni Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan edir. Mustafa Kamal Paşa 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail olur. Ölkədə faktiki ikihakimiyyətlik – bir tərəfdə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yerə toplayaraq vətənin xilası uğrunda savaşan hərbçilər, Mustafa Kamal Paşanın komandanlığı altında təşəkkül tapan ordu vardı. 1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı Türkiyə ordusunun gücünü nümayiş etdirir. Sakarya zəfərindən sonra TBMM Mustafa Kamala “qazi” adı və marşal hərbi rütbəsi verir. Qurtuluş savaşının zirvə nöqtəsi isə 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) əməliyyatı oldu. Avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. 30 avqustadək Eskişehir və Afyonu nəzarətə götürən türk qoşunları baş komandandan “Ordular, hədəfiniz Aralıq dənizidir!” əmrini aldı. 15 günün içində türk ordusu 100 kilometr enində cəhbə boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu darmadığın edilmişdi.

30 avqust zəfəri Türkiyənin tarixində və Mustafa Kamalın həyatında yeni bir şərəfli səhifə açdı. Türk xalqı yenilməzliyini sübut etmiş, yeni Türkiyə dövlətinin, cümhuriyyətin ilk təməl daşı qoyulmuşdu. Bir il sonra, 1923-cü ildə Mustafa Kamal Paşa sərhədləri bütöv, müstəqil Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı. 1934-cü il noyabrın 24-də TBMM-nin qərarı ilə ona rəsmən Atatürk soyadı verildi. Onun qurduğu möhtəşəm dövlət gələn il özünün 100-cü ilinə qədəm qoyacaq.

Atatürk və 19 May “kodu”!

Türkiyə Cümhuriyyətinin ilk məhək daşının atıldığı 1919-cu ildə Mustafa Kamal 38 yaşında idi. Böyük öndər ömrünün 19 ilini XIX əsrdə, 19 ilini XX əsrdə yaşamışdı. İrəlidə ona biçilən ömür payının daha 19 ili vardı. Ümumiyyətlə, Mustafa Kamal Paşanın ömür yoluna nəzər salanda 19 rəqəmini diqqətdən qaçırmaq mümkün deyil. ABŞ-ın Portland Universitetinin professoru Əziz İnan Atatürkün həyatındakı tarix və rəqəmləri əsas götürərək, “19 may” kodunu ortaya çıxarıb. İnan 19 May 2011-ci ilin Atatürkün 130-cu doğum günü olduğunu xatırladaraq, bu “kodu” da Atatürkə hədiyyə etdiyini bildirib. O, Atatürkün rəsmi ad günü qəbul edilən 19 May 1881, son doğum günü 19 May 1938 və ölüm günü olan 10 noyabr 1938 tarixlərinin hamısının cümə axşamına düşməsinə diqqət yetirib. Bundan əlavə, Mustafa Kamal Atatürkün adı da 19 hərfdən ibarətdir. O, 19-cu əsrin bitməsinə 19 il qalmış dünyaya gəlib. 19 May 1919-da Samsuna ayaq basaraq, “Qurtuluş Savaşı”nı başladıb. 1881, 1919 və 1938-ci illərin hamısı 19 rəqəmi ilə bağlıdır. Yəni, 1881 = 19 x 99, 1919 = 19 x 101 və 1938 = 19 x 102. Bundan başqa, Atatürkün anadan olmasının 130-cu ildönümü 19.05.2011 tarixinə təsadüf edir. Bu rəqəmlərin də cəmi (1+9+0+5+2+0+1+1) 19 edir. Həmçinin 2011-in tərsi olan 1102 də 19-a bölünür.

Mustafa Kamalın şəxsi həyatı ilə bağlı da bir neçə maraqlı faktları təqdim edirik: Mustafa Kamal Atatürkün çox fərqli zövqü və süfrə mədəniyyəti olub. Səhər yeməyini sevməyən Atatürk axşam yeməyi üçün yuxudan gec oyanardı. Türk qəhvəsi və siqareti normadan artıq istifadə edər, axşam yeməyi zamanı süfrəsində 10 nəfərdən az qonaq olmasını sevməzdi. O inanırdı ki, insanları tanımağın ən yaxşı yolu onlar ilə bir süfrəyə əyləşməkdir. Buna görə də sınamaq istədiyi bir şəxsi süfrədə qarşısında, tərifləmək istədiyi şəxsi isə yanında əyləşdirərdi.

Atatürkün təmizlik və simmetriya ilə bağlı sərt qaydaları mövcud idi. Dolmabaxça sarayında tez-tez tarixi portretləri, evində, qonaq getdiyi yerlərdə belə əyri duran əşyaları düzəldirdi. Onun bu davranışı ömrünün sonuna qədər davam edib. O, qonaq gələn əcnəbi dövlət başçıları, rəsmilər və onların ölkələri, mədəniyyətləri haqda öncədən məlumat toplayarmış. Qeyd olunur ki, əfqan kralının Türkiyə səfəri öncəsində Atatürk bir ay Əfqanıstanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti haqda xüsusi dərs alıb. Həmçinin 1937-ci ildə ziyafət zamanı Türkiyədə səfərdə olan Yaponiya vəliəhdi Takamatsunu yapon mifologiyası və ədəbiyyatı haqda söhbəti ilə çox heyrətləndirib.

İngiltərə kralı Eduardın Türkiyə səfəri zamanı Atatürkün onun şərəfinə verdiyi ziyafətdə bütün xidmətçilər türklərdən ibarət olub. Ziyafət əsnasında servis göstərən türk ofisiant müvazinətini itirərək yıxılır. Atatürk üzünü krala tutaraq, “Mən xalqıma hər şeyi öyrətdim, ancaq başqalarına xidmət etməyi öyrədə bilmədim” – deyib. Atatürk ilə bağlı bilinməyən bir məlumat da onun öz əli ilə yazdığı “Həndəsə” kitabının bu gün də Türkiyə məktəblərində tədris edilməsidir. 44 səhifədən ibarət olan bu kitabda elmi terminlər sadələşdirilib, tədrisin türk dilində aparılması vurğulanıb.

Atatürkün heyvanlara qarşı xüsusi sevgisi olub. Yalovaya getdiyi bir gün qəssabdan 50 lirəyə aldığı və sonradan Foks adlandırdığı itini çox sevərmiş. Foks öldükdə Atatürkdən xəbərsiz onun dərisi soyularaq maket formasında hazırlanaraq Atatürkə təqdim edilib. Atatürk balaca dostunu bu halda görə bilməyəcəyini bildirərək basdırılmasını istəyib. Lakin onun bu arzusu yerinə yetirilməmiş və bu gün də İstiqlaliyyət muzeyində sərgilənir.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə İstanbulda, Dolmabaxça sarayında vəfat edib. Məzarı Ankarada, Anıtqəbirdə yerləşir.