“Xəstələr əlçatmayan xeyli xidmətdən yararlana bilirlər”

İcbari tibbi sığortanın üstünlükləri…
“İcbari tibbi sığortanın tətbiqinin ölkəmizdə müsbət təzahürləri hiss olunmaqdadır. Vətəndaşlar sistemdən istifadə edərək müayinə və müalicələrini edirlər”. Bu fikirləri “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov icbari tibbi sığortaya keçiddən sonra səhiyyə sistemindəki durumu şərh edərkən bildirdi. Onun sözlərinə görə, xəstələr əlçatmayan xeyli xidmətdən yararlana bilirlər: “Əksər genişmiqyaslı sistemlərdə olduğu kimi, icbari tibbi sığortada da çatışmazlıqlar var. Əsasən bürokratik çətinliklərlə qarşılaşırıq. Bilirsiniz ki, sığorta ilə müraciət edən xəstə ilk növbədə ailə həkiminə müraciət edir və araşdırmadan sonra növbəti instansiyalara yönəlir. Bu mənada insanların daha yaxşı məlumatlandırılması lazımdır. Digər tərəfdən, sığorta sisteminin daha çox patologiyanı əhatə etməsini istərdim. Təbii ki, vətəndaşların adekvat olması, müəyyən növbələrə əməl etməsi və s., bir sözlə, qarşılıqlı anlaşma şəraitində çalışmağımızı istərdim. Sistemin qısa zamanda təkmilləşəcəyinə ümid edirəm”.
Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımova bildirdi ki, icbari tibbi sığortanın tətbiqi həm həkimlərə, həm də xəstələrə bir çox avantajlar yaradıb: “Bizə müraciət edən xəstələrin çoxu illərdir maddi sıxıntıları olduğu, yaxud da özəl xəstəxanaya müraciət etdikləri zaman müalicə baha başa gəldiyi üçün müalicələrini yarımçıq qoymağa məcbur olmuşdular. Sistemin işə düşməyi həkimlər üçün də rahatlıq yaratdı: xəstələri analizlərə göndərmək, mərkəzləşdirilmiş qaydada idarə və s. Önəmli məsələlərdən biri də budur ki, həkimlərin maaşı yüksəldi, bonuslar verilir”.

Həcər Kazımova
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bugünlərdə yaydığı məlumatda icbari tibbi sığortadan pulsuz yararlana biləcək şəxslərin siyahısı təqdim olunub. Belə ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. İcbari tibbi sığorta haqqı ödəməyən şəxslər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyac yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda, vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanmaq mümkündür. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə vətəndaş tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.
Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət etmək mümkündür. Tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, agentlik tibbi xidmətin dəyərini qarşılayır.