23 Dekabr 2024

103 il sonra da Türkiyənin Güney Qafqazda sülh, əmin-amanlıq yaratmaq siyasəti davam edir

Bakının daşnak-bolşevik işğalından azad olunmasından 103 il ötdü. Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

103 il sonra – bu gün də eyni proses gedir. Nə zaman ki, türk hərbiçisi Güney Qafqaza gəlib, burada sülh və əmin-amanlıq yaradılıb, qətliamların qarşısı alınıb, ermənilərin bölücü, dağıdıcı, separatçı fəaliyyətlərinə son qoyulub. Ötən ilin 44 günlük Vətən müharibəsində də buna yenidən şahidlik etdik.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, Türk ordusunun ümumi xisləti budur ki, gəldiyi ərazilərdə hər hansı bir şəkildə başqaları kimi vəhşilik törətmir və orada daha çox barışın qarantiyasına çevrilir:

“103 il əvvəl Nuru Paşanın başçılığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusu da təkcə qardaşlıq yardımına deyil, həm də bölgədə törədilmiş böyük bir vəhşiliyin qarşısını almağa gəlmişdi. Bu vəhşilik bilavasitə bolşevik-erməni bandaları tərəfindən həyata keçirilmişdi, hansı ki, silahlı insanlara qarşı deyil, qoca, uşaq demədən bütövlükdə bütün vətəndaşlara qarşı yönəlmişdi. Ona görə də bu məsələ Azərbaycan tərəfindən yüksək səviyyədə təbliğ olunmalıdır. Təsəvvür edin ki, Türkiyə ordusu Bakıya gəlir və ermənilər yenə də burada yaşamağa davam edirlər. Yəni, sivil ermənilərə toxunulmayıb, yalnız qətliamda iştirak etmiş ermənilər döyüş meydanında cəzalandırılıblar. Beləliklə, bu, bizim üçün böyük, şərəfli tarixdir. Nə yazıq ki, bu tarixi Azərbaycanda hələ də lazımi səviyyədə dəyərləndirə bilməmişik”.

Fazil Mustafa qeyd edib ki, Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük addımlar atılmalıdır:

“Neçə ildir ki, biz bu haqda çağırışlar edirik, amma hələ ki, reaksiya yetərli səviyyədə deyil. Təsəvvür edin ki, Azərbaycanda bizə dəxili olmayan Rixard Zogenin möhtəşəm heykəli qoyulub, amma Azərbaycanı xilas edən Nuru Paşaya dəyər verən olmayıb. Ona görə də, bu kimi məsələlərdə böyük bir ədalətsizlik var. Hesab edirəm ki, Nuru Paşanın adı hərbi məktəblərin  birinə verilsin, eyni zamanda fəaliyyəti məktəblərdə tədris olunsun, abidəsi qoyulsun. Bütün bunlar  böyük qardaşlığımızın simvolu olaraq bu işə töhfə verə bilər. Çünki Azərbaycan qardaşlığının birinci simvolu Nuru Paşa olub.

Həmçinin Nuru Paşa ilə yanaşı gələn və onun ağıl hocası, siyasi müşaviri Əhməd bəy Ağaoğlunun xatirəsi lazımi səviyyədə əbədiləşdirilməyib. Əhməd bəy Ağaoğlu Şuşada doğulub, orada böyüyüb, ilk dəfə erməniləri əzən, onları məğlub edən “Difahi” təşkilatının başında durub və sairə. Bu baxımdan hesab edirəm ki, Şuşanın ən gözəl yerində ona məqbərə ucaldılmalı, heykəl qoyulmalıdır. Təsəvvür edirəm ki, ermənilər onun abidəsinə, ruhuna olan sayğını görəndə hansı hisləri keçirəcəklər”.

Türkiyədə yaşayan azərbaycanlı politoloq və professor Toğrul İsmayıl da mövzu ilə bağlı fikrini bildirib. Professor söyləyib ki, 103 il əvvəl Azərbaycan ərazilərinin işğal edilməsi, Rusiyanın öz  etnik, işğalçı siyasətini yeritməsi, Bakının və Azərbaycanın digər bölgələrində türksüzləşdirmə siyasətinin aparılması, xüsusən də Bakıda, Şamaxıda və digər bölgələrdə yaşayan türk-müsəlman əhaliyə qarşı törədilən qətliamlar, soyqırımlar, cinayətlər tarixin yaddaşına həkk olunub:

“Bakının qurtuluşu Qafqaz İslam Ordusunun dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünün tamamlanmasının pik nöqtəsidir. Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini 1918-ci il 28 mayda Tiflisdə elan etmişdi. Bunun da öz səbəbləri var idi. Əsas səbəblərdən biri ondan ibarət idi ki, Azərbaycanın demək olar ki, bütün əraziləri işğal altında idi. Lakin Batumi görüşlərindən sonra Qafqaz İslam Ordusu quruldu və Azərbaycana böyük dəstək oldu. 

Bəzən deyirlər ki, tarix təkrarlardan ibarətdir. Bu, həqiqətdir. Müşahidə edirik ki, indi də eyni siyasət baş verir, yəni, imperialist ruh, işğalçı siyasəti davam edir. Azərbaycan öz müstəqilliyini elan etməsi ərəfəsində azərbaycanlıların müstəqillik, azadlıq əzmini qırmaq, yox etmək üçün bu güclər ermənilərdən bir vasitə kimi istifadə edərək, Qarabağda Xocalı soyqırımı, dəhşətli cinayətlər törətməyə başladılar. Nəticədə həm daxildən, həm də xaricdən təxribatlarla üz-üzə qalan Azərbaycanın  əraziləri işğal edildi və bu işğalçılıq dönəmi uzun müddət davam etdi. Nəhayət ki, ötən il  zəfərlə nəticələnən Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğalçılardan təmizlədi. Bu, çox önəmli bir hadisədir və yaxın  zamanda bölgədə Ermənistanla sülh anlaşması imzalanacağı, bununla da məsələnin birdəfəlik tamamlanacağı gözlənilir. Doğrudur, bəziləri bu sülh anlaşmasının olmaya biləcəyini də ehtimal edir. Əlbəttə ki, hər şey ola bilər. Lakin unutmaq olmaz ki, Azərbaycan əvvəlki kimi deyil, güclü orduya, milli məsələlərdə birlik nümayiş etdirə bilən cəmiyyətə sahib bir dövlətdir. Həmçinin bu gün yürüdülən doğru siyasət nəticəsində Azərbaycanla Türkiyə arasında ciddi şəkildə bir müttəfiq anlaşmaları, müqavilələr var. Bundan faydalanaraq Azərbaycan və Türkiyə bölgədəki vəziyyəti artıq öz xeyrinə çevirmiş haldadır. Cəbhədə proseslər bitmiş sayılsa da diplomatik sahədə mübarizə davam edir. İnanıram ki, bu gün Azərbaycan var olan müstəqilliyini daimi, əbədi qoruya biləcək və dövlətini daha da gücləndirəcək. Bunun üçün güclü olmaq, doğru siyasət yürütmək, ən önəmlisi isə, Azərbaycan-Türkiyə arasındakı  müttəfiqliyi daha da gücləndirmək vacibdir”.

Azərbaycan “Türk ocağı”nın sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 103 il əvvəl Azərbaycanda baş verən siyasi proseslərə toxunub:

“Xalq Cümhuriyyəti qurulanda onun imkanları çox məhdud idi. Həmçinin milli qüvvələrimizin sayı da o qədər geniş deyildi, yalnız könüllülərə arxalana bilərdik. Onların da silah-sursatı az idi və həmin silahlardan istifadə qaydalarını yetərincə bilmirdilər. Ona görə də Rusiya hər zaman bölgədə süni dövlət yaratdığı ermənilərə arxalanırdı və məhz erməni-bolşevik koalisiya şəklində bölgədə fəaliyyət göstərirdi. Bunun qarşısını 103 il əvvəl Qafqaz İslam ordusu aldı və Xalq Cümhuriyyəti rəhbərlərinin dəvəti ilə ölkəyə peşəkar türk hərbiçiləri, zabitləri gəldi. Onlar həm də Gəncədən başlayaraq bir sıra yerlərdə hərbi tədris müəssisələri yaratdılar. Bizim ilk peşəkar hərbi kadrlarımız məhz həmin müəssisələrdə yetişdi.

Türkiyə həqiqətən də Cənubi Qafqazda sülhə, əmin-amanlığa xidmət edib və bunu tarix də sübut edib. Əgər Türkiyə Qafqaza gəlməsəydi, ermənilər Gürcüstanda da soyqırımlar törədə bilərdi. Məlum olduğu kimi, 1918-ci ilin sonlarında erməni daşnakları Gürcüstana da qarşı ərazi iddiaları ilə çıxış edib, orada böyük bir toqquşmalar törədib, nəticədə bir neçə günlük müharibə də baş verib. Yəni, ermənilər həmişə bölgədə sülhə maneə törədiblər və onun qarşısını alacaq güc yalnız Türkiyə olub. Ümumiyyətlə, Türkiyə hər zaman Cənubi Qafqazın müstəqil dövlətlər halında yaşaması üçün çalışıb və onun siyasəti də məhz bunun üzərində qurulub.

Qars müqaviləsi imzalananda Rusiya istəyirdi ki, bu müqavilə yalnız Rusiya-Türkiyə arasında bağlanılsın və orada nə Azərbaycan, Gürcüstan, nə də Ermənistan iştirak etsin. Lakin Türkiyənin  israrı və apardığı diplomatik danışıqlar nəticəsində hər bir üç dövlət ayrı-ayrılıqda o müqavilədə imza sahibi oldular. Bütün bunlar onun göstəricisidir ki, Türkiyə bölgədə hər zaman sülhün tərəfdarı kimi çıxış edib.

103 il əvvəl Qafqaz İslam Ordusunun bir qolu Qarabağ hərəkatı idi. 15 sentyabrda Bakı qurtulduqdan sonra hazırlıqlar aparıldı və oktyabrın 1-2-də artıq Qarabağ işğaldan azad olundu. Çünki Şuşa mühasirədə idi. Həmin vaxt Şuşada, Zəngəzurda baş verən qətliamların qarşısını almaq üçün orada hərbi əməliyyatlar keçirildi və Andranikin ordusu darmadağın oldu, özü isə İrana qaçdı. Andranikin özü də etiraf etdi ki, bizim gücümüz yoxdur. Bununla bağlı sənədlər də var.

102 ildən sonra da biz bu prosesləri gördük. Bir il bundan əvvəl bölgədə sülh yox, hər an təhlükə var idi. Azərbaycanın əraziləri hələ də işğal altında idi və beynəlxalq təşkilatlar da bölgədə təsir gücünü itirmişdi, Ermənistan da dolayı yollarla dəstəklənirdi. Yenə də Türkiyənin siyasəti, mənəvi dəstəyi ilə bölgədə tarazlıq, ədalətin bərpası baş verdi. Yəni, hər zaman, hər vaxt biz Türkiyəni bu şəkildə görmüşük. 1 əsr əvvəl də, indi də Türkiyə Azərbaycana öz dəstəyini göstərir”.

Akif Aşırlı da qeyd etdi ki, Azərbaycanda Nuru Paşanın və Əhməd bəy Ağaoğlunun abidəsi əbədiləşdirilməlidir:

“Şuşa azad olunduqdan sonra orada Əhməd bəy Ağaoğlunun  abidəsinin əbədiləşdirilməsi ilə bağlı çox sayda rəsmi səviyyədə təkliflərlə çıxış etmişik. Qeyd edim ki, Şuşada Əhməd bəy Ağaoğlunun yaşadığı ev var idi, lakin artıq ora dağıdılıb. Hesab edirəm ki, həmin evi yenidən tikmək lazımdır və onun tikintisini “Türk ocağı” öz boynuna götürmüşdü. Lakin çox təəssüf ki, hələlik reaksiya yoxdur. Amma bu Əhməd bəy Ağaoğlunun haqqıdır. Çünki Əhməd bəy Ağaoğlu zamanında Şuşada ermənilərin törətdiyi qırğınların qarşısını almaq üçün siyasi mübarizə apardı, “Difah”ı yaratdı. Türkiyə Ordusunun Azərbaycana gəlməsində iştirakçı olub və Nuru Paşanın siyasi müşaviri kimi fəaliyyət göstərib. Onun digər mühüm siyasi işləri də olub. Hesab edirəm ki, Şuşada Əhməd bəyin həm heykəli, həm də adına kitabxana və  yaxud irsinin araşdırma mərkəzi olsun. Təsəvvür edin ki, Əhməd bəy Ağaoğlunu fransız, Qərb, Avropa alimləri tədqiq edir, bizdə isə bu məsələyə diqqət edilmir. Həmçinin Bakıda Nuru Paşanın heykəlinin qoyulması da vacibdir və bu, onun haqqıdır”.

Xalidə Gəray
“Yeni Müsavat”