25 Aprel 2024

“Yeni Müsavat” qərinə yaşını belə qeyd etdi – Fotolar

10 noyabr ‘’Yeni Müsavat’’ qəzetinin mövlud tarixidir.  Belə ki, qəzetin ilk sayı 33 il əvvəl, 1989-cu ilin məhz bu günündə çap olunub.

‘’Yeni Müsavat’’ qəzeti eyni adlı partiyanın yayın orqanı kimi ilk sayını Azadlıq meydanında yayına çıxardıb. Qəzet AMDP (Azərbaycan Milli Demokrat Partiyası) ‘’”Yeni Müsavat’’ın qurucu katiblərindən olan Rauf Arifoğlu tərəfindən yayın orqanı kimi qeyri-formal şəkildə yaradılıb. Azərbaycana istiqlal gətirmiş bir partiyanın adı ilə təşkilat və qəzet qurmaq həmin zaman böyük cəsarət istəyən addım idi. Hər kəsə məlumdur ki, o zamanlarda kommunist partiyasının iradəsinin kənarında qəzet buraxmaq bir cinayət əməli hesab olunurdu. Buna görə də ‘’Yeni Müsavat’’ın fəaliyyəti gizli qurulmuşdu və ilk nömrədən etibarən, sovet hakimiyyətinin Bakıdakı orqanları tərəfindən təqib altına alınıb.  Azərbaycanda Müsavat adı hakim kommunist partiyasına qarşı meydan açmaq, onu devirmək, yeniləmək çağırışına bərabər idi. Təqib olunan “Yeni Müsavat”ın redaksiyası məhz Bakıdakı dözülməz mühit səbəbindən quruluşunun ilk ayında və 1-ci sayı dərc olunan kimi Gəncə şəhərinə köçərək, 1991-ci ilin ortalarına qədər orda fəaliyyət göstərib

1991-ci ilin dekabr ayında isə Elçibəyin AXC-nin Sahil Bağı ətrafındakı qərargahında fəaliyyətini davam etdirib. Daha sonrakı illərdə isə “Yeni Müsavat” hazırki redaksiyasında fəaliyyət göstərməyə başlayıb.

33-cü dönümünə də redaksiya işgüzar fəaliyyətlə başladı. Daha sonra isə “Yeni Müsavat”çılar mövlud tarixini qeyd etmək üşün axşam ziyafətinə yığışdı. Ziyafətdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Media Agentliyinin rəhbəri Əhməd İsmayılov, Əməkdar jurnalist Əflatun Amaşov, BDU Jurnalistika Fakültəsinin dekanı Vüqar Zifəroğlu, əməkdar jurnalist Asər Həsrət, ATV prezidentinin müşaviri Səadət Məmmədova, MŞ İH üzvü, politoloq Yeganə Hacıyeva, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiya sədri Tural Abbaslı, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, tanınmış media kapitanları, partiya sədrləri və digərləri iştirak edib.

Ziyafəti giriş sözü ilə açan “Yeni Müsavat”ın qurucusu və rəhbəri Rauf Arifoğlu 33 il əvvəlki tarixə nəzər salaraq bildirdi:

“Bu gün bizim üçün çox əlamətdar bir gündür. 33 il bundan əvvəl “Yeni Müsavat”adlı bir qəzet Azərbaycan siyasət məkanına qədəm qoydu. Həmin zaman 23 yaşım var idi, amma iddiamız böyük idi. Azərbaycana azadlıq istəyirdik və Bakı Kommunist Partiyasına, kommunist ideologiyasına qarşı yeni bir “Yeni Müsavat” cərəyanı başlatmaq iddiasına idik. Çox şükür bu gündən dünənə baxanda bu istəyimiz alındı deyə bilərik. Bu gün “Yeni Müsavt” qəzetinin və Media Qrupunun yaşı 30-dan yuxarıdır, demək ki, missiyamız alındı. 

33 il nəhəng bir zamandır. Xüsusən də Azərbaycan kimi bir ölkədə, respublika, istiqlal qazanılmayan bir zamanda, sıfırdan başlanılan vəziyyətdən buralara qədər gələn 33 il. Bu müddət ərzində, bu zaman kəsiyində Azərbaycanın vəziyyəti necə oldusa, “Yeni Müsavat”ın da vəziyyəti o cür oldu. Bu gün Azərbaycanın durumu şükür oxunacaq vəziyyətdədir və “Yeni Müsavat” qəzeyinin də vəziyyəti şükürlər olunsun deyiləcək qəzetlər sırasındadır”.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə qeyd etdi ki, mətbuatın müxtəlif dövrlərində qarşılaşdığı problemlərin önündə həmişə Rauf Arioğlu olub:

O, özünün də dediyi kimi, həm mətbuat, həm də Azərbaycan naminə çalışdı və nəhayət ki, ölkədə, cəmiyyətdə bu cür nüfuz qazandı. Rauf Arifoğlu ilə birgə səfərlərdə olduğum zaman da müşahidə edirdim ki, o, həmişə axtarışdadır, daim yazır. Onun əsl jurnalist, fədakar, əzmkar fəaliyyəti həmişə bütün səviyyələrdə nümunə olub.
Danılmaz faktdır ki, “Yeni Müsavat” Azərbaycan mətbuatına peşəkar jurnalistlərin bəxş olunması istiqamətində də böyük işlər görüb. Bütün bunlara görə Rauf Arifoğluna böyük təşəkkürlər düşür”.

Media Agentliyinin rəhbəri Əhməd İsmayılov qeyd etdi ki, “Yeni Müsavat” Media Qrupu hər zaman ilklərə imza atıb:

“Sizlə əməkdaşııqdan xüsusi həzz alıram, çünki hər bir şeydə ilkə imza atırsınız.
Gündəmi izləmək üçün, həmçinin işimizlə əlaqədar olara hər gün “Yeni Müsavat”ı oxuyuram. Qəzetin  yazarlarını bəyənirəm.
Məlum olduğu kimi cənab Prezident tərəfindən yeni islahatlara start verildi və düşünürəm ki, birlikdə bu islahatların bəhrəsini görəcəyik.
Kollektivinizin hər bir üzvünü təbirk edir, işinizdə uğurlar arzulayıram”.

Əflatun Amaşov isə “Yeni Müsavat” qəzetini öz qəzeti hesab etdiyini bildirdi: “Rauf Arioğlu “Yeni Müsavat” qəzetini böyük əmək sayəsində yaratdı və özü də “Yeni Müsavat”a çevrildi. Mən hər zaman “Yeni Müsavat” qəzetini öz qəzetim hesab etmişəm. Bu qəzet mənim ən ərklə yanaşdığım bir qəzetdir. Belə ki, bu qəzetlə bağlı nəsə fikrim olanda birbaşa Rauf Arioğluna öz sözümü deyə bilirəm.

Deyə bilərəm ki, ölkə mətbuatında ən çox faydalandığım qəzet “Yeni Müsavat”dır. Bu qəzetdə çox böyük, güclü analitik mərkəz olub. Burada ictimai siyasi həyatı duyan, qiymətləndirən güclü bir kollektiv var. Mən bütün kollektivi üzrəkdən təbrik edirəm.

Hesab edirəm ki, Rauf Arioğlu keşməkeşli yollardan keçərək, bu qəzeti qoruyub, saxlaya bilibsə, hesab edirəm ki, bundan sonra da “Yeni Müsavat” öz missiyasını saxlayacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də qeyd edib ki, “Yeni Müsavat” hər zaman diqqətdə olan qəzet olub:

“33 il böyük bir komandanı qoruyub, saxlamaq, onu davam etdirmək böyük əmək tələb edir. Deyərdim ki, Azərbaycan tarixində sizin möhtəşəm bir tərcüməyi – halınız var”. Daha sonra Umud Mirzəyev təmsil etdiyi qurumun adından Azərbaycan mətbuatında gördüyü işlərə görə “Yeni Müsavat” qəzetini fəxri diplomla təltif edib.

Daha sonra isə ziyafət iştirakçılarına
“Yeni Müsavat”ın yaradıcı heyəti qəzetin 33 yaşı münasibətilə hazırladığı “Bir qərinənin qəzeti” adlı film təqdim olunub.

Filmin təqdimatından sonra Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Ağ Partiya sədri Tural Abbaslı, politoloq Yehanə Hacıyeva və digərləri  33 illik münasibəti ilə “Yeni Müsavat”ı və rəhbəri Rauf Arifoğlunu təbrik ediblər.

Ardınca “Yeni Müsavat”ın əməkdaşı, Vətən müharibəsi iştirakçısı, Xocavənd və Kəlbəcərin azad olunması medalı ilə təltif olunan Vaqif Hüseynə, reportyorlar İlkin Murad, Elşən Məmmədli, Məhəmməd Türkmən, Elçin Əkbərova “Yeni Müsavat”ın rəhbərliyi adından təşəkkürnamələr təqdim olundu.

Ziyafət əyləncəli konsert proqramı ilə davam edib.

Xalidə Gəray
Elçin Əkbərov