23 Dekabr 2024

Yağı əlində əsir olanların taleyi… – “Qırmızı xaç” onları qara xaçlıların zülmünə qurban verib

Bir neçə gün öncə sosial şəbəkədə virtual dostlardan biri 1991-93-cü illər arasında ermənilər tərəfindən əsir və girov götürülən həmvətənlərimizin taleyi ilə bağlı bir status paylaşmışdı. Həmin statusa şərh olaraq yazmışdım ki, taleyindən xəbər alınmayan əsir və girovların sayı 4 mindən çoxdur və Ermənistan hakimiyyəti bu şəxslərin harada öldürülüb dəfn edildikləri barədə məlumat vermir.

Vaxtilə bu məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının vaxtaşırı keçirdiyi brifinqlərin birində səsləndirilmişdi.

Ertəsi gün elektron poçtuma həmin əsirlərdən birinin əzizi belə bir məktub yazdı: “Mən o 4 min nəfərdən birinin yaxınıyam. Onlar barədə rəsmi məlumat elə itkin düşdükləridir. Onlardan bir qismi əsir və ya girovdur, biz onları geri almamışıq, taleləri ilə maraqlanmamışıq, barı öldürməyək. Bəlkə hansısa qismi sağdır. Siz “ölüblər” yazmısınız. Sağ olmalarına ümidlər ölməsin deyirəm. Təsəvvürümüzdə öldürməyək onları. Biz onların öldüklərini yazıb məzar yeri istəsək, ermənilər onların qalanlarını sağ təhvil verməyə maraqlı olarmı?”

Ağrı-acılı məktub idi. Bu, o demək idi ki, əsir və girov götürülənlərin, itkin düşənlərin əzizləri hələ də ürəklərinin dərinliklərində onların sağ olduğuna dair ümid qığılcımı gəzdirir. Belə yerdə adətən deyirlər: “Allah bu duruma düşməyi düşmənimə də qismət eləməsin”.

Ancaq işə baxın, həmin düşmən bizə bu günü yaşadıb və biz 30 ildir hansısa itkinimizdən, düşmən əlində əsir olanımızdan şad xəbər gözləyirik.

f3b5935f-6c49-3ee4-887a-b4d2ebf0d4f5_850-1.jpg (127 KB)

Bunun əvəzinə Tuğda, Edillidə, Şuşada, Aşağı Seyidəhmədlidə, başqa yaşayış məntəqələrimizdə toplu məzarlar aşkarlayırıq.

Bu, o anlama gəlir ki, ermənilər əsir götürdükləri həmvətənlərimizə, hərbçi və ya mülki şəxs olmasını fərqləndirmədən, aman verməyiblər, vaxtaşırı onları qrup-qrup və ya tək-tək güllələyib, sonra da xəndəklərdə basdırıblar. Bu, təkcə hərbi cinayət deyil, həm də insanlıq əleyhinə cinayətdir, bunu törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir, ancaq o zaman beynəlxalq humanitar təşkilatlar, eləcə də hüquq təşkilatları bu cinayətin statistikasını aparmayıblar.

Onlardan biri də bu gün özünü bütün beynəlxalq, eləcə də dövlət qanunlarının fövqündə görən Beynəlxalq Qırmızı Xaç Komitəsidir.

qimizixac.jpg (10 KB)

Bu komitə birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş şəxslərlə bağlı iş aparıb, bir xeyli adamın əsir və girovluqdan xilas edilməsi üçün fəaliyyət göstərib, amma hər zaman yarımçıq və başdansovdu iş görüb, öz fəailiyyətini bir yerdən sonra dayandırıb, sona qədər prinsipial olmayıb. Bu baxımdan əsir və girov götürülənlərin arasında bəxti gətirən, BQXK-nin köməyilə xilas olanlarla yanaşı, daha çox insan onların gəlişini gözləyə-gözləyə ermənilərin qeyri-insani rəftarının, işgəncələrinin qurbanı olub. Bəziləri isə ya qisas məqsədilə, ya da kefikoklükdən güllələniblər. Hansısa bir erməni əsgərinin həlak olmasının ildönümündə əsirlərdən birini seçib onun məzarı üstünə apararaq, başını kəsmək halları da baş verib.

