YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

18 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Göycəli kənd”, “Tatlı kənd”, “Köhnəqışlaq kənd” və “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”nə, “20 sentyabr – Dövlət Suverenliyi Günü”nə və “19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı”na həsr olunmuş tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Zəfər tariximizdən bəhs edən kitab sərgisinə baxılıb.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması bunun bariz nümunəsidir. Bu tarixi qələbələr xalqımızın müasir tarixində yeni mərhələ açdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad olunması ilə dövlətimizin milli maraqları, tarixi ədalət və beynəlxalq hüququn norma və prinsipləri bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz birliyini, ordumuzun qəhrəmanlığını və milli iradəmizin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə çıxış edən digər natiqlər – partiya veteranı Məmməd Məmmədov, Tatlı kənd tam orta məktəbin direktor müavini Aqşin Quliyev və partiya fəalı Abı Əliyev bildiriblər ki, Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə antiterror əməliyyatı həyata keçirdi. Bu əməliyyat İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin məntiqi davamı idi. Əməliyyat nəticəsində qondarma qurum tarix səhnəsindən tamamilə silindi, Xocalı, Əsgəran, Xocavənd, Xankəndi erməni silahlı birləşmələrinin hissələrindən, silahlı dəstələrindən təmizləndi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası da respublikamızın bütün ərazisində tam şəkildə bərpa olundu. Suverenlik Gününə gedən işıqlı yol və möhtəşəm tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin və qəhrəman xalqımızın sarsılmaz qətiyyətinin nəticəsidir.




