Xalqımıza Zəfər bəxş etmiş qəhrəmanlarımıza həsr olunan kitab: “Tarix yazanlar”
Sevgi Polad qