Əsir generallar, Stalinin həlledici əmri, Xruşovun əks mövqeyi, Jukovun izahatı – Müharibə faciələri
Bütün müharibələrdə və müharibədən sonrakı dövrlərdə hərbi əsirlərin məsələsi tərəflər üçün əsas müzakirə mövzularından biri olub. O cümlədən sovet-alman müharibəsi zamanı da SSRİ-də bu məsələ ciddi araşdırılıb, lazımi tədbirlərin həyata keçirilməsi üçün İosif Stalin tərəfindən müvafiq əmr, qərar və sərəncamlar verilib.
Bütövlükdə II dünya müharibəsi zamanı SSRİ tərəfindən 5 milyon 740 min nəfər hərbçi almanlara əsir düşüb. Onlardan təxminən 1 milyona yaxını əsir düşərgələrində saxlanılıb. Almanların statistikasına görə, müharibə ərəfəsində 2 milyondan artıq sovet əsiri müxtəlif səbəblərdən ölüblər. 818 min nəfər nasistlərlə əməkdaşlığa razılıq verib. Əsirlərdən 473 min nəfəri Almaniya və Polşada olan düşərgələrdə işgəncə və güllələnmə ilə məhv edilib. 67 min nəfər sovet hərbçisi əsirlikdən qaçmağa nail olub.
Müharibə dövründə SSRİ üçün ən narahat məqamlardan biri generalların əsir düşməsi sayılıb. İosif Stalini və ümumilikdə Dövlət Müdafiə Komitəsini narahat edən məsələ generalların almanlara satılması, onlarla əməkdaşlığa razılıq verməsi olub.
2020-ci ilin son araşdırmalarına görə, sovet-alman müharibəsi zamanı 80 general almanlara əsir düşüb. Bəzi tarixçilərin qənaətlərinə görə, əsir düşən generallar SSRİ-yə qayıtdıqdan sonra, yaxud da yaşadıqları xarici dövlətlərdə Stalinin göstərişi ilə öldürülüb. Amma rəsmi statistikada bu cür faktlar özünü doğrultmayıb.
Əsir düşmüş 80 generaldan üçünün taleyi bu günə qədər də məlum deyil. Generallardan altı nəfəri əsir düşərgələrindən qaçmağa müvəffəq olub. 27 əsir general düşərglərdə ölüb.
Əsir düşən generallardan 22 nəfəri müharibə ərəfəsində və müharibədən sonrakı illərdə yenidən xidmətlərini davam etdiriblər və onların bütün hüquqları bərpa olunub.
22 nəfər əsir general isə SSRİ Hərbi Kollegiyasının qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər. Onlardan 5 nəfəri asılmaqla edam edilib, 13 nəfəri güllələnib, 2 nəfəri həbsxanada ölüb, 2 nəfəri isə cəzalarını başa vurduqdan sonra SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət edərək bəraət alıblar.
Faktlardan göründüyü kimi, Stalinin əsir düşmüş 80 general haqqında ümumi heç bir qərarı, yaxud da şifahi göstərişi olmayıb. Yalnız 22 nəfər sovet qanunlarına uyğyn olaraq cəzalandırılıb.
16 avqust 1941 ci ildə Dövlət Müdafiə Komitəsinin 270 nömrəli əmri çıxıb. “Əsir düşmək və silahların təhvil verilməsi ilə bağlı hərbi qulluqçqların məsuliyyəti” başlıqlı əmri İosif Stalin, Vyaçeslav Molotov, Semyon Budyonnı, Kliment Voroşilov, Semyon Timoşenko, Boris Şapoşnikov və Georgi Jukov imzalayıblar.
Əmrə əsasən komandirlərin sona qədər döyüşməsi onların vəzifə borcu sayılıb və düşmənə əsir düşmək qadağan edilib. Daha sonra qeyd olunub ki, əsir düşən komandirlər fərari sayılaraq heç bir məhkəmə olmadan yerində güllənməyə məhkumdurlar.
Stalinin vəfatından sonra bir sıra yüksək rütbəli hərbçilər 270 nömrəli əmr haqqında tənqidi fikirlər söyləyiblər. Onlar belə bir əmri Silahlı Qüvvələrin bütün komandirlərinə və bütün döyüş bölgələrinə tətbiq edilməsini düzgün saymayıblar və belə əsaslandırıblar ki, müharibə dövründə döyüş şəraiti istənilən anda dəyişə bilər, kəşfiyyatın qeyri-dəqiq məlumatı, yaxud da digər səbəblərdən bütöv bir hərbi hissə mühasirəyə düşə və əsir götürülə bilər.
Bu haqda tənqidi fikirləri daha çox Nikita Xruşovun tərəfdarı olan və onun komandasında təmsil olunan yüksək vəzifəli hərbçilər söyləyiblər. Xruşov isə onları böyük həvəslə dəstəkləyərək münasibətini belə bildirib:
“Əlbəttə, yalnız Stalin belə bir əmr verə bilərdi. Döyüş taktikasından xəbəri olmayan, bir dəfə də olsun ayağı cəbhə bölgəsinə dəyməyən marşaldan daha nə gözləmək olardı. Biz bu məsələni dəfələrlə qaldırmışdıq. Çünki biz cəbhədəydik, real vəziyyəti bilirdik. O isə öz dediyindən dönmürdü…”
270 nömrəli əmrə imza atanlardan biri Georgi Jukov isə bu tənqidləri çox ağır qəbul edib. O, 1956-cı ildə Mərkəzi Komitənin güniş tərkibli iclasında sözügedən məsələyə sərt və ciddi münasibət bildirib:
“Dəfələrlə 270 nömrəli əmr haqqında fikirlər söylənilir, tənqid olunur. Əsas səbəb isə o göstərilir ki, əmri imzalayan Stalin hərbi sahədə qeyri-peşəkar olub. Amma siz də yaxşı bilirsiniz ki, bu əmri təkcə Stalin imzalamayıb. Bir daha bəyan edirəm, həmin əmri imzalayanlardan biri də mən olmuşam. Həmin əmr imzalanmasaydı fərari komandirlərin sayı-hesabı olmayacaqdı və biz məğlubiyyətə doğru gedəcəkdik. Bəli, məhz həmin əmrin hesabına indi siz Kremldəki kabinetlərinizdə qalib ölkənin məmurları kimi rahat əyləşirsiniz…”
Marşalın bu fikirləri əmr haqda tənqidlərə son qoysa da, sonralar, Jukov vəzifədən uzaqlaşdırıldıqda bu məsələ yenidən bir neçə dəfə gündəmə gəlib.
İlham Cəmiloğlu, Musavat.com