22 Dekabr 2024

Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb

Prezident İlham Əliyev cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı bildirdi ki, Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan bütün təşəbbüsləri boğurdular.

Cənab Prezident onu da qeyd etdi ki, iki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. – İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük.

Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi.

Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərlə bilinmir nədən danışmağa davam edəcəkdik. Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Münaqişə həll olunub. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi