18 Oktyabr 2024

Xaricdəki ermənilər: “Son dərəcə pərişanıq”

Ermənistan dövləti diaspora “bol süd verən inək” kimi baxır

“The Armenian Weekly” nəşri ultra-millətçi baxışları ilə tanınan, 1890-cı ildə yaradılmış Erməni İnqilabi Federasiyasının (Daşnaktsutyun) mətbuat orqanıdır. “What can the Diaspora do now?” (İndi diaspora nə edə bilər?) adlı məqalədə erməni diasporu ilə Ermənistan arasında mövcud olan əlaqələrə yenidən baxılması təklif olunur.

Musavat.com-un məlumatına görə, məqalənin müəllifi Raffi Bedrosyan yazır ki, dünyanın hər yerində yaşayan ermənilər Artsax (Qarabağ) və Ermənistanın məğlubiyyəti ilə nəticələnən müharibəyə görə son dərəcə pərişandır:

“44 günlük müharibədə vətənimiz viran qaldı. Üstün silahlarla, xüsusən pilotsuz uçaqlarla təchiz olunmuş düşmənlə vuruşduq. Ermənistan ordusunun müharibənin son gününə qədər hər şeyin yaxşı olduğu və qalib gələcəyimizə dair cəsarətləndirici, lakin yanlış xəbərlər yayması yaşadığımız şoku daha da artırdı. Diaspora erməniləri bir ayda son 20 ildə yığılan vəsaitdən daha çox pul toplayaraq müharibənin Ermənistanın xeyrinə bitməsi üçün töhfə verdilər. Bundan əlavə bir çox diaspora təşkilatları Ermənistana material, dərman və geyim də göndərdilər”.


“Diaspora bir ayda son 20 ildə yığılan vəsaitdən daha çox pul toplayıb” fikri konkret olaraq hansı mənbəyə və hansı statistik göstəricilərə söykənir? Müəllif bu suala cavab vermir və bu məsələnin üzərindən sükutla keçir. Ancaq söhbətin bir neçə milyard dollardan getdiyini ehtimal etmək olar. Erməni müəllifin yazdıqları onu da deməyə əsas verir ki, Azərbaycan əsgəri həm də erməni diasporuna qarşı vuruşub, onları da məğlub edib.

“Məğlubiyyətə görə, həm indiki, həm də keçmiş hökumət rəhbərlərinə qarşı əsəbi və kəskin ittihamlar səslənir. Diaspora erməniləri arasında tam bir məyusluq, inamsızlıq və etimad itkisi var. Qəzəb və etirazların çaxnaşması azaldıqdan sonra soyuq düşüncə qalib gələcək, keçmiş və indiki hökumətlərin səhv idarəçiliyini müzakirə etməklə yanlışlardan dərs götürə bilərik”,-deyə müəllif yazır.

Məqalədə deyilir ki, Ermənistan dövləti diaspora “bol süd verən inək” kimi baxmamalıdır: “Düzdür, xaricdəki ermənilərin maliyyə, texnoloji, elmi və iqtisadi imkanları genişdir və onlar ağır vəziyyətə düşmüş Ermənistanın bərpasına kömək edə bilərlər. Diaspora Ermənistan əhalisini ən azı iki dəfə artması üçün ciddi addımlar atmaq gücündədir”.

“Ermənistan əhalisinin iki dəfə artması” son dərəcə mübahisəli iddiadır. Dünya Bankının Ermənistan Statistika Komitəsinin nəticələrinə əsaslanan göstəricilərinə görə, 1991-ci ildə Ermənistan əhalisinin sayının 3.505 min nəfər olub. 2018-ci ildə bu say azalaraq 2.952 min nəfər təşkil edib. Böyük ehtimalla demək olar ki, müharibədə acınacaqlı məğlubiyyətdən sonra Ermənistan əhalisi bir qədər də azalıb. Ümumiyyətlə, Ermənistanın ən böyük problemi əhalinin artımı ilə bağlıdır. Ölkədə demoqrafik vəziyyət təhlükəli həddə çatıb.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan 2050-ci ildə Ermənistanda əhalinin 5 milyon nəfərə çatacağını iddia etmişdi. Ancaq BMT-nin İqtisadi və Sosial Münasibətlər departamentinin hesablamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2.400 min olacağı proqnozlaşdırılır.

Bütün bunları ona görə qeyd edirəm ki, diaspor erməni xalqının bu və ya digər probleminin həllinə reallığa söykənən yanaşma nümayiş etdirmir. Bu isə o deməkdir ki, Ermənistan üçün ortada olan problemlərə rasional həll variantı tapmaq çətin olacaq.



Məqalənin sonunda deyilir ki, xaricdə yaşayan hər bir erməni gəlirinin 5 faizini Ermənistan üçün ayırmalıdır: “İqtidarda kimin olmasından asılı olmayaraq Ermənistan rəhbərliyi Avropa, Şimali Amerika, Cənubi Amerika, Yaxın Şərq və Rusiya diasporu nümayəndələrinin hökumətdə təmsil olunmasını təmin etməlidirlər. Bu, diaspora ilə Ermənistan arasındakı münasibətləri daha səmərəli hala gətirə bilər”.

Əslində erməni xalqının ən böyük problemi onun diasporu ilə bağlıdır. Ultra-millətçi şüarlara söykənən diaspora Ermənistan dövlətinin qonşularla normal münasibətlər qurmasına imkan vermir və erməni xalqını qonşularla müharibəyə təşviq edir. Ermənistan dövlətinin işğal altında olan Azərbaycan torpaqlarını sülh yolu ilə geri qaytarmasına imkan verməyən ən böyük güc mərkəzi məhz erməni diasporu idi. Onların hal-hazırda ortaya qoyduğu mövqe qisasçılığa və düşmənçiliyin davamına rəvac verir. Ermənistanın xilası isə qonşularla, xüsusən Azərbaycan və Türkiyə ilə anlaşmadan keçir.

Elbəyi Həsənli, Sürix

What can the Diaspora do now? (armenianweekly.com)