23 Dekabr 2024

Yüksək beynəlxalq etimadın rəmzi

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verdi. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir.

Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir.

Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Azərbaycanın qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir. Əlbəttə, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəlirik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

Şəmsiyyə Abbaszadə – Bərdə Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi