Xüsusi nümayəndələrlə icra başçıları “toqquşacaqmı” – Paralellik aradan qaldırılmalıdır
Sabiq icra başçısı: “Əsasnamə olmalı, burada yeni nümayəndəliyin və icra hakimiyyəti orqanlarının səlahiyyət sərhədlərinin hara qədər olduğu göstərilməlidir”
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı imzalayıb.
Fərmana görə, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinə ölkə başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. Fərmanla o da müəyyən edilib ki, xüsusi nümayəndə müəyyən ərazi hüdudlarında Prezidenti təmsil edən vəzifəli şəxsdir və Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Yeni xüsusi nümayəndəlikləri icra hakimiyyəti orqanlarından nə fərqləndirir? Onlar icra hakimiyyəti strukturlarının sıradan çıxmasına rəvac verə bilərmi?
Mövzunu AYNA-ya dəyərləndirən Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, bu kimi məsələlər Əsasnamə ilə tənzimlənməlidir: “Yəni, idarəetmədə modernləşmə, səmərəliliyin artırılması əsaslandırılmalıdır. Ondan sonra isə funksiyalar bəlli olmalıdır. Çünki bütün hallarda paralel səlahiyyət sahiblərinin gələcəkdə toqquşma ehtimalları çoxdur”.
“Ona görə də ya icra hakimiyyəti orqanları buraxılmalı və onların yerində valilik yaradılmalıdır. Belə olsa, valilik insitutunun yaradılması, bələdiyyələrin isə tamamilə ayrılması tətbiqi qaçılmazdır. Ya da əksinə olmalıdır. Çünki indiki zamanda səlahiyyətli nümayəndələrin komandası və aparatı olacaqmı, həmin rayonlarda icra başçıları da olduğu halda səlahiyyətli nümayəndələr hansı funksiyanı yerinə yetirəcəklər və s. kimi suallar açıq qalır. Lakin mən düşünürəm ki, bu tətbiq daha çox Prezidentin sonuncu müsahibəsində Şuşa ilə bağlı bəyanatından qaynaqlanır. Yəni, Prezident hökumətin içində yer almış etibarsız məmur mafiyasından qorunmaq üçün bu metoddan istifadə edir”, – həmsöhbətimiz bildirib.
Digər tərəfdən, Məmmədli bu tətbiqin səmərəli olub-olmaması barədə də birmənalı düşünmür: “Çünki bir orqanın buraxılmasının səbəbləri araşdırılmalı və aydınlaşdırılmalı, ondan sonra cəmiyyətə bu barədə mesaj verilməli və alternativ orqanın daha çevik idarəetmə, daha çevik hesabatlılıq şərtləri əsasında yaradılması elan olunmalıdır. Yəni, yeni orqanın səmərəliliyinin əvvəllkindən daha üstün olmasının şərtləri bu əsasnamədə təsdiqini tapmalıdır ki, daha sonra biz onu qiymətləndirə bilək”.
“Təbii ki, Prezident bütün hallarda, az öncə qeyd etdiyim mafiyadan və kənar qüvvələrdən ehtiyat etdiyi üçün, özünə bağlı və etibarlı olan fərdlərə önəm verir. Lakin unutmaq olmaz ki, Qarabağ mürəkkəb bir regiondur və orada hərbi-siyasi proseslər hələ də davam edir. Ona görə, yeni nümayəndəlik də ciddi və milli maraqlara söykənən komanda olmalı və oyunun tələblərinə uyğun qurulmalıdır”, – deyə sabiq icra başçısı vurğulayıb.
O, icra hakimiyyəti strukturlarının sıradan çıxarılması ilə bağlı ehtimalları da dəyərləndirib: “Təbii ki, bu ehtimallar doğrudur. Çünki struktur paralel olmaya bilər. Azərbaycan qanunvericiliyinə görə, Prezidentin bir neçə məsələ ilə bağlı səlahiyyətli nümayəndə təyin etmək səlahiyyəti var. Yeni orqan da assosiativ icra hakimiyyətləri orqanlarının funksiyalarını yerinə yetirmək kimi anlaşılır. Məhz bu səbəblərə görə, əsasnamə olmalı və bu əsasnamədə yeni nümayəndəliyin və icra hakimiyyəti orqanlarının səlahiyyət sərhədlərinin hara qədər olduğu bildirilməlidir ki, paralellik olmasın, eyni anda iki qurum tərəfindən ayrı-ayrı qərarlar verilməsin ki, gələcəkdə də qarışıqlıq yaranmasın. Ona görə də profilaktik olaraq bu məsələlər əvvəlcədən öz həllini tapmalıdır”.
“Bu gün icra hakimiyyəti orqanlarına bəzən “5-ci kolon”, yad ünsürlərin əlində olan alət, soyğunçu, talançı və s. bu kimi adlar qoyulur ki, yeni qurum da bundan sığortalanma yoludur. Ona görə də bu yeni nümyəndəlik fundamental, elmi əsaslı və Konstitusiyaya uyğun olmalıdır və daha çevik şəkildə işlərə başlamalıdır. Ondan sonra da icra hakimiyyətləri buraxılmalı, yerində yaranan qurumun səmərəliyi isə əasaslandırılmalıdır. Çünki icra başçılarını da Prezident təyin edir, səlahiyyətli nümayəndəni də. Məsələn, Şuşanın icra başçısını demək olar ki, tanıyan, onun nə işlə məşğul olduğunu bilən yoxdur. Çünki idarəetmədə ciddi böhran var və bu da böhranın ciddi təzahürlərindən biridir. Amma yenə də əsasnamədən sonra qiymət vermək olar ki, bu nümayəndələrin səlahiyyət sərhədləri hara qədərdir. Çünki təyin olunan şəxsi də birdən-birə çətin duruma salmaq olmaz. Düzdür, sədaqət, etibar, inam mühüm amillərdir, lakin həvalə edilən işi səmərəli şəkildə yerinə yetirmək etibarlığın ən mötəbər mərtəbəsidir”, – deyə Z.Məmmədli fikrini yekunlaşdırıb.