23 Dekabr 2024

“Yeni qaz sayğacı 3-4 dəfə artıq ödəniş hesablayır” – NARAZILIQ!

Son günlər “Azəriqaz” İB-nin yeni sayğacları ilə bağlı şikayətlər xeyli artıb. Sosial mediada yeni sayğacların düzgün işləmədiyi və sərfiyyatı bir neçə dəfə artıq hesablaması ilə bağlı müzakirələr gedir.

Məsələ ilə bağlı “MediaPost”a da vətəndaşlar tərəfindən şikayətlər daxil olmaqdadır. Rüfət Əliyev adlı vətəndaş ünvanladığı müraciətdə bildirib ki, “Smart kart” tipli sayğacı ənənəvi sayğacla əvəzləyiblər. Yeni sayğac əvvəlkindən 3-4 dəfə artıq ödəniş hesablayır.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyib ki, “Azəriqaz” ümumiyyətlə mexaniki sayğaclarla bağlı məlumatı saytdan yığışdırıb. Bütöv proses, elektron və ya smart sayğacların alınması, əlavə qurğuların quraşdırılması, məlumatların sayğacdan əldə edilməsi və ötürülməsi, məlumatları emal edən proqram və informasiya sisteminin hazırlanması yalnız və yalnız “Azəriqaz”ın nəzarətindədir. Belə bir vəziyyətdə isə müəyyən risklər qaçılmazdır.

“Burada dövlət nəzarəti təkmilləşdirilməli, şəffaflıq və informasiya açıqlığı gücləndirilməli və ictimai nəzarət imkanları yaradılmalıdır. Təbii inhisara nəzarət edən, istehlakçıları qoruyan dövlət qurumları bu məsələyə ciddi reaksiya verməlidir. Yeni quraşdırılan mexaniki-elektron tipli sayğacların sərfiyyatı hədsiz çox göstərməsi ilə bağlı kütləvi narazılıqlara “Azəriqaz” aydınlıq gətirməlidir”- deyə O. Gündüz əlavə edib.

Yaranan narazılıqla bağlı “Azəriqaz” İB də açıqlama yayıb. Qurumdan bildirilib ki, bu həftənin 2 və 4-cü günləri Birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri elan edir. Media və ictimaiyyət nümayəndələri, abonentlər təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə bilərlər. “Azəriqaz” İB rəsmiləri sualları cavablandırmağa hazır olduqlarını deyiblər:

Bildirilib ki, təbii qaz ölçü qurğuları (sayğaclar) ölkəyə gətirildikdən sonra Birliyin Metrologiya Departamentində mərhələli yoxlamalardan keçir. Bu proses Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarətində olur:

“Prosedurların icrasından sonra sınağı uğurla başa vuran sayğaclar İnstitut tərəfindən dövlət reyestrinə daxil edilir və bundan sonra istismara verilməsi təsdiqlənir. Bütün sadalanan proseslər Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssislərinin müşahidəsi altında həyata keçirilir. Hər iki qurumun nümayəndələri “Azəriqaz” İB-nin Metrologiya Departamentində daimi fəaliyyət göstərir. Yəni bu qədər ciddi nəzarət və müşahidənin mövcudluğu şəraitində qaz ölçü qurğularının sərfiyyatı çox qeydə alması qeyri-mümkündür”.