19 Fevral 2025

Yeni beynəlxalq əlaqələr və tərəfdaşlıq

Beynəlxalq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq siyasətini son illərdə daha da genişləndirən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri, hər iki ölkənin prezidentlərinin görüşləri, mətbuata birgə bəyanatları, iki ölkə arasında imzalanan sazişlər, sənədlər bunun bariz təsdiqidir. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən görüş hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Görüş çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra strateji məsələlər müzakirə edilib və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımlar atılıb. Bu, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında önəmli bir mərhələ hesab olunur.

Dövlətimizin başçısı mətbuata bəyanatında bu tarixi səfərin ölkələr arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını bildirib. Görüş zamanı iqtisadi, ticari, müdafiə və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün müxtəlif razılaşmalar əldə olunub. Sənədlərdə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.Azərbaycan və Somali iqtisadi sahədə əməkdaşlıq imkanlarını genişləndirməyə hazır olduqlarını bəyan ediblər.

Görüşdə sərmayə qoyuluşları və ticari əlaqələrin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Azərbaycan Somalinin inkişafına töhfə vermək məqsədilə infrastruktur layihələri, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlığı nəzərdən keçirməkdə maraqlıdır. Somali Prezidenti kənd təsərrüfatı sahəsində böyük potensialın mövcud olduğunu və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın hər iki tərəfə fayda gətirəcəyini bildirib. Azərbaycan Prezidenti isə kənd təsərrüfatı sahəsində ölkəsinin özünü təmin etmə modelindən danışaraq bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlığın qurulması mümkündür. Azərbaycan və Somali beynəlxalq arenada bir-birini dəstəkləməyə davam edəcəklərini bildiriblər. Xüsusilə, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu dəstək həm siyasi, həm də iqtisadi cəhətdən hər iki ölkə üçün əhəmiyyətlidir.

Azərbaycan və Somali beynəlxalq təşkilatlarda ortaq maraqları müdafiə etməyə davam edəcəklər.İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Hazırda Somali tələbələri Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır və bu proqramın genişləndirilməsi üçün yeni razılaşmalar əldə olunub. Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Somalidən gələn tələbələrin sayı artırılacaq. Həmçinin, mədəniyyət sahəsində də əlaqələrin gücləndirilməsi planlaşdırılır. Hər iki ölkənin zəngin tarixi və mədəni irsi nəzərə alınaraq, birgə tədbirlərin, mədəniyyət festivallarının və sərgilərin təşkil olunması nəzərdə tutulur.Prezidentlər arasında aparılan müzakirələr və imzalanan razılaşmalar iki ölkə arasında daha dərin və davamlı əlaqələrin qurulmasına zəmin yaradacaq. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.Azərbaycan və Somali arasında yeni əməkdaşlıq platforması qarşılıqlı maraqlara əsaslanaraq, hər iki dövlətin milli mənafelərinə xidmət edəcəkdir. Bu çərçivədə həyata keçiriləcək layihələr uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edəcək.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı