22 Dekabr 2024

15 Oktyabr – Azərbaycan tarixində böyük qələbələr dövrünün başlanğıcı

Bu gün Azərbaycan qələbə qazanmış, 30 il işğalda olan torpaqlarını azad etmiş, vətəndaşlarının arzularının gerçəyə çevrildiyi güclü bir dövlətdir. Lakin bütün bunları heç də birdən-birə, asanlıqla qazanmamışıq. Hər qələbəni haqq etmişik və bu qələbələrin də bir başlanğıc nöqtəsi var- 15 oktyabr.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Mərhum prezident Heydər Əliyev hər zamankı kimi yanılmadı. Xalq da həmişə olduğu kimi onun sözünə əməl etdi və nəticə ortadadır.

Tarixə nəzər salaq:

İlham Heydər oğlu Əliyevin Andiçmə mərasimi, 31 oktyabr 2003-cü il

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Dayanıqlı inkişafı təmin etmiş dövlət siyasəti

İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Eyni zamanda iqtisadi sahədə də xeyli işlər görüldü: ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması üçün nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat sisteminin yenidən qurulması, olimpiya idman komplekslərinin inşası, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi görülən işlərin bir parçası idi.

Bu gün Azərbaycan iri enerji layihələrinin iştirakçısıdır və bu sahədə yeniliklər, daha da böyümək uğurunda addımlayır.

Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz 2003-cü ildən sonra Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İqtisadi inkişafımız ordu quruculuğumuza da müsbət təsir göstərdi və qısa müddətdə ən yeni silah, hərbi texnikalara sahibləndik və…

Arzuların çin, qürurun bərpa olunduğu tarix

Şuşa, 15 yanvar 2021-ci il

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Lakin ən böyük uğur Qarabağın işğaldan azad edilməsi idi. Bununla Azərbaycan xalqının qırılmış qüruru bərpa edildi. Azərbaycanlılar öz əzəli torpaqlarına qayıtmağın sevincini yaşadılar.

Əvvəlcə ondan başlayaq ki, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olub.

Qarabağın bərpası və Böyük Qayıdış strategiyası

İlham Əliyev Qarabağda ilk təməlqoyma mərasimində, 15 yanvar 2021-ci il

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.

İlham Əliyevin gələcəklə bağlı planları da xalqımızda böyük ruh yüksəkliyi yaradır

“Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır” fikirləri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məqsədilə 7 iyul 2021-ci il tarixində imzalanmış Fərman Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsünü müəyyən etdi və bununla da regionun yeni iqtisadi və siyasi reallığı rəsmiləşdirildi. Fərmana əsasən ölkəmizdə yaradılmış 14 yeni iqtisadi rayon sistemli islahatların davamı olaraq dayanıqlı inkişafı təmin edir. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlib.

Sonda onu da bildirək ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılıb. Bugünki işlər də deməyə əsas verir ki, bundan sonra da Azərbaycanı uğur, qələbə, inkişaf gözləyir.

Əli Rais