23 Dekabr 2024

Zəfər yolunda gənclərin əzmi

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının birlik və mübarizə əzminin nəticəsidir. Yaşından , sosial statusundan, vəzifəsindən, etnik qrupundan və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu haqq savaşında ali baş komandan İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə öz töhfələrini verdi. Zəfərimizin əldə olunmasında əsas məsuliyyət və ağırlıq isə Azərbaycan gəncinin üzərinə düşdü. Ümumiyyətlə Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır.

Ölkəmizdə Dövlət Gənclər Siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Dövlət Gənclər Siyasəti qəbul edildiyi zamandan bugünlərədək respublikamızda gəncliyin inkişaf yoluna öz töhfəsini vermiş, onun dövlət quruculuğu və idarəçiliyində, həmçinin cəmiyyətin bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin etmişdir. Təbii bir siyasi proses kimi bütün bu addımların nəticəsində Azərbaycan gəncliyi 44 günlük zəfər tariximizdə böyük məsuliyyətlə çalışaraq öz əzmini ortaya qoymuş və müqəddəs qələbədə vətənpərvərlik borclarını layiqincə yerinə yetirmişdir.

Görülən işlərdə bütün ölkə gənclərinin rolu olmuşdur. Yaşadığımız bölgənin cəbhəyə yaxınlığı isə Bərdə gəncləri olaraq bizim məsuliyyətimizi daha çox artırırdı.

Vətən müharibəsi dövründə Bərdə gəncləri ön cəbhə ilə bərabər arxa cəbhədə fəal şəkildə iştirak etdilər.

Cəbhə xəttindən təhlükəsizlik məqsədilə təxliyə edilmiş mülki vətəndaşlarımızın rayonumuza yerləşdirilməsi və təminatlarının qarşılanması məqsədilə aidiyyatı orqanlara fiziki dəstəyin göstərilməsində , cəbhədə döyüşən və erməni terrorizmi nəticəsindən əziyyət çəkən mülki yaralılarımıza kömək məqsədilə qanvermə aksiyasının təşkil olunmasında , Twitter, Facebook və bəzi sosial  şəbəkələrdə aparılan informasiya savaşında Qarabağ həqiqətlərinin və erməni təxribatlarının dünya mediasına çatdırılmasında , həmçinin əhalinin maarifləndirilməsində, cəmiyyət arasında vətənpərvərlik və vətəndaşlıq münasibətlərinin daim yüksək tutulmasında gənclər və idmançılar könüllülük prinsipi əsasında yaxından iştirak etdilər.

Həm bir gənc kimi , həm də gənclərlə iş sahəsində çalışan məsul şəxs kimi inanıram ki, gələcək dövrlər ərzində istər dövlətçilik ənənələrin qorunmasında, yaşadılmasında, istərsədə işğaldan azad olunan Qarabağa qayıdış yolunda gənclərimiz daha səylə çalışacaqlar.

Yaşasın gəncləri ətrafında sıx birləşdirən Ali baş komandan ! Yaşasın Azərbaycan gəncliyi !

Hikmət Ələkbərov, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi