Yeni seçki məntəqələri yaradılır – erkən seçki müzakirələri
İlin sonlarında referendum gözlənilir
Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib. O qeyd edib ki, seçki məntəqələri seçicilərin sayındakı dəyişikliklərə əsasən formalaşdırılacaq. Komissiyanın sədr müavininin sözlərinə görə, keçən il 832 seçki məntəqəsi yaradılıb, bu ilin may ayında seçici siyahılarının dəqiqləşməsi başa çatdıqdan sonra yeni seçki məntəqələri yaradılacaq. Bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.
Aprelin 12-də isə MSK-nın iclası keçirilib və 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda iki seçki keçirilməlidir. Novator.az bildirir ki, hazırkı qanunvericiliyə görə, parlament seçkisi noyabr, bələdiyyə seçkiləri dekabr ayına düşür.
Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin səlahiyyət müddəti 5 ildir. Konstitusiya parlament seçkisinin hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilməsini müəyyən edib. 1995, 2000, 2005, 2010 və 2015-ci illərin parlament seçkiləri həmin hökmə uyğun təşkil olunub. 2020-ci ilin parlamenti noyabrın 1-də seçilməli idi. Amma 2019-cu il dekabrın 5-də parlament buraxılıb, 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edilib və 9 fevralda yeni parlament seçilib.
Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar gününə düşür. 2020-ci il fevralın 9-da seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və həmin il noyabr ayının birinci bazar günü – noyabrın 3-də yeni parlament seçkisi olmalıdır.
Azərbaycanda bələdiyyələr 5 il müddətinə seçilir. 1999, 2004, 2009, 2014 və 2019-cu illərin seçkiləri dekabr ayında baş tutub. 2024-cü ilin bələdiyyə seçkilərinin dekabrın 22-də keçirilməsi gözlənir.
Müstəqillik illərində Azərbaycanda 8 prezident seçkisi keçirilib. 1991, 1992, 1993, 1998, 2003, 2008 və 2013-cü illərin seçkilərində prezident 5 il müddətinə mandat alıb (ilk iki seçkidə seçilənlər müddəti tamamlaya bilməyib). 2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb. 2018-ci il aprelin 11-də prezident 7 il müddətinə seçilib və növbəti seçki 2025-ci ilin aprel ayında olmalıdır. Yada salaq ki, bir müddət əvvəl ölkədə referendum və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər yayılmışdı. Amma hakimiyyət düşərgəsindən xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur.
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın mövcud qanunvericiliyinə müvafiq olaraq prezident və parlament seçkiləri, eləcə də bələdiyyə seçkilərinin 5 ildən bir keçirilməsi nəzərdə tutulmuşdu, həmçinin seçkilərin konkret hansı ilin, hansı ayında keçirilməsi müəyyənləşmişdi. Prezident seçkiləri oktyabrda, parlament seçkiləri noyabrda, bələdiyyə seçkiləri dekabrda olmaqla qanunvericilikdə konkret müddətlər müəyyənləşdirilmişdi: “2002-ci ildə keçirilən referendumda ölkədə seçki sistemində dəyişiklik edildi. Proporsional seçki sistemi ləğv edildi, parlament seçkilərinin yalnız majoritar sistemdə keçirilməsi qaydası qəbul olundu. 2016-cı il referendum ilə isə Azərbaycan Prezidentinin seçkiləri 7 il müddətinə müəyyən edildi. Həmin referendumdan sonra seçkilər 2018-ci ilin oktyabrında keçirilməli olduğu halda vaxtından əvvəl seçkilər təyin olundu və həmin ilin aprelində Prezident seçkisi keçirildi. Bu da onu deməyə əsas verir ki, 7 il 2025-ci ilin aprelində tamam olduğundan növbəti Prezident seçkiləri 2025-ci ilin aprelində keçirilməlidir. Eləcə də 2020-ci ilin fevralında növbədənkənar parlament seçkiləri keçirildi. Lakin seçki qanunvericiliyinə və konstitusiyaya müvafiq dəyişikliklər olunmayıb. Bu da onu deməyə əsas verir ki, mütləq mənada qanunvericilikdə konkret dəyişikliklərə gedilməlidir. Bu da konstitusion dəyişiklikləri özündə ehtiva etdiyi üçün mütləq referendumun keçirilməsinə ehtiyac var. Əslində müxtəlif dairələrdən sızan məlumatlar da bundan ibarətdir ki, bu ilin payızında ölkədə referendumun keçirilməsi gözlənilir. Referendumla güman edirik ki, proporsional seçki sistemi bərpa olunacaq, ən azından qarışıq seçki sistemi parlament seçkilərinə tətbiq olunacaq. Həmçinin prezident seçkilərinin keçirilməsinin vaxtı ilə bağlı seçki qanunvericiliyində və konstitusiyada müvafiq dəyişiklik ediləcək və bundan sonrakı dövrdə seçkilərin keçirilməsi balanslaşdırılacaq. Eyni vaxtda prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi barədə də hazırda konstitusion müddəa mövcuddur”.
A.Əlizadənin sözlərinə görə, bütün bunlardan irəli gələrək demək mümkündür ki, referendumla qanunvericiliyə bu məsələ ilə bağlı da müvafiq dəyişikliklər olmalıdır: “Proqnoz bundan ibarətdir ki, bu ilin payızında referendum keçirilməsi gözlənilir. Dediyimiz dəyişikliklər reallaşdırıldıqdan sonra növbəti ilin dekabrında bələdiyyə seçkiləri öz yerində qalmaq şərti ilə bələdiyyə seçkilərindən 6 ay öncə parlament seçkilərinin keçirilməsi ehtimal olunur. Prezident seçkilərinin isə 2025-ci ilin aprelində keçiriləcəyi gözlənilir. İstənilən halda qanunvericiliyə dəyişikliklər olmalıdır. Çünki seçkilər üst-üstə düşür”.
Etibar SEYİDAĞA