Xroniki ağızbüzmə xəstəliyi
Hamınız bilirsiniz, bu ölkədə ən kristal adamlara, ən ideal işlərə, ən əlverişli durumlara, ən mühüm qələbəyə, ən virtuoz sənətkarlara belə ağız büzən adamlar var. Axtarmağa da ehtiyac yoxdur, addımbaşı adamın qabağına çıxırlar.
Düzdür, onların faiz əmsalı çox deyil, təxminən 100 adamın 5-6-sı o cürdür, amma neft damlası bir vedrə bulaq suyunu içilməz edə bildiyi kimi, onlar da istənilən vaxt tozanaq qaldıra, ürək bulandıra, sakit adamları belə hiddətləndirə bilirlər.
Bəzən adam istəyir ki, onların büzülmüş ağzının üstündən azı iki il “su başına” geyilmiş qaloş tayı (özü də alt tərəfiylə) ilə o qədər vursun ki, ağız-dodaq əzələləri büzülmək funksiyasını birdəfəlik itirsin.
Özü də onlar hər şeyi bilirlər – ədəbiyyatı, siyasəti, futbolu, mədəniyyəti, hüququ, hər şeyi. Zövqləri də, maşallah olmasın heç, çox incədir.
Füzuli dirilsin, gəlsin, Şərqdə dillər əzbəri olan qəzəlləindən daha birini yazsın, ağız büzəcəklər, üstünə “ortabab şair” ad qoyacaqlar, sosial şəbəkədə “qızı yerində qızlara şeir yazan qoca manyak” adlandıracaqlar. Nizami heç, o, çoxdan saray şairidir, o həşəməti ilə bu gün sağ olsa və ağzını açıb bir söz desə, ya deyəcəklər, 850 ildir xasiyyətindən əl çəkmirsən dəə, yenə hökumətə işləyirsən, yox, dissidentlik eləsə, deyəcəklər, xeyir ola, yenə kimdən qrant alıb trolluq edirsən?
Söz yox, adları çəkilən və çəkilməyən dahilərin öz zamanında da bu tip insanlar olub və ağızları yumulana qədər onlara ağız büzüblər. Axundovun başına gələnləri bilirsiniz, Vaqifin aqibətindən də xəbəriniz var. O birilər də eləcə. Guya Üzeyir bəyin şedevr əsəri, bu gün 10 milyon insanın qəlbini oxşayan “Koroğlu” üvertürasına ağız büzən olmayıb? O qədər olub ki. Dalınca orda-burda pis-pis danışıblar, barəsində donos da yazıblar.
Bəzən deyirlər, Allah hərəni bir cür yaradıb, guya cəmiyyətdə belə adamlar da olmalıdır. Hamı hər şeyi bəyənə bilməzmiş, zövqlər müxtəlifmiş, filan-bəsməkan.
A bunların zövqü yerə girsin, pambığın ağ və yumşaq olmasına niyə etiraz edirlər axı? Bütün dünya bilr ki, göydəki günəşdə yarım saatlıq qısaqapanma olsa, Yerdə həyat sönər, amma bunlar aksiomlarla da razılaşmırlar, nə var, nə var, öz fikirləri varmış.
Bu gün yazıçılarımızdan, kimyaçılarımızdan, nə bilim, həkimlərimizdən biri Nobel mükafatına layiq görülsün, ölkəmizin adını dünyayla bir eləsin, harda ağır seyid var, cəddinə and içərəm ki, xalqımızın qatı düşmənləri paxıllıqdan çatlaya-çatlaya qoymaq üçün mız tapmamış, öz ağızbüzənlərimiz adamı peşman edəcəklər, “layiq deyildi, Allah bilir, hansı fırıldaqla aldı mükafatı” deyəcəklər.
Bu ölkədə dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə belə ağız büzənlər var, nəyi qoyub, nəyi axtarırıq?
Ən pisi odur ki, bu xasiyyət sirayətedicidir, ağızbüzənlər o mürdəşir yumuş ağızlarını bir büzürlər, iki, beş, on büzürlər, bir də baxırsan, bir sürü özləri kimisi var, büzhabüzdür.
Başqa heç nə yox, Şuşanın 28 ildən sonra ermənidən geri alınmasına ağız büzənlərin hərəkəti adamı yandırır. Yəni bundan da o yanası varmı? Bu, az qala bütün azərbaycanlıların qırmızı xəttiydi axı, əhd predmeti olmuşdu. Bir dəfə də yazmışıq, yenə yazaq, ötən ilin oktyabrında, döyüşlərin şiddətli vaxtı bir ateist əhd etmişdi ki, Şuşa alınsa, Gövhərağa məscidində namaz qılacaq, bir mömin də əhd etmişdi ki, Şuşa azad edilsə, ömründə ilk dəfə araq içəcək. Yəni Şuşa bütün arzuların fövqündəydi, əlçatmaz uzaqlıqdaydı, amma indi əsgərlərimiz Şuşada qartopu oynayır, yamacda sürüşür, müğənnilərimiz Cıdır düzündə konsert verir, jurnalistlərimiz Şuşadan fotosessiya edir…
Fəqət ağızbüzənlər yenə var. Gah deyirlər, yox e, hamısı oyundur, danışılmışdı, Şuşa bizə hədiyyə verilib. Gah deyirlər, yo, almağına aldıq, amma astarı üzündən baha başa gəldi, çox itki vermişik, xalqın balaları qırılıb… Gah “rus göz yumdu”, gah “türklər kömək elədi”, gah da “ortada beş milyard məsələsi var” deyirlər. Axır, ağızları düzəlmir ki, düzəlmir.
Daha pisi odur ki, belə hərəkətlər adamın əlini-qolunu yaxşı iş görməkdən soyudur.
O gün əməkdaşlarımız iki gün əziyyət çəkib, min kilometr yol qət edib, işğaldan azad olunmuş yaşayış məntəqələrindən əla filmlər hazırlayıblar, bir neçə ağızbüzən görülən işi puç etmək üçün götürüb şərh yazıb ki, niyə o qəsəbələr üçün “xaraba qalıb” deyirsiniz. Müəlliflərdən biri hiddətlənmişdi, deyirdi, yaxşı, nə deyək, deyək ki, ermənilər qəsəbələrmizi dağıtmayıblar, talan eləməyiblər, güllük-gülüstanlıq ediblər?
Doğrudan da bu adamlar ağızlarını bir az qənaətlə büzsələr, bir dəfə də nəyəsə büzməsələr, mız qoymasalar, nə olar? Yuxarıdan “ey nankor bəndə, biz səni ağız büzmək üçün yaratmışıq, tez ol, funksiyanı icra et” direktivi gələr?