ZƏFƏR ŞAHİDLƏRİYİK BİZ!
![](https://media1.az/wp-content/uploads/2021/10/45522769-aead-4f6e-aeb4-e2cb36d9b15d.jpg)
Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək, hərbi forma geyinmək deyil.Vətənə sadiq olmaq, vətənini sevmək, torpağa bağlı olmaq, bir sözlə vətəndaşlıq borcundan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməkdir vətənpərvərlik. Düşünürəm ki, Azərbacan xalqı, ələlxüsus da gəncliyimiz yetəri qədər vətənpərvər ruhdadırlar. Məhz elə vətənpərvər olaraq doğulmuşlar. Biz bu nümunələrə vətən müharibəsi dövründə aydın şəkildə şahidlik etdik. Böyükdən kiçiyə hər kəs qələbəyə gedən yolda birlik və əzm nümayiş etdirdilər. İstər ön cəbhə olsun, istər arxa cəbhə olsun gənclər əlindən gələni etdi. Bu dövrlərdə informasiya savaşında da gənclərin əməyi danılmazdır. Sosial şəbəkələr üzərindən dezinformasiya yayan, ölkəmizə qarşı anti-təbliğat meyilli qüvvələrin susdurulmasında və həqiqətlərin ortaya çıxarılmasında, ideoloji müharibədə gənclər böyük rol oynadılar.
30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması,əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan gəncliyi vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini , müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibdə vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların əksəriyyətini məhz gənclər təşkil etdi.
Cənab Prezidentimizin sərəncamı ilə vətən torpağı uğrunda canından, qanından keçən Şəhidlərimizin ruhunu uca tutmaq məqsədi ilə 27 sentyabr Anım Günü kimi qeyd olunub. Bu gün bütöv Azərbaycan xalqının yaddaşında tarixi bir gündür. Bu gün milli kimliyimizi, mənliyimizi bərpa etdiyimiz gündür. Bu gün artıq heç bir sülhə, danışıqlıqlara gəlməyən düşmənə qarşı dəmir yumruğumuzu sıxdığımız bir günün, zəfərə gedən yolun ilk başlanğıc günüdür, milli qürur günümüzdür. Bu gün həm kədərliyik, həm də qürurluyuq. Ona görə kədərliyik ki, kaş şəhidlərimiz də bu günləri görəydi. Hər kəs bu dünyaya hansısa bir missiya üçün gəlir. Yəqin şəhidlərimizin də missiyası bu günləri görmək deyil, bu günlərə səbəbkar olmaq idi. Şəhidlik sənə verilən ömrü, səndən sonra gələn nəsillərin xoşbəxtliyi uğrunda fəda etməkdir.
Çox sevdiyim bir şeirdə deyilirdi ki:
Hər kəs öz əcəli ilə ölür
Şəhidlər hamının əcəli ilə
Əcəlimizi əlimizdən alan, bu ali şəxslərin qarşısında baş əyirik. Hamımız borcluyuq, hamınıza borcluyuq.
30 illik alnımızın ləkəsini təmizləyən, 30 illik vətən həsrətinə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, Azərbaycanın əbədi və əzəli torpaqlarını xalqımıza həmişəlik olaraq geri qaytaran, bu şanlı zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan ordusuna minnətdarıq.
Bu gündən sonra xalqımıza yalnız zəfər günləri qismət olsun, bizə ancaq zəfər yaraşır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın. Artıq onun qarşısında bir qarış torpağı belə düşmən tapdağında qoymayan güclü ordu, dəmir yumruq kimi xalq var! Bu gün ölkəsini sevən, vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmağa hər an hazırdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru: Şəmsiyyə Abbaszadə