17 İyul 2025

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Azərbaycan Respublikasının 28 May – Müstəqillik Günü bu il tariximizin ən əlamətdar günlərindən biri kimi qeyd olundu. Laçında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə görüşü yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük rezonans doğurdu. Bu tarixi hadisə, üç qardaş ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

30 il düşmən işğalında qalmış Laçının azad olunaraq yenidən dirçəlməsi, Azərbaycanın “Böyük Qayıdış” konsepsiyasının parlaq nümunəsidir. Prezident İlham Əliyevin Laçına son səfəri zamanı bir qrup laçınlıya evlərinin açarlarının təqdim olunması bu bölgənin real və davamlı bərpasının təzahürüdür. Həmçinin burada istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı strateji infrastruktur layihəsi olmaqla yanaşı, iqtisadi və nəqliyyat baxımından da mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Prezidentinin açılış mərasimində iştirakı Azərbaycan-Türkiyə qardaşlığının konkret və real nəticələrindən biri olaraq tarixə düşdü. Bu, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə açılışını etdiyi Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq hava limanı oldu. Füzuli və Zəngilan hava limanlarından sonra Laçın aeroportu regionun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.

Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü yalnız regional deyil, həm də qlobal miqyasda sülhə və əməkdaşlığa verilən önəmi nümayiş etdirdi. Prezident İlham Əliyev öz çıxışında bu Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, Laçın kimi strateji və tarixi bir şəhərdə keçirilməsinin rəmzi əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycan, Türkiyə və Pakistan tarix boyu suverenlik, ərazi bütövlüyü və ədalət prinsiplərini müdafiə edən dövlətlər kimi çıxış edib. 2020-ci ildə baş tutan 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə və Pakistanın verdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Zirvə görüşündə səsləndirilən mühüm fikirlərdən biri də Azərbaycan və Türkiyə arasında enerji və nəqliyyat sahəsindəki əməkdaşlığın geniş coğrafiyada yaratdığı dəyişikliklər oldu. Xüsusilə enerji təhlükəsizliyi, bərpaolunan enerji layihələri və Asiyanı Avropaya birləşdirən nəqliyyat marşrutlarının strateji əhəmiyyəti qeyd edildi. Pakistanın bu təşəbbüslərdə daha yaxından iştirakı üçtərəfli əməkdaşlığa yeni dinamika qazandıracaq.Müdafiə sahəsində birgə hərbi təlimlər və hərbi-texniki əməkdaşlıq da vurğulandı. Bu sahədəki tərəfdaşlıq regional təhlükəsizliyə və sabitliyə böyük töhfə verir.

Prezident İlham Əliyev Zirvə görüşündə həmçinin 1918-ci ilin 28 May tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi roluna diqqət çəkdi. Qərbi Zəngəzurun 1920-ci ilin noyabrında Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi və müstəqilliyimizin itirilməsi tarixi yaddaşda yaşadılır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan, qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, öz torpaqlarını geri qaytarmağı bacardı. 44 günlük müharibə nəticəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə suverenliyi tam bərpa olundu.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işləri həyata keçirilir. Artıq bölgədə 43 min insan yaşayır və fəaliyyət göstərir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Bu prosesin siyasi, sosial və iqtisadi nəticələri həm ölkəmiz, həm də bölgə üçün müsbət meyarlar yaradır.

Türkiyə və Pakistan liderlərinin Laçında Prezident İlham Əliyevlə birgə olması, həmrəylik nümayiş etdirməsi, yalnız diplomatik dəstək deyil, qardaşlıq bağlarının canlı sübutudur. Bu həm də regionda üç güclü dövlətin birliyindən doğan gücün təzahürüdür. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz yaxşı günlərdə də, ağır günlərdə də bir yerdəyik. Hər zaman bir-birimizə dəstək olmuşuq.” Bu həmrəylik və strateji əməkdaşlıq qarşıdakı illərdə daha da güclənərək Azərbaycan, Türkiyə və Pakistanı bölgənin əsas sabitlik dayağına çevirəcək.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı