21 Fevral 2025

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının “Poylu kənd” Ərazi Partiya Təşkilatında Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə Poylu kəndində “Şəhidlər” abidə kompleksi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülərək şəhidlərimizin əziz xatirələri yad edilib.

Tədbirə başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Xocalı faciəsi təsadüfi hadisə deyil. Bu faciəni törətməklə ermənilərin məqsədlərindən biri xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək idisə, digər məqsədləri isə Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı strateji əhəmiyyətli maneəni aradan qaldırmaq və ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra həmin ərazidə yerləşən mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbirstanlığının texnika vasitəsilə yerlə-yeksan edilməsi qeyd etdiklərimizin bariz nümunəsidir. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Daha sonra tədbirdə çıxış edən natiqlər – “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev, Poylu kənd tam orta məktəbin müəllimləri Elsevər Rzayev və Leyla Omarlı Xocalı faciəsindən geniş bəhs ediblər. Bildirilib ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.