22 Dekabr 2024

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

23 oktyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının sədri Bəhruz Süleymanov qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri Qubadlı rayonu istiqamətində irəliləməyə başladı. Şanlı ordumuz bir neçə istiqamətdən əməliyyatlara başladı, məqsəd Qubadlı və ətraf kəndlərin nəzarət altına alınması idi. Qubadlı şəhərinin azad edilməsi üçün ətrafdakı yüksəkliklərdə nəzarətin alınması mühüm idi. Ordumuz bu yüksəkliklərdə möhkəmləndikdən sonra düşmənin müdafiə xətlərini yarıb şəhərə doğru irəlilədi. 25 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev rəsmi şəkildə Qubadlı şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bu, müharibənin gedişində mühüm bir mərhələ hesab olunur, çünki Qubadlı Ermənistanla sərhəddə yerləşən mühüm bir şəhər idi. Bununla da Azərbaycanın Cəbrayıl və Zəngilan istiqamətlərində əldə etdiyi uğurları daha da möhkəmləndirdi və Ermənistanla olan sərhədin bir hissəsinə nəzarəti təmin etdi. Hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir.

Tədbirdə çıxış edən digər natiqlər – şəhid atası Natiq Abbasov, partiya fəalı Aqil Hüseynov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatı kimi başlanan və sonradan Vətən müharibəsi kimi davam etdirilən İkinci Qarabağ müharibəsində cəmi 44 günə əldə etdiyi tarixi Qələbə ilə Ermənistanın işğalına son qoydu. Dövlət başçısı Qubadlının azad edilməsinin birinci ildönümü münasibətilə, 2021-ci il oktyabrın 25-də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı xüsusi olaraq vurğulamışdı ki, bu tarix Qubadlı rayonu üçün ən əlamətdar və əhəmiyyətli bir gündür. Çünki 2020-ci ilin məhz 25 oktyabrında müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini erməni işğalından azad etmişdir. Həmçinin, Ali Baş Komandan Qubadlı əməliyyatının, ümumiyyətlə, Vətən müharibəsinin gedişində önəmli yer tutduğunu vurğulamış, məhz bu Qələbədən sonra Laçın istiqamətində yolun açıldığını və növbəti bir neçə gün ərzində Azərbaycan Ordusu tərəfindən Laçının cənub hissəsində yerləşən kəndlərin düşməndən təmizləndiyini qeyd etmişdir. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll olunması demək idi. Ümumilikdə, rəşadətli ordumuz noyabrın 9-dək Qubadlı şəhərini və rayonun 41 kəndini azad etmişdir. Bu gün azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da intensiv quruculuq işləri aparılır. Prezident İlham Əliyevin ötən ilin may ayında növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.