Bəzi əsirlərimiz isə BQXK-nin nümayəndələri ilə görüşəndən sonra əsir kimi qeydə alınmalarına sevinib, bunu xilas yolu hesab ediblər. Belə şəxslərin sayı 54 olub. Onlar BQXK vasitəsilə ailələri ilə əlaqə saxlayıblar, “Qırmızı Xaç”ın onları tezliklə azad edəcəyini bildiriblər, təbii ki, ailələr də seviniblər, ümidləniblər, oturub intizarla xəbər gözləyiblər. Ancaq sonradan bu əsirlərin talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK xilas etməli olduğu bu 54 şəxsin başına gələnlərə, qara xaçlı qəddarların onları məhv etməsinə göz yumub, əsirlərin qanının batırılmasında iştirak edib, bu hərbi cinayətin araşdırılması istiqamətində heç bir iş aparmayıb. Əslində buna ehtiyac olmayıb. Güman ki, BQXK nümayəndələri həmin 54 hərbçinin hansı tale ilə üzləşdiklərini yaxşı biliblər və buna göz yumublar, cinayət barədə Azərbaycan tərəfinə məlumat verməyiblər.

esir.jpg (80 KB)

Belə bir məlumat var ki, BQXK 2014-cü ildə DNT məlumat bazasını yaradıb, ancaq bu bazanın itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da ondan xəbər verir ki, əslində BQXK öz üzərinə düşən missiyanı yerinə yetirməyib, itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşıb.

I Qarabağ müharibəsində atəşkəs elan edilməsindən 29, II Qarabağ savaşının dayandırılmasından 2,9 il keçir, hələ də minlərlə əsir və itkinimizdən xəbər yoxdur – nə erməni tərəfi bir məlumat verir, nə də BQXK. Erməniləri anlamaq olar, hərbi cinayət törədiblər, əsir və girovların çoxunu öldürüblər (“çoxunu” ifadəsini ona görə yazıram ki, sonuncu ümidlər məhv olmasın), bəs BQXK niyə itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır?

Budur, illərdir Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır.

21407-1549094949.jpg (30 KB)

1993-cü ilin avqustunda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində girov götürülmüş Şəmsi Şıxəliyevin başına gələnlər BQXK-nin yarıtmazlığının və erməni qəddarlığının bariz nümunəsidir. İxtisasca həkim olan və həmin vaxt Bakıda məşhur klinikalardan birində işləyən rəhmətlik Şəmsi (o, ötən il dünyasını dəyişib) işğal ərəfəsində doğma kəndinə, valideynlərinə köməyə gedib və orada girov götürülüb. Onu əvvəlcə Edillidə saxlayıblar. Ermənilər həkimin yanında onlarca girov və əsir güllələyiblər. 35 yaşında, fiziki cəhətdən sağlam və yaraşıqlı kişi olan Şəmsi doktor Bakı ermənisi olan bir qadının köməyi ilə qaçmağa çalışıb, amma yaxalanıb və ağır işgəncələrə məruz qalıb. BQXK onu da əsir kimi qeydə alıb. Daha sonra onu Eçmiədzinə aparıblar, orada o, nasist general Manvel Qriqoryanın şəxsi əsiri olub. BQXK onun xilası üçün heç bir addım atmayıb. Nəhayət, doktorun Moskvada işləyən qardaşı moskvalı ermənilərin vasitəsilə onun yerini öyrənib, general Qriqoryana 10 min dollar ödəməklə onun azad edilməsinə nail olub.

Ancaq heç də hamının bəxti gətirməyib. BQXK isə onların talelərinə biganə yanaşıb.

Biz xalqımızın övladlarına apokalpsis yaşadan işğalçı ermənilərin qəsb etdiyi torpaqları 3 il öncə geri ala bildik, amma onların məhv etdikləri insanları geri ala bilməyəcəyik. Hətta onların qalıqlarını da bizə vermirlər.

Alman nasistlərinin 1942-ci ildə Niderlandda saldıqları əsir düşərgəsində 101 özbəki əsiri güllələmələri barədə sənədl və bədii filmlər var, real hadisələr əsasında çəkilib. Ona baxanda bilirsən ki, erməni nasistlər də əsirlərimizlə bu cür davranıblar – bəlkə daha betər.

Xalid Kazımlı, Musavat.com