23 Aprel 2025

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının “Ağstafa DAİM” və “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 31 Mart Soyqırımının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının sədri Şəfayət Bağırov qeyd edib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatının üzvü Günəş Nəsibli, “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının üzvləri Teymur Sadıqov və Raqif Qurbanov bildiriblər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.