21 Noyabr 2024

Bərdə kollecində 15 aprel “Ekoloji Bilik Günü” ilə əlaqədar maarifləndirici görüş təşkil olunub

15 aprel “Ekoloji Bilik Günü” ilə əlaqədar olaraq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində ətraf mühitin mühafizəsi sahəsində tələbə gənclərin məlumatlılığını artırmaq, bu sahəyə məsuliyyət hissini aşılamaq məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Çıxışlara başlamazdan öncə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr edilmiş video çarx nümayiş edilib. Video süjetdə “Yaşıl dünya naminə həmrəylik ili” , həmçinin ölkəmizdə keçiriləcək COP 29 barədə geniş məlumatlar əksin tapıb.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru , Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev bildirib ki, uzun illərdən sonra möhtərəm prezidentimizin həyata keçirdiyi uğurlu siyasət sayəsində torpaqlarımız işğaldan azad edilib. İşğaldan sonra torpaqlarımızda ekoloji terrorun həyata keçirilməsinin şahidi olmuşuq. Hazırda ölkə başçısının rəhbərliyi ilə ekoloji sahə prioritet seçilib. O cümlədən işğaldan azad edilən ərazilərdə yaşıl enerji mənbələrinin yaradılması əsas hədəflərdəndir. Prezidentimizin sərəncamı ilə 2024-cü ilin ” Yaşıl dünya naminə həmrəylik ili” elan olunması , COP 29 tədbirlərinə ölkəmizin ev sahibliyi etməsi də məhz bu sahədə görülən işlərə nümunədir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbir zamanı Arantv-nin direktoru Rafiq Hüseynov, Genetik Ehtiyyatlar İnstitu Qarabağ Regional bölgə mərkəzinin direktoru Məhəmməd Şirinov , 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə ASAN xidmət mərkəzinin direktoru İlahə Məmmədova , “Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradlı, “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İB sədri Aydın Zeynalov çıxış ediblər. Fikir və mülahizələrini gənc tələbələrlə bölüşüblər.

Kollec tələbələrinə ekoloji biliklərə yiyələnmənin vacibliyi, ətraf mühitin mühafizəsində cəmiyyətin rolu, sudan səmərəli və qənaətlə istifadə, tullantıların düzgün idarə olunması və s. mövzularda məlumatlar verilib.

Tədbir zamanı uşaqların ifasında rəqs nümunələri təqdim olunub ki, bu da iştirakçıla arasında xoş təəssüratlar yaradıb.

Musa Muradı – Media1.az