Yevlaxda “Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti görüş şəhər 2№-li tam orta məktəbdə baş tutub – FOTO
06 Oktyabr 2021
YAP Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihənin 2-ci günü şəhər 2 №-li tam orta məktəbdə 7-11-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.
“Newpost.az” xəbər verir ki, tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun illərlə davam edən erməni mifologiyasını dağıdıb, bütün Ermənistanı kapituliyasiyaya uğratmasından danışdı.
Sonra şəhər 2№-li tam orta məktəbin direktoru Sədaqət Şükürova çıxışında güclü Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsinin əhəmiyyətindən söhbət açaraq bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixdə misli görünməyən qələbəyə nail olub. Tədbir zamanı YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Layihənin 2-ci günü üçün məruzəçisi YAP Yevlax rayon təşkilatının Baş məsləhətçisi Tural İsmayılovun təqdimatında müasir Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycanı bugün də uğurlu inkişafa aparan strategiyasından və cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələr üzrə davam etdirilən müdrik daxili və xarici siyasətin nəticəsində qazanılan uğurlar və bütün bunların bariz nümunəsi olaraq Vətən müharibəsində əldə edilən parlaq Qələbədən bəhs edən geniş məruzə təqdim edildi.
Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçları ilə intellektual oyun keçirilmiş, 1-ci yerə layiq görülən 10-cu sinif şagirdi İlqar Ağayev YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 9-cu sinif şagirdi Xədicə Məmmədli və 3-cü yerə layiq görülmüş 10-cu sinif şagirdi Ülvi İsmayılov YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.