22 Dekabr 2024

Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALINIR

Xəzər dənizinin quruması ilə bağlı bir sıra məlumatların yayılmasından sonra, bu gün də Sumqayıt Bulvarında dənizin su səviyyəsinin ciddi şəkildə çəkildiyi məlum oldu. Bir neçə gün öncə NASA-nın (ABŞ-ın kosmik tədqiqata həsr olunmuş bir qurumu) Xəzər dənizi ilə bağlı kosmosdan çəkilmiş fotoları da Xəzərdə su səviyyəsinin ciddi şəkildə azaldığını bir daha sübut etdi.

Mövzu ilə bağlı AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a danışıb. O, Xəzər dənizində suyun çəkilməsi kimi halların əvvəllər də baş verdiyini, lakin Hazırda mövcud olan quraqlığın bu günə qədər baş vermiş heç bir quraqlığa bənzəmədiyini bildirib:

“Əslində suyun çəkilməsi Xəzər dənizində ilk dəfə baş vermir, bir neçə dəfə də baş verib, lakin son günlərdə suyun səviyyəsi nə qədər azalıbsa, artıq xarici qurumlar belə mövzuya qarışmağa başlayıb. Bu proses hardasa 70-ci illərdə də baş vermişdi, o zaman da panika yaranmışdı, vəziyyət həqiqətən də, ciddi idi. Dünyanın bir sıra ölkələrindən bir çox alimlər gəlib suyun azalmasına onlarla səbəb gətirdilər. Lakin bir müddətdən sonra yenidən dənizin suyu qalxdı və öz normasına düşdü. Hazırda baş verən quraqlıq da mən deyərdim ki, problemin ciddi olduğundan xəbər verir. bunun əsas səbibi ondan ibarətdir ki, bilənlər bilir, Xəzəri əsas suyla təmin edən çay Volqa çayıdır ki, o da Rusiya ərazisindən gəlib Xəzərə tökülür. Ola bilsin ki, Volqa çayında suyun səviyyəsi azalıb və Kür çayı da bilirsiniz ki, Xəzər dənizinə tökülür və Kürün də suyu tez-tez azalır, qalxır, eyni zamanda dənizdə baş verən tektonik hərəkətlənmənin də su səviyyəsinin azalmasına ciddi təsir edir. Hazırda dövlətin də bu barədə hər hansı bir tədbiri yoxdur, sadəcə oturub gözləmək lazımdır, amma hazırda Xəzərdəki problemin ciddi olduğunu deyə bilərik”.