16 Aprel 2024

Yaponiya müdafiəyə 290 milyard dollar xərcləməyi planlaşdırır

Yaponiya 2023-cü maliyyə ilindən başlayaraq növbəti beşillik müdafiə proqramı çərçivəsində müdafiə xərclərini 40 trilyon yen (290 milyard dollar) səviyyəsində təyin etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Yomiuri Shimbun” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məqsəd 2027-ci ilə qədər bu müdafiə xərclərinin, üstəgəl təhlükəsizlik tədqiqatları və inkişafı kimi əlaqədar xərclərin ölkənin ümumi daxili məhsulunun ən azı 2%-nə çatmasıdır.

Cari proqram Milli Təhlükəsizlik Strategiyası və Milli Müdafiə Proqramı təlimatları ilə birlikdə ilin sonuna kimi nəzərdən keçiriləcək. Hazırkı orta müddətli müdafiə proqramı ümumi müdafiə xərclərini 27,47 trilyon yen civarında müəyyən etdiyindən, hökumət ölkənin müdafiə qabiliyyətini kəskin şəkildə gücləndirmək üçün bu rəqəmi əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

2022-ci maliyyə ili üçün ölkənin ilkin müdafiə büdcəsi ÜDM-in 0,96%-ni təşkil edib. Yaponiya iqtisadiyyatının indiki ölçüsündə 2 faizi ildə təxminən 11 trilyon yen təşkil edir.

Müdafiə Nazirliyi növbəti proqrama müdafiə xərclərinə təxminən 48 trilyon yen istəsə də, Maliyyə Nazirliyi bu rəqəmin 35 trilyon yen olmasını məqbul sayıb.