Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın dəstəyilə Azərbaycanın Xocalı şəhərində yerli əhaliyə qarşı soyqırımı törədildi. Qanlı cinayət nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla 613 nəfər bir gecədə qətlə yetirildi. Geosiyasi maraqlara cavab verməyən ölkələrdə “ədalət” axtaran qlobal güc mərkəzlərinin və onların idarə etdikləri beynəlxalq təşkilatların “qulaqlarının eşitdiyi”, “gözlərinin gördüyü” bir coğrafiyada soyqırımının həyata keçirilməsi suallar doğurur.
Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı qeyd etdiyi fikirlər bu hadisənin siyasi, mənəvi, psixoloji tərəflərini tam ifadə edir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
“Xocalıya ədalət”lə bağlı beynəlxalq təşkilatlardan gözləntilərin Azərbaycan toplumunda kədər və ümidsizlik yaradan səbəblərinin bir neçə istiqamətdə qısa şərhini versək, o zaman aydın olur ki, bu hadisədən həm sağ qalanların, həm də faciə qurbanlarının yaxınlarının güclü emosional reaksiyalar doğuran xatirələrinin bütün cəmiyyətin kollektiv yaddaşında yaratdığı mənəvi sarsıntılar və psixoloji tramvaları 30 il müddətinə yalnız Azərbaycan dövləti və xalqı hiss etmişdi.
Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, münaqişənin həll olunması ilə bağlı yaradılmış xüsusi missiyadan umduqları “ədaləti” 44 günlük müharibədə verdiyi qərarları, diplomatiya meydanında özünəməxsus gedişlər etməsi ilə Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Lakin bu böyük Qələbə XX əsrin faciəsi sayılan Xocalı qurbanlarının doğmaları üçün təsəlli olsa da, Xocalıda şəhidlərin qanı hopmuş müqəddəs torpaqların üzərində “hərbi xunta” rejiminin fəaliyyəti ədalətin tam bərpasında ciddi əngəl olaraq qalırdı.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı