19 Sentyabr 2024

“Texniki Yaradıcılıq Mərkəzi” Ərazi Partiya Təşkilatında antiterror əməliyyatına həsr olunmuş tədbir keçirilib

19 sentyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Texniki Yaradıcılıq Mərkəzi” Ərazi Partiya Təşkilatında “19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı” na həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının nümayəndələri və “Texniki Yaradıcılıq Mərkəzi” Ərazi Partiya Təşkilatından olan partiya fəalları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, Antiterror əməliyyatları, eyni zamanda regionda və beynəlxalq səviyyədə də mühüm geosiyasi nəticələrə səbəb oldu. Azərbaycan, bölgədə güclü bir aktor kimi öz mövqeyini daha da möhkəmləndirdi. Bu əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini təmin etmək və milli maraqlarını qorumaq üçün güclü iradəyə və hərbi potensiala sahibdir. Bununla yanaşı, əməliyyatlar regionda sülh və sabitlik üçün yeni imkanlar yaratdı. Ermənistan tərəfi hərbi təxribatlardan vaz keçərək, diplomatik yolla danışıqlara meyilləndi. Beynəlxalq ictimaiyyət də Azərbaycanın haqq işini dəstəkləyərək dövlətimizin ərazi bütövlüyünü tanıdı və Qarabağ probleminin sülh yolu ilə həll olunmasının vacibliyi vurğulandı.

Daha sonra çıxış edən natiqlər – Texniki Yaradıcılıq Mərkəzi” Ərazi Partiya Təşkilatının sədri Elvin İsmayılov, şəhid atası Murtuz Kərimov, partiya fəalları Ayaz Bayramov və Zöhrə Qurbanova geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, 2023-cü ilin 19-20 sentyabr tarixləri Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Qarabağın reinteqrasiyası və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqı və dövləti öz milli maraqlarını qorumaq və sabit, təhlükəsiz gələcək qurmaq üçün hər zaman qətiyyətli addımlar atmağa hazırdır.