21 Dekabr 2024

Yeni perspektivlər

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədriBu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan neft-qazla yanaşı, eyni zamanda, elektrik enerjisi ixracatçısıdır. Azərbaycanda elektroenergetika sahəsi son illərdə sürətlə və uğurla inkişaf edib. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda ölkəmizin ümumi generasiya gücü 7200 meqavatdır ki, onun 3400 meqavatı son 20 ildə yaradılıb. Dövlət başçısı İlham Əliyev fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində “İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı” söyləməklə ölkəmizdə bütün işlərin sistemli şəkildə icra edildiyini, hədəflərə doğru inamla addımladığımızı diqqətə çatdırdı.2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Bu faktı da qeyd etmək istərdik ki, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işləri də ilk növbədə, elektroenergetika sahəsində uğurlu addımların atılması ilə başladı. 10-dan çox su elektrik stansiyası inşa edilib. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb. Bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatacağı nəzərdə tutulur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.Bərpaolunan enerji növlərinin inkişafı üçün də Azərbaycanda çox böyük potensial var. Bütün bu sadalananlar ölkəmizin böyük imkanlara malik və bunların əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində stimulverici amil olduğunu təsdiqləyir. Azərbaycan hər bir layihənin zamanında başa çatdırılmasında maraqlıdır. 2025-ci ildə açılışı nəzərdə tutulan bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyəti yüksək dəyərləndirilir. Bütün hallarda Azərbaycanın dünya üçün önəmi özünü qabarıq şəkildə büruzə verir. Məhz bu günədək reallığa çevirilən layihələrin təhlili əsasında cənab İlham Əliyev belə bir əminliyi ifadə edir ki, doğrudan da böyük və önəmli işin təməlini qoyduq. Stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək, həm ölkəmizin enerji potensialını, ixrac imkanlarımızı gücləndirəcək, həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaq. Dövlət başçısı İlham Əliyev İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə fikir mübadiləsi aparıldı. İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində hazırda mühüm rol oynayan TAP layihəsinin əhəmiyyəti və gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olundu. Bir daha qeyd edildi ki, Avropa İttifaqı ölkələri arasında İtaliya Azərbaycanın mühüm tərəfdaşıdır.