Yeni Balaxanıda əcaib mənzərə: təzə işıq dirəkləri var, lampalar yanmır – Reportaj/Fotolar
“Burada axşamlar əldə çıraqla gəzməyin də mənası yoxdur. Çünki istəyirsən, fənər yandır, istəyirsən, lampa tut, xeyri yoxdur, yenə göz-gözü görməyəcək. Yaydan bu yana bir əncam çəkmirlər, küçələr kor-koranə vəziyyətdə qalıb, bu gün – sabah məhəllədə ağır qəza baş versə, təəccüblənmərəm”.
Bu sözləri Musavat.com-a Bakının Yeni Balaxanı qəsəbəsində (“Fazenda” deyilən ərazi) yaşayan sakinlərindən biri giley-güzar edərək söyləyib.
Onun dediyinə görə, min bir zəhmətlə özünə ev-eşik tikib, şərait qurub, amma gəl ki, Yeni Balaxanının yolları zil qaranlıq, zülmət içindədir.
Qəsəbədə yaşayan sakinlər danışırlar ki, hələ ötən ilin yayında Yeni Balaxanıda işıq dirəkləri quraşdırılıb. Camaat da çox sevinib.
Sakinlər fikirləşiblər ki, qəsəbənin zülmət küçələri işıqlanacaq, piyadalar ayaqlarının altını, sürücülər də yolu görəcəklər. Amma “sən saydığını say” gör işıq dirəklərini yerləşdirənlər nə sayır.
Həmsöhbət olduğumuz qəsəbə əhlinin sözlərinə görə, işıq dirəklərinin quraşdırılması məqsədi ilə Yeni Balaxanıda yolları qazıblar, çala-çuxura çeviriblər, hər 20 metrdən bir dirək qoyublar. Amma sakinlərin arzusu ürəklərində qalıb. Artıq 2021-ci ilin yanvarı bitir, indiyə qədər işıq dirəklərinin lampaları yanmır.
“Gecələr bir fəlakət yaşanır. İnsanlar az qalır ki, maşının altına yıxılsın, sürücülər də qaranlıqda kor olurlar, ya çuxura düşürlər, ya da qəza riski yaranır. Allah uzaq eləsin, bu zülmətdə sürücü hər an piyadanı da vura bilər, ya da qabağında çıxan mal-heyvanı tələf edər, heç tormoz verə bilməz. Elə bu yaxınlarda məhəllədə bir nəfərin itini maşın vurdu. It də canlıdır, ancaq o itin yerində bizim birimiz də ola bilərdik. İntəhası, bizə deyilmir ki, nə üçün lampalar yanmır. Əgər xərc çəkib dirəklər quraşdırıblarsa, işə salsınlar da…”, – deyə qəsəbə sakinləri belə deyirlər.
Onlar şikayətlənirlər ki, ərazidə “Akkord” şirkətinin asfalt zavodu da yerləşir, amma nə dirəklərə görə qazılıb – tökülən həmin yollara bir maşın nə asfalt tökürlər, nə də lampalar yanır. Elə yolları da bu zavodun içində asfalt dolu maşınları yaman günə salırlar. Asfalt zavodu olsa da, asfaltı düzəltmək yox, dağıtmaqla məşğuldurlar.
Sakinlər deyirlər ki, küçələrdə zülmətdən göz-gözü görmür, yaşlı adamların çölə çıxması təhlükəli olur, ən əsası sürücülər əziyyət çəkir: “Bizim artıq xahişimiz yoxdur, sadəcə, dirəkləri qurublar, indi işıqları yandırsınlar. Başa düşə bilmirik ki, yaydan bu yana lampalar niyə yanmır. Heç Suriyanın müharibədən çıxmış kəndlərində belə şərait yoxdur. Əcaib məsələdir, təzə dirək qoyurlar, işıq vermirlər”.
Yeni Balaxanı camaatı aidiyyatı qurumlardan xahiş edir ki, onların bu probleminə tezliklə həssaslıq göstərilsin, onlar da işıq üzünə çıxsınlar: “İnanın ki, biz hər gün ölüm riski ilə üzləşirik. Bir baxın, gecələr yola çıxmaq necə təhlükəlidir. Sürücülər də zülm çəkirlər. Biz nə istəyirik ki? Əgər işıq dirəkləri qoyulubsa, bir zəhmət çəkib yandırın da…Bu korluqda adam necə gedib-gəlsin? Özü də qışdır, hava tez qaralır, insanlar işdən evə qayıdanda bu zülmətdən keçirlər. Xahiş edirik ki, bu məsələni tez həll etsinlər, nə qədər böyük faciə baş verməyib, vaxtında tədbir görsünlər”.
Emil Salamoğlu
Musavat.com
Fotolar müəllifindir