23 Noyabr 2024

Xankəndi blokadadırmı? -ANALİZ

Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının Xankəndi yolundakı aksiyasının ilk həftəsi geridə qalıb. Bu bir həftə ərzində QHT və media sektorunun nümayəndələri işğalçı qalıqlarının törətdiyi ekoloji fəlakətin qarşısının alınması tələbi ilə Qaladərəsi-Xankəndi yolunda aramsız piket təşkil ediblər. Rusiya Sülhməramlı Kontingenti (RSK) aksiya meydançasının hər iki tərəfinə- həm Qaladərəsi, həm də Xankəndi istiqamətində- barrikadalar qurduğundan, yola daş plitələr düzdüyündən, əsgər və zirehli texnika yerləşdirdiyindən “Laçın yolu” işlək deyil. Yolda Azərbaycandan asılı olmayan səbəblərdən hərəkətin məhdudlaşması Xankəndi və İrəvan arasında sərbəst gediş-gəlişi dayandırıb və nəticədə RSK-nın məsuliyyət zonasında tamamilə yeni və fərqli bir realııq yaranıb. Ancaq bu yeni və fərqli reallığı heç bir halda “blokada” kimi təqdim etmək olmaz.

Əvvəla ona görə ki, istənilən bir bölgəni blokadaya almaq üçün maraqlı dövlət, indiki halda Azərbaycan hərbi gücdən istifadə etməlidir. Üçtərəfli Bəyanata əsasən hazırda RSK-nın müvəqqəti nəzarətində olan Laçın dəhlizində Azərbaycanın bircə nəfər əsgəri, bircə ədə texnikası yoxdur. Üçtərəfli Bəyanata imza atmaqla rəsmi Bakı öz üzərinə Laçın dəhlizində hərəkətin təhlükəsizliyinə təminat vermək öhdəliyi götürüb və bu öhdəliyinə sadiqdir. Bəyanatın qəbul edildiyi 10 noyabr 2020-ci ildən bu yana Laçın dəhlizində və ona alternativ yolda hərəkət edən bir insana, maşına, yükə Azərbaycan tərəfindən atəş açılmayıb, zərər vurulmayıb.

İkincisi, istənilən blokadanın yaradılmasında məqsəd hər hansı bir məntəqəyə giriş-çıxışın kəsilməsi olur. Azərbaycan vətəndaş cəmiyyətinin fəallarının aksiyasının məqsədi Xankəndiyə giriş-çıxışın dayandırılması deyil. Əksinə, istər aksiya iştirakçıları, istərsə də dəfələrlə bəyan ediblər ki, erməni mənşəli şəxslər hər iki istiqamətdə yoldan sərbəst şəkildə istifadə edə bilərlər. Aksiya başlamazdan öncə Gorusdan Xankəndiyə, Xankəndidən Gorusa gedənlər Rusiya sülhməramlılarının postlarından keçir, onlar tərəfindən müşayiət olunurdu. Məsələnin mahiyyəti odur ki, indi RSK yoldan keçən erməniləri müşayiət etmək, aksiyaçıların gözü önündən keçirmək istəmir.

Bu iki vacib elementi bir araya gətirəndə Xankəndi yolundakı aksiya iştirakçılarının sivil sosial statusuna qarşı İrəvan mediasının apardığı qaralama kampaniyasının məqsədi üzə çıxır. Mən də həmin aksiyada iştirak etmişəm və orada QHT və media nümayəndələrindən savayı kimsəyə rast gəlməmişəm. Odur ki, aksiya iştirakçılarını “mülki geyimli hərbiçilər”, “xüsusi təyinatlı polislər”, “MİT tərəfindən təlimləndirilmiş bozqurdlar” və s. kimi təqdim etmək, etirazçıların bəşəri dəyərlərə və ekoloji problemlərə həssaslığını şübhə altına almaq gülüş doğuran xəstə təxəyyül məhsulundan başqa bir şey deyil. Belədə məntiqi bir sual yaranır: nədən ermənilər RSK-dan onların aksiya gedə-gedə Laçın yolundan istifadə etmələrinə şərait yaratmağı xahiş və ya tələb etmək etmək əvəzinə, xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, İrəvandakı səfirliklərdən mədəd umurlar?

Öncə onu deyək ki, bu saxta hay-küyün, ağlaşmanın heç bir hüquqi əsası, real nəticəsi ola bilməz. Ona görə olma bilməz ki, lap Xankəndi blokadaya alınmış olsaydı belə, bu, beynəlxalq hüquqa zidd deyil. Dövlətlər sülhü, əmin-amanlığı və təhlükəsizliyi təhdid edən məntəqələri blokadaya ala, izolyasiya edə bilərlər. Bütün dünya bilir ki, Xankəndidəki cinayətkar rejimin qalıqları və Ermənistanın Qarabağdakı işğalçı qoşunlarının tör-töküntüləri BMT üzvü olan Azərbaycanın suverenliyin, ərazi bütövlüyünə təhdid olmaqla bütün Cənubi Qafqazda sülh şəraitinin formalaşmasına ən böyük əngəldir. Azərbaycanın tam haqqı var ki, həmin əraziyə silah-sursat daşınmasının qarşısını alsın, seperatçıların işğalçı Ermənistanla qanunsuz iqtisadi-ticari əlaqələrini bloklasın, sərvətlərinin talanmasını dayandırsın. Bunu İrəvandakı və Xankəndidəki revanşistlər də çox yaxşı bildiyindən aksiyaya qarşı iki əsas anti-tezisdən istifadə edirlər.

Birinci anti-tezisi irəli sürərkən Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməyə istinad etməyə çalışırlar. Həmin bəyannamənin 13-cü maddəsində hər bir şəxsin hər bir ölkə daxilində sərbəst hərəkət etməsinə, o cümlədən ölkəsini tərk etməsinə və geri qayıtmasına təminat verilir. Ancaq bu hüquq məhdudlaşdırıla biləndir. Belə ki, məsələn, cinayət törətməkdə təqsirli bilinən və axtarışda olan şəxslərin istər ölkə daxilində hərəkətinə, istərsə də xaricə gediş-gəlişinə qadağalar mövcuddur. Məsələn, “DQR prezidenti” Arayik Harutyunyana Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi açıldığından o nəinki Azərbaycan hüdudlarında və ondan kənarda sərbəst şəkildə hərəkət edə bilər, hətta görüldüyü yerdə həbs olunmalıdır. Axtarışda olmayan mülki ermənilərin isə Azərbaycanın daxilində və xaricində sərbəst hərəkət etməsinə heç bir maneə yoxdur.

İrəvan mediasının digər məkrli və saxta propoqandası “humanitar fəlakət” uydurmasıdır. Əgər bir ərazi blokadaya alınıbsa, hədəf insanların qida çatışmazlığından, epidemoloji xəstəliklərdən, təbii fəlakətlərdən və s. ölməsinə deyil, hərbi gücünün zəiflədilməsidir. Bu, beynəlxalq hüququn bir tələbi olaraq bütün dövlətlər üçün keçərlidir. Gəlin baxaq: aksiyaların davam etdiyi müddətdə Xankəndidə aclıqdan-susuzluqdan neçə nəfər ölüb? Neçə nəfər soyuqdan məhv olub? Neçə nəfər sel altında qalıb? Rəsmi Bakı dəfələrlə bəyan etməyibmi ki, ərzağa, müalicəyə, həyatını davam etdirmək üçün digər zəruri mal və xidmətlərə ehtiyacı olanlara öz yardımını və qayğısını göstərməyə hazırdır? Deməli, revanşistlərin dərdi “humanitar” deyil. Sadəcə, Qarabağa daha hərbi təyinatlı yüklər daşıya bilmir, Azərbaycanın sərvətlərini talayaraq Ermənistana apara bilmirlər. Xankəndidə çirkli pulların yuyulmasının, terror təhlükəsinin qarşısı alınıb. Diqqətinizi bircə məqama yönəltmək istəyirəm. Bir müddət öncə Xankəndidə izdihamlı mitinq keçirən revanşistlər indi nədən 100 adamı bir araya gətirə bilmirlər? Axı Ruben Vardanyan bu barədə elan vermiş, hətta Azərbaycanı hədələmişdi?! Cavab sadədir, izdihamlı mitinqə adamlar Ermənistandan avtobuslarla daşınmışdı.Ətraflı

Bütün bu deyilənlərdən o nəticəyə gəlmək olar ki, Azərbaycan Xankəndidəki mülki ermənilərin heç bir hüququnu məhdudlaşdırmır, onların həyatları üçün təhlükə yaratmır, əksinə vətəndaşlıq münasibətlərinin formalaşmasına zəmin yaradaraq ləyaqətli yaşam üçün önlərini açır. Elə bu səbəbdən də Xankəndi yolunda aksiyalar davam etməli, ekoloji fəsadların qiymətləndirilməsi aparılmalı və faydalı qazıntı yataqları nəzarətə götürülməlidir. Nəhayət, Üçtərəfli Bəyanata əsasən, işğalçı qoşunların qalıqlarının ərazilərimizdən çıxarılması, Xankəndidəki cinayətkar rejimin likvidasiya olunması və BMT-nin nəzarəti altında azərbaycanlı məcburi köçkünlərin yurdlarına ləyaqətli qayıdışı gerçəkləşməlidir.

Taleh ŞAHSUVARLI