22 Noyabr 2024

Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsini seçdi

6-cı çağırış Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Məhərrəm oğlu Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb.

Musavat.com ətraflı məlumatı təqdim edir:

“Ulu Qarabağın ayrılmaz parçası olan, 100 mindən artıq məcburi köçkünü son 33 ildə qoynuna alan Bərdə rayonunun təmsilçisi adını hər zaman qürurla daşımağa çalışdıq, qədirbilən bərdəlilərə özümüzü borclu saydıq”,-deyən Z. Oruc vurğulayıb ki, Vətən müharibəsində Qələbəyə gələn şərəfli yolu Ali Baş Komandanın rəhbərliyi altında birgə keçərkən bütün bölgələr kimi, Bərdənin də həyatında köklü dəyişikliklər baş verdi.

İşğal illərində düşmən qüvvələrə səngər olan, ölkəmizin qaçqın və köçkün əhalisinin, çadır şəhərlərinin ən çox yerləşdiyi qədim Bərdədə dövlətimiz tərəfindən tarixi quruculuq işləri həyata keçirildi, müasir qəsəbələr inşa olundu, 100-lərlə kəndin mavi yanacaq, su təchizatı, məktəblərin tikintisi və yolların çəkilişi gerçəkləşdirildi. Doğrudur, hər bir bölgənin özünəməxsus problem və qayğıları indi də mövcuddur, lakin Bərdə nəinki otuz il, hətta on il əvvəlki məkan deyil və bu inkaredilməzdir.

İndi namizəd kimi Xətai rayonunu seçərkən, həm fəaliyyətimizin aparıcı sahəsinə çevrilən-tədqiqatçılıq təcrübəmizlə, həm də, ötən seçkilər zamanı yaxından tanımaq imkanı qazandığımız ərazinin xüsusiyyətləri, o cümlədən, Vətən Müharibəsində əbədi borclu olduğumuz şəhidləri, Milli Qəhrəmanları, fədakar veteranları ilə fəxr edən sadə və bütöv vətəndaşların, dəyərli ziyalıların və dövlətçilik mövqeyində olan qüvvələrin dəstəyinə arxalandıq və buna güvənirik.

Tam suverenliyimizin təmin olduğu şəraitdə Xətainin adını daşıyan rayonumuzda keçirilən ilk Parlament seçkiləri tariximizlə də səsləşir. 120 yaşlı inzibati-ərazi vahidinin-həm ən böyük sərvətimiz olan insan potensialı, həm də, güclü sənaye infrastrukturu mövcuddur, mühüm kommunikasiya qovşaqları var. Ölkəmizdə Zəfər tarixinin ilk prezident seçkiləri ilə başlayan cari 2024-cü ilin ikinci yarısında keçiriləcək seçkilərlə bütün hakimiyyət institutlarının formalaşması Qarabağın 30 ildən artıq işğalına tam son verildiyi dövrün ən böyük siyasi hadisəsidir. Sovetlərin dağılmasından sonra Azərbaycanda siyasi proseslərin təməl mövzusunu Qarabağ təşkil edib. Müxtəlif qüvvələrin ümumilli problemin həlli şüarları ilə siyasi səhnəyə gəlməsi və getməsi də- torpaqların azad edilməsi faktoru ilə müəyyənləşib. “Bu seçki kampaniyası əvvəlkilərdən nə ilə fərqlənir?”-sualına ən böyük cavab 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük günüdür. Prezident İlham Əliyev-“Qələbəmizin nəhəng geosiyasi arxitekturada “böyük layları tərpətməsi”, nəinki ölkəmizdə, eləcə də, regionda və dünyada tamamilə yeni reallıqların yaranmasına, mövcud dünya nizamının laxlamasına təkan verməsini xüsusi qeyd edib.

Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq.

14 fevral tarixində inaqurasiya mərasimində dövlət başçısının Yeni Tarixi Mərhələnin bəyanı -erkən parlament seçkilərinin izahında əsaslı arqumentdir. Azərbaycan məğlub ölkə əsrindən-Qalib ölkə Yüz ilinə qədəm qoyub. Müstəqillik tariximizin ən ağır: “Zəfərə qədərki” dövrü sona çatıb, “Zəfərdən sonrakı”-qalibiyyət tarixi yazılır.

2024-cü ilin Parlamenti Qarabağın azadlığından sonrakı dövrün bütün partiyaları, hərəkatları və namizədləri Yeni Siyasi Gündəliyin formalaşdırılmasında maraqlı olmalıdır. Elə bir Parlamentin seçilməsi zərurətə çevrilib ki, ideoloji dayaqları Ulu Öndər ideallarına söykənərək, bütün siyasi baxış və görüşləri özündə birləşdirsin, hakimiyyət orqanları arasında çevik balanlaşdırma yaratsın, xalqla kommunikasiya platformasına çevrilsin və məhz bu milli birliklə ölkəmizə qarşı gözlənilən xarici hücumlara qarşı siyasi sipər olsun.

Fəal seçki kampaniyası aparacağına və qalib vətəndaşları təmsil edəcəyinə inanan Zahid Oruc sənədlərini rəsmən Dairə Seçki Komissiyasına təqdim edib. Xatırladaq ki, həmin dairə üzrə hazırda namizədlərin sayı 11 nəfərdir”.