22 Dekabr 2024

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti–Xocalı soyqırımını törətdiyi gündür. Bu soyqırımı 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir. Xocalı qətliamı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşarıdır. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gedib. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Amma bu çox çəkmədi və Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri yarandı. Xocalı soyqırımı… 1992-ci il fevralın 26-da qanunsuz erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə girməsi ilə 613 dinc sakin vəhşicəsinə qətil yetirildi, 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu və bununla da Ermənistan monoetnik dövlətə çevrildi.

Bu gün Xocalı azaddır, ötən il birgünlük antiterror tədbirləri ilə Xocalı azad edildi. Lakin ermənilərin 32 il əvvəl Xocalıda törətdiyi faciə yüz illər bundan sonra da yaddaşımızdan silinməyəcək. Çünki buna bizim haqqımız yoxdur. Elə bu baxımdan da Xocalı faciəsi günü ərəfəsində Xocalını yada salır və ermənilərin törətdiyi vəhşilikləri bir daha xatırlayırıq. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı