19 Aprel 2024

Xanəndə Maarif Məmmədova həsr olunmuş tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində mərhum xanəndə Məmmədov Maarif Həsən oğluna həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, xanəndənin ailə üzvləri, qohumları və mədəniyyət işçiləri iştirak edib. Tədbirdə çıxış edən regional idarənin rəis müavini Validə Nabatova milli musiqimizin təşəkkül tapmasında inkişaf və təbliğ edilməsində, gələcək nəsillərə ötrülməsində görkəmli mədəniyyət xadimlərinin rolundan bəhs edib. Bildirilib ki, milli-mənəvi dəyərlərimizin tərəqisi dünyanın bütün qitələrində səslənən Azərbaycan musiqisinin möhtəşəmləyinə, ecazkarlığına bir sübutdur.

Sonra mərhum xanəndənin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, məktəb tərəfindən hazırlanmış videoçarx nümayiş olunub və xanəndənin yetirmələrinin ifasında bir sıra xalq mahnıları, muğamlar səsləndirilib.

Qeyd edək ki, mərhum xanəndə Maarif Məmmədov 1938-ci ildə Bərdə rayonunda anadan olub. Musiqi təhsilini Bakıda A.Zeynallı adına Musiqi texnikomunda S.Şuşinskinin sinfində alan xanəndə 1962-ci ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında işə başlamış, lakin sonradan Bərdə də fəaliyyətini davam etdirmişdir. Sənətinin ilk uğuru 1972-ci ildə Gəncədə keçirilən Muğam müsabiqəsində olmuş və burada Fəxri diploma laiq görülmüşdür. 1993-cü ildə Respublika Muğam müsabiqəsində I-II-III yerlərin qalibləri M.Məmmədovun yetirmələri olmuşdur. Sonrakı müəllimlik fəaliyyətində şagirdlərinin uğurlarının sayı 11-ə çatmışdır. O Mədəniyyət Nazirliyi tərəfindən səmərəli pedoqoji fəaliyyətinə görə “Qabaqcıl müəllim” diplomu və Fəxri Fərmanla təltif olunmuşdur. Maarif Məmmədov 2014-cü ildə Bərdə rayonunda vəfat etmişdir.