22 Dekabr 2024

Yerin ən əsas təbii resursu su imiş

Su həyatın əsasıdır, onun mövcudluğunun əsas şərtidir. Lakin insan fəaliyyəti şirin su ekosistemlərinə dağıdıcı təsir göstərir, onları çirkləndirir və tədricən məhv edir.

Son yüz il ərzində bütün dünyada suya olan tələbat Yer kürəsinin əhalisindən iki dəfə sürətlə artıb. Su ehtiyatlarının, xüsusilə də şirin içməli suyun qıtlığı uzun müddətdir ki, dövrümüzün qlobal problemlərindən biri kimi qəbul edilir.

Alimlər çoxdan xatırladıblar ki, Yerin əsas resursu qaz, neft və ya metallar deyil, adi sudur.

Su qıtlığı kənd təsərrüfatının tətbiq olunduğu hər bir qitədə artıq nəzərə çarpan problemə çevrilib. Bu isə bütün dünyada ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Alimlər bu gün dünya kənd təsərrüfatının nə qədər suya ehtiyacı olduğunu və gələcəkdə bu rəqəmin necə dəyişəcəyini təxmin etmək qərarına gəliblər.

Bu, həm təbii yağıntılar, həm də suvarma ilə torpağa daxil olan suyun dəyişən iqlim şəraitində kənd təsərrüfatını dəstəkləmək üçün kifayət edib-etməyəcəyini proqnozlaşdırmağa imkan verib.

Bunun üçün tədqiqatçılar iki əsas mənbədən su çatışmazlığını ölçmək və proqnozlaşdırmaq üçün yeni indeks hazırlayıblar: yağışdan torpaq suyu  (“yaşıl su”) və çaylardan, göllərdən və qrunt sularından suvarma suyu (“mavi su”).

Bu, dünyada su ehtiyatlarına belə bir indeks tətbiq edən ilk iş və iqlim dəyişikliyi fonunda həm mavi, həm də yaşıl suyun qlobal qıtlığını proqnozlaşdıran ilk araşdırmadır.

Yeni işin müəllifləri deyirlər ki, əvvəllər tədqiqatçılar yaşıl suyun həcminə və kənd təsərrüfatında əhəmiyyətinə kifayət qədər diqqət yetirmirdilər.

Əkinlər üçün “yaşıl suyun” miqdarı əraziyə nə qədər yağıntının düşməsindən və daha dərin torpaq qatlarına axmasından və buxarlanma nəticəsində nə qədər suyun itirilməsindən asılıdır.

Həmçinin bir çox digər amillər yaşıl suyun miqdarına təsir edə bilər: əkinçilik üsulu, müəyyən bir ərazidə hansı bitki növlərinin böyüməsi, torpağın növü və ərazinin meyilliliyi və s.

Alimlərin proqnozlarına görə, iqlim dəyişikliyi səbəbindən temperatur və yağış rejimi dəyişdikcə və artan əhalinin ehtiyaclarını ödəmək üçün əkinçilik təcrübələri intensivləşdikcə, mövcud “yaşıl suyun” miqdarı da dəyişəcək.

İntensiv əkinçilik nədir? Məhdud kənd təsərrüfatı sahəsində insanların getdikcə daha çox məhsul əldə etməyə çalışmasıdır. Müvafiq nəzarət və davamlı inkişaf olmadan bu təcrübə ərazidə ehtiyatların qaçılmaz tükənməsinə gətirib çıxarır.

Tədqiqatçılar bütün hesablamaları apardıqdan sonra müəyyən ediblər ki, iqlim dəyişikliyi şəraitində 2050-ci ilə qədər kənd təsərrüfatı üçün qlobal su qıtlığı əkin sahələrinin 84 %-də vəziyyəti daha da pisləşdirəcək.

Temperaturun yüksəlməsi ilə dəyişən yağıntı və buxarlanma sxemləri ilə əlaqədar yaşıl suyun mövcudluğundakı dəyişikliklərin dünyanın əkin sahələrinin təxminən 16%-nə təsir edəcəyi proqnozlaşdırılır.

Şimal-Şərqi Çin və Afrikanın Sahel bölgəsində daha çox yağış yağacağı proqnozlaşdırılır ki, bu da kənd təsərrüfatı üçün su çatışmazlığını azaltmağa kömək edə bilər.