22 Dekabr 2024

Xanım nazir müavinin vəzifədən niyə getməsi barədə iddialar

Məhəbbət Vəliyevanın təhsil nazirinin müavini vəzifəsindən hicaba keçməsinə görə getdiyi deyilir, rəsmi şəkildə isə səhhətindəki problem göstərilir; ekspert: “Nazir müavini kimi nəzərəçarpan fəaliyyətini görmədik…”

Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənməkdədir. Xanım nazir müavini səhhətində problem olduğu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülməkdədir.

“Yeni Müsavat”ın xəbərinə görə, M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar ki, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb, nazirliklə yollarını ayırmalı olub.   Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

Özü isə səhhətində problem olduğuna dair heç nə deməyib: “Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa, bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”. Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib. Sabiq müavin sosial şəbəkələrdə hicaba keçməsi ilə bağlı yayılan məlumatı şərh etməyib.

Məhəbbət Vəliyeva: "Valideynləri məktəblərə cəlb etmək çətinləşib"

Təhsil eksperti Kamran Əsədov yayılan iddialarla bağlı “Yeni Müsavat”a bildirdi ki, M.Vəliyeva təhsil sistemində bütün pillələri keçərək nazir müavini vəzifəsinə qədər yüksəlmiş azsaylı kadrlardan biridir. Onun sözlərinə görə, sabiq nazir müavini əvvəllər orta məktəblərdə müəllim, direktor müavini, direktor, daha sonra Bakı Şəhər Təhsil İdarəsində rəhbər vəzifələrində çalışıb. “Onun keçdiyi yol təhsil sistemində olub. Təhsil sisteminin qanunvericiliyini, idarəetmə və prinsiplərini bilən mütəxəssis idi. Amma onun nazir müavini kimi fərqli və nəzərəçarpan fəaliyyətini görmədik. Bu da onun orta ümumtəhsil sistemindən gəlməsi ilə bağlıdır. Ümumiyyətlə, təhsildə çatışmazlıqları ardıcıllıqla düzsək, birinci yerdə ali təhsil gəlir. Ali təhsilin keyfiyyəti, rəqabəti ilə bağlı inkişaf, irəliləyiş görmürük. Bu sahədə təhsil naziri müavinləri hər hansı fəaliyyəti ilə yadda qalmayıblar”, – deyə k.Əsədov qeyd etdi.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov 

Onun sözlərinə görə, M.Vəliyeva BŞTİ rəhbəri olanda orta məktəblərlə çalışıb: “Daha çox mətbuatdan bilirik ki, özünə yaxın şəxsləri direktor və müavin təyin edirdi. Yəni bu cür yadda qalıb. Amma fəaliyyəti cəmiyyətə qapalı idi. Ümumiyyətlə, təhsil sistemində çalışanlar mətbuatla və ictimaiyyətlə açıq olmayıblar. Məhəbbət xanıma gəlincə, onunla bir neçə tədbirdə olmuşuq. Əsas da Təhsil Nazirliyində ”Orta ümumtəhsil haqqında” qanun layihəsinin yazılmasında İşçi Qrupunda fikir mübadiləsi aparmışıq. Təhsildən və təhsil qanunvericiliyindən kifayət qədər xəbəri olan mütəxəssis idi”.

Ekspert onun işdən çıxması haqda mətbuatda və sosial mediada yayılan müxtəlif, ziddiyyətli məlumatlarla tanışdır: “Diqqətçəkən məqam onun hicab bağlaması haqda iddialardır. Qanunvericilik bu məsələdə məhdudiyyət nəzərdə tutmur, sadəcə, Azərbaycan dünyəvi dövlətdir, tövsiyə olunmaya bilər. Amma düşünmürəm ki, onun işdən çıxması, yaxud çıxarılması hicab bağlamasına görədir. Bildiyim qədər vəzifəsindən getməsi səhhəti ilə əlaqədar olub. Hər kəsin vicdan azadlığı var. Yenə yaxınları daha yaxşı bilər, bildiyim qədər ciddi bir xəstəlikdən əziyyət çəkir”.

K.Əsədov hesab edir ki, onun fəaliyyətini qeyri-adi müsbət halla xarakterizə etmək olmaz: “Ümumiyyətlə, nazir müavinlərinin qeyri-adi, ciddi fəaliyyətini görə bilmərik. Pandemiya dövründə, müharibə şəraitində nazir müavinlərinin fərqli fəaliyyətini görmədik. Müavinin vəzifəsi odur ki, nazirin yükünü azaltsın. Ona görə təhsil sistemində publikaya açıq şəxslərin vəzifəyə gəlməsinə ehtiyac var. Çevik, mobil qərarlar qəbul edəcək şəxslərin gətirilməsi labüddür”.

Qeyd edək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.

Emil SALAMOĞLU
“Yeni Müsavat”