09 Dekabr 2022

Zəfər qürurlu Peşə bayramı!

Hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsi qəbul edildiyindən Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə  22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.

Ədliyyə işçiləri indi bu bayramı xüsusilə əlamətdar olmaqla böyük fəxarət hissi ilə keçirirlər.Noyabr ayında keçirilən zəfər bayramının ardınca ədliyyə işçilərinin peşə bayramının qeyd olunması xüsusi bayram əhvali ruhiyyəsi yaradır. Möhtərəm prezidentimiz , müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən yaddaqalan,əlamətdar hadisəsinin şahidi olub. Zəfər günü uzun illərdən sonra işğal altında olan torpaqlarımızın azad olunması ,düşmənin məğlub edilərək qovulması, milli qürurumuzun dirçəlməsi fonunda olduqca   əlamətdar hadisədir. Və bu qələbənin əldə olunmasında Möhtərəm prezidentimizin gərgin əməyi , uzun illər davamlı olaraq aparılan daxili və xarici siyasət, ordu quruculuğunun uğurla həyata keçirilməsi dayanır.

Azərbaycan tarixində xalqımızın fərəhli günləri heç də az deyil. Ümummilli liderin memarı olduğu dövlətimizin xeyli sayda əlamətdar günləri var. Qurtuluş günü, Bayraq günü, Ordu günü, Konistitusiya günü- hər biri qürur və ləyaqət günü kimi qeyd olunmağa layiqdir. Ümummilli liderimizin qurub-yaratdığı, fəlakətlərdən qurtardığı Azərbaycan dövlətinin ədliyyə günü də bu bayramların içərisində az əhəmiyyət daşımır.

Ədliyyə sistemi dövlətin ən vacib strateji əhəmiyyətli sahəsini təşkil edir. Təməl prinsipləri ədalətin təmin olunması vəzifəsini Azərbaycan Respublikasının Ədliyyə nazirliyi həyata keçirdiyindən, şərəfli və məsuliyyətli peşənin gününü bayram etmək ədliyyə işçilərinin ürəyincədir. Ədalət və Zəfər.Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır. İndi Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir.

Müstəqillik yolunda addımlayan xalqımız çətin və keşməkeşli günlər görüb. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay hökm sürəndən sonra yadelli işğalına məruz qaldı. Azadlıq uğrunda minlərlə vətənpərvər oğulumuz,qızımız qanlı ,qan rənginə boyanmış Sovet imperiyasının ölüm maşınının qurbanına çevrildi. Sovet imperiyasının represiya qurbanları sürgünlərə məruz qaldı, on minlərlə soydaşımız sürgünlərdə həyatını itirdi.Sovet dövlətinə hökm verən  erməni cəlladlarının əmri ilə xalqımızın sayseçmə oğulları güllələnərək məhv edildi.Uzun illər dəmir barmaqlıqlar arxasında qalan Azərbaycan daim azadlığın düşünür, azad günün gələcəyi günü daim xəyal edirdi. Ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət olaraq Sovet dövlətinin böyük vəzifələrində olarkən fəaliyyətinin əsas hissəsini Azərbaycanı gələcək günlərə hazırlayırdı. Bunun üçün iqtisadi, hərbi baxımdan ölkəmizdə ciddi əsaslar formalşdırılırdı. 1988-ci ildən başlayan azadlıq mübarizəsi xalqın oyanan ruhu sayəsində yenidən Azərbaycan dövlətçiliyinin bərpasına gətirib çıxardı.  

Heç vaxt unudulmur ki, müstəqilliyimizin bərpasının ilk dövründə səriştəsiz idarəçilik, anarxiya və hərc-mərcliyin hökm sürməsi ölkəmizi vətəndaş müharibəsi astanasına gətirmiş, erməni hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, yenicə əldə edilmiş müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.

Belə bir ağır şəraitdə xalqın təkidli tələbilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz etməsi daim böyük ehtiramla xatırlanır.

Məhz Dahi Öndərin misilsiz dövlət idarəçiliyi məharəti nəticəsində ölkəmizdə qanunçuluq, ictimai-siyasi sabitlik bərqərar olunub, neft strategiyasının təməli qoyularaq “Əsrin müqaviləsi” imzalanıb, demokratik hüquqi dövlət quruculuğuna başlanaraq, ictimai həyatın bütün sahələrində, o cümlədən hüquqi sahədə köklü islahatlar aparılıb.

Ümummilli Lider müstəqil və sabit inkişaf edən Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib – milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib.

2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi.

Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq”.

44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var.

Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qəhrəmanlığı bütün dünyanı heyrətə salıb. Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir.

Vətən müharibəsində əldə olunan qələbənin əsl səbəbi ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Möhtərəm prezidentimizdə olan bu xüsusiyyətlər 44 günlük vətən müharibəsində xalqımızın qələbəsini təmin etmiş oldu. Bu gün də  Prezident İlham Əliyevin ağlı, müdrik siyasəti sayəsində qlobal güclərin toqquşmasına baxmayaraq Azərbaycanın müstəqil siyasət aparmaq bacarığı var. Azərbaycan Rusiya kimi qüdrətli bir dövlətlə münasibətləri normal macərada davam etdirməyi bacarır. Eyni zamanda Ukraynaya humanitar yardımlar çatdırır.Bununla da prezident İlham Əliyev əsl müstəqil dövlət başçısı kimi iradəsini ortaya qoymuş olur. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.

 Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dünyanın diqqətinə çatdırılmasında daim Ədliyyə nazirliyi davamlı olaraq tədbirlər həyata keçirib. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir.

Belə ki, tərəfimizdən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanmış, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunmuş, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanmışdır.

Həmçinin, Avropa Şurası ədliyyə nazirlərinin konfransında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılmışdır. Bütün bunlara rəğmən söyləmək olar ki, ədliyyə nazirliyi də özünün missiyasına uyğun olaraq daim ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında, Azərbaycanın haqlı davasında ədalətin  əldə olunmasına nail olmaq üçün yorulmadan çalışıb.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır, mədəniyyət paytaxtımız Şuşada yenidən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilir, Vətən müharibəsində qələbəmizin sevinci yaşanır. Və bu günlərin şahidi olmaq biz ədliyyə işçiləri üçün də qürurludur.

Ədliyyə sisteminin inkişafına dövlət həmişə diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair Sərəncamları çoxmilli ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin gündən-günə Azərbaycanı yeni qələbələrə aparması 104 illik yubleyini qeyd edən ədliyyə orqanları işçiləri yüksək qiymətləndirir. Bu gün Azərbaycanda müşahidə olunan inkişaf meyilləri ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Möhtərəm nazirimiz  Fikrət Məmmədovun rəhbərliyi ilə hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını aparır. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə işi aparır.

Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezident cənab İlham Əliyevə  sonsuz minnətdarlıq və ehtiram hissi keçirir, Müzəffər Ali Baş Komandanımızı qarşıdan gələn yubileyi münasibətilə təbrik etməkdən şərəf duyurlar. Qəti əminik ki, düşmənə endirilən “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.

Nəriman İsmayılov- Bərdə Qeydiyyat İdarəsinin rəisi, I dərəcəli Ədliyyə qulluqçusu