21 Dekabr 2024

Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür

Məlumdur ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos və anarxiya hökm sürürdü. Həmin ağır dönəmlərdə ölkənin taleyinə biganə olmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya – Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Müstəqiliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı.

Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictimai-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı. Lakin sonrakı mərhələdə milli dövlətçilik düşüncəsinin formalaşmasına və ümumi maraqlara xidmət edən psixoloji atmosferin yaranmasına gətirib çıxaran hadisələr bu təhlükənin aradan qaldırılmasına stimul vermiş oldu. Sözsüz ki,Yeni Azərbaycan partiyasının yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır.

Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Ona görə də, 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Çünki qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını, Cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu gün xalqımız qələbə sevincini yaşayır. Bu sevinci də bizlərə yaşadan Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevdir. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edilib. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı qələbə tariximizə həkk olundu.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı