23 Dekabr 2024

Zəlzələdə həlak olan daha bir vətəndaşımızın nəşi Azərbaycana gətirilir – FOTO

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan daha bir vətəndaşımızın cənazəsi Azərbaycana gətirilir”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının nəşi bu gün günorta saatlarında ölkəyə gətiriləcək. 

A.Hacızadə əlavə edib ki, bu gün zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyə edilməsi gözlənilmir.

Qeyd edək ki, XİN-in yaydığı son məlumata görə, Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb və nəşləri ölkəyə gətirilib.