22 Dekabr 2024

Xankəndi ilə təmas: Vardanyansız çözüm yolları açıq, şərtlər bəllidir – ANALİZ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Azərbaycan Respublikasının rəsmi nümayəndələri ilə Xankəndidəki erməni icmasının təmsilçiləri arasında görüş keçirildiyini açıqlayıb. Bu görüş RF-nin baş diplomatında Laçın dəhlizində yaranmış vəziyyətin qısa zamanda həllini tapacağına ümid yaradıb. Lavrovdan başqa hələ heç bir rəsmi və qeyri-rəsmi mənbə, o cümlədən Qarabağdakı seperatçı rejim məlumat barədə açıqlama verməyib. Bununla belə, Rusiyalı diplomatın qeyri-səhih məlumat yaydığını düşünmək də sadəlövhlük olardı. Bu da məsələnin təhlilinə ehtiyac yaradır.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Xankəndi-Laçın yolunda aksiyaya başlayandan sonra Ermənistan məsələni beynəlxalq təşkilatların əli və rəsmi Bakıya diplomatik təzyiqlərin göstərilməsinə nail olmaqla çözmək istədi. Ancaq bu taktika özünü doğrultmadı. Əvvəla, Ermənistan ekoloji aksiyanı Azərbaycanın Xankəndini blokadaya alması və nəticədə Qarabağdakı ermənilərin humanitar fəlakətlə üzləşməsi kimi qələmə vermək istədi. Ancaq hər gün bu yolda onlarla avtomobil hərəkət edir, “Qızıl Xaç”ın timsalında beynəlxalq təşkilatlar Xankəndiyə humanitar yardımlar daşıyır, tibbi dəstəyə ehtiyacı olan xəstələr maneəsiz formada Ermənistana təxliyə olunurdular. Odur ki, “erməni yalanı” işə yaramadı və Azərbaycan “koridoru açın” hədələrinə əhəmiyyət vermədi. Rəsmi Bakının haqlı mövqeyi qarşısında Nikol Paşinyan məsuliyyəti öz hökumətinin boynundan atmağa və problemin Bakı və Xankəndi arasında çözülməsini vurğulamağa başladı.

Ermənistan Xankəndini hər zaman Bakıya tərəf kimi qəbul etdirməyə çalışıb və Azərbaycan təbii ki, seperatçıları “muhattap” olaraq qəbul etməyib.

Eyni zamanda, Ermənistan qonşu dövlətin torpaqlarını işğal etmədiyi barədə gözə kül üfürmək, işğalın hüquqi nəticələrindən yayınmaq üçün “DQR”-in müstəqil bir dövlət olmasından bəhs edib.

Ancaq hazırda yuxarıdakı iki punktual məsələ nisbətən arxa plana keçib.

İlk növbədə Azərbaycan Ermənistana hər fürsətdə təzyiq göstərir ki, İrəvan Azərbaycanın daxili işlərinə qarışmasın.

Bundan savayı, Xankəndini qabağa verməklə Nikol Paşinyan öz hökumətinə qarşı yeni ittihamlar yaratmaq istəmir.

Nəhayət, Xankəndiyə xüsusi ezam olunmuş avantürist Ruben Vardanyan Ermənistanda Nikol Paşinyandan iqtidarı almağı planlaşdırır. Bu səbəbdən də İrəvan hökuməti Arayik Arutyunyandan fərqli olaraq, Vardanyana asanlıqla söz keçirə bilmir.

Bu gün Xankəndidə seperatçıların faktiki olaraq iki hakimiyyəti mövcuddur. Formal iqtidarda Arayik, faktiki iqtidarda Rubendir. Elə bu aralıqda məlum oldu ki, Arayiklə-Ruben arasında ciddi ixtilaflar mövcuddur və erməni mediasının yazdığına görə, bu ixtilaflar Rubenin Qarabağın spesifikasını bilməməsindən qaynaqlanır. İddiaya görə, konfliktin birinci raundunda Vardanyanı “post”undan azad etməməklə Arayik bu spesifikasını öyrənmək üçün Xankəndiyə ezam olunmuş avantüristə müəyyən vaxt verib. Ancaq bu heç də reallığı olduğu kimi əks etdirmir. Gerçəklik ondan ibarətdir ki, Arutyunyanın Vardanyana qarşı çıxmağa, onun seperatçı hakimiyyəti ələ keçirməsinə mane olmağa cürəti çatmır. Xankəndini tərk etməyə imkanı olanda Arutyunyan tez-tez Moskvada peyda olur, Rusiyanın təsirli xəfiyyələri ilə otellərdə görüşlər keçirirdi. “Vardanyan planı” da ona məhz Moskvada təqdim olunub və Rubenin “dövlət naziri” təyin olunması üçün o, əlbəttə, elə çirkli milyarderdən ciddi məbləğdə rüşvət alıb. Bu səbəbdən də Arayik Rubenə qarşı qətiyyətli mövqe tuta bilməz, onun “nazir”ə qarşı son həmləsi ilk növbədə İrəvandan gələn təzyiqlərə görə idi. Arayik “istefa verərəm” hədəsi ilə bir tərəfdən həm İrəvanı, həm də Vardanyanı fakt qarşısında qoymuş oldu. Qarabağda yeni “seçki” keçirilməsi artıq mümkünsüz olduğundan Arayikin istefası bütün dəngələri dəyişir. Elə bu səbəbdən də hər iki tərəf- həm Paşinyan, həm də Vardanyan Arutyunyanla hesablaşmağa məcburdur. İstefa hədəsi ilə Arutyunyan baş verənlərin və baş verəcəklərin məsuliyyətini öz üzərindən atdı və daha çox Vardanyana yüklədi.

Vardanyan Xankəndiyə böyük pullarla və erməni revanşistlərinə böyük ümidlər verərək gəlib. O, “Artsaxın müstəqilliyi”ndən vaz keçməyəcəyini bəyan edir, kisə-kisə para xərcləyərək Ermənistandan adam gətirərək və Qarabağdakı işğalçı qoşunların qalıqlarına mülki paltar geyindirərək aksiyalar təşkil edir, Bakıya meydan oxuyur, Azərbaycanın rəsmi nümayəndələrinin Ağdərə mədənlərində monitorinq aparmasını əngəlləyərək özündən “qəhrəman” düzəldirdi. Ancaq tülkü öz çoxbilmişliyindən tələyə düşdü. Ekoloji aksiyadan sonra Ermənistanda olduğu kimi, Qarabağdakı erməni əhalisinin də önəmli hissəsi artıq onu fəlakət mənbəyi hesab edir. Bu tendensiya Ruben Vardanyanın açıqlamalarına sirayət edir. O, seperatçıların bu gün keçirilən toplantısında bildirib: “Uğur qazanmağın yeganə yolu birliyimizdir və bəli, mən prinsiplərimlə razılaşanlarla birlikdə çalışacağam”. Göründüyü kimi, Vardanyan Xankəndidəki çətədə onun “prinsiplər”i ilə razılaşmayanlar olduğunu və əks mövqedə olanlarla yolunun ayrılacağından bəhs edir.

Xankəndidə və Xankəndi ilə İrəvan arasında belə kəskin ziddiyyətlərin meydana çıxması, heç şübhəsiz, ekoloji aksiyanın yaratdığı yeni situasiyada maraqlar toqquşmasının əksidir. İrəvan və Xankəndi nə birlikdə, nə də ayrılıqda vəziyyətdən çıxış yolu tapa, Azərbaycanın şərtləri qarşısında nə etməli olduqları barədə ortaq məxrəcə gələ bilmirlər. Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, Azərbaycan aksiyanın dayandırılması müqabilində 5 əsas şərt irəli sürüb. Şərtlər bunlardır:

1. Ruben Vardanyanın seperatçı rejimdə tutduğu vəzifədən azad edilməsi və bölgədən uzaqlaşdırılması;

2. Qanunsuz istismar olunan mədənlərin fəaliyyətinin dayandırılması;

3. Laçın dəhlizində skanerlərin quraşdırılması;

4. Quraşdırılacaq skanerlərin fəaliyyətinə Azərbaycan nümayəndələrinin də nəzarət etməsi və yüklərin daşınmasına göz qoyulması;

5. Ermənistan qoşunlarının qalıqlarının, ilk növbədə ağır hərbi texnikanın bölgədən çıxarılması.

Nəşrin üslubu və terminologiyası əlbəttə fərqlidir və heç də mümkün tələbləri olduğu kimi əks etdirmir. Məsələn, rəsmi Bakı Ağdərədəki mədənlərdə təkcə istismarın dayandırılmasında deyil, orada monitorinq aparılmasında, Azərbaycana dəyən ziyanın hesablanmasında və yataqların tərəfimizdən istismar olunmasında israr edir. Bütün hallarda, prezident Əliyev məsələyə kifayət qədər aydın, birmənalı və kompleks şəkildə yanaşır. Bir aydan çoxdur ki, Xankəndi yolunda fasiləsiz keçirilən ekoloji aksiya Qarabağda ermənilər üçün yeni status-kvo yaradılması və bu məqsədlə Ruben Vardanyanın bölgəyə ezam olunması planını iflasa uğradıb. Aksiya nəticəsində rəsmi Bakının əli bu qədər güclənibsə və öz şərtlərini qarşı tərəfə diqtə etmək üçün yeni imkanlar formalaşıbsa, Rusiya xarici işlər nazirinin səsləndirdiyi “dəhlizdə yoxlama cihazlarının qoyulması və ancaq bu cihazların Rusiya Sülhməramlı Kontingenti tərəfindən Azərbaycanın nəzarəti olmadan idarə edilməsi” məzmunundakı təklifi kifayət qədər səthi və yarımçıq görsənir. Şərtlər tam şəkildə və istisnasız yerinə yetirilməli, Xankəndinin Azərbaycana təhvil verilməsi prosesi sürətlənməlidir.

Dünən millət vəkili Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP Xankəndi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “BAXCP hesab edir ki, Azərbaycanın silahlı qüvvələri Xankəndinə daxil olmayana və terrorçular tərkisilah edilməyənə qədər indiki şərtlər altında Qarabağda dövlət suverenliyimizin tam bərpası qeyri-mümkün görünür. Çünki regionda maraqları olan böyük güclər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini və Qarabağ üzərində dövlət suverenliyinin bərpa olunmasını istəmirlər. Hazırda həmin dövlətlər Ukraynada müharibəyə cəlb olunduğundan Azərbaycan öz ərazisində dövlət suverenliyinin bərpası üçün antiterror əməliyyatları da daxil olmaqla qəti addımlar atmalıdır”.

Bu bəyanat yaxın zamanlarda Azərbaycanın irəli sürdüyü şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə, atılacaq addımların anonsu kimi görünür. Sülh danışıqları bütün formatlarda Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatın şərtlərinə zidd davranması və “vaxt udmaq” taktikası ilə çeşidli beynəlxalq güc mərkəzləri arasında manevrlər etməsi nəticəsində faktiki olaraq dayanıb. Belə bir şəraitdə Ermənistanın masaya qayıtması üçün Paşinyanın kreslosu bir qədər silkələnməlidir. Ruben Vardanyana isə Xankəndini tərk edərək Gorusa necə çata biləcəyi barədə sosial şəbəkələrin Azərbaycan seqmentində bir neçə gündür yol göstərilir.

AzNews.az xəbər portalının analitik qrupu

QEYD: Analiz “İctimai və dövlət maraqlarının müdafiəsi” kateqoriyası üzrə Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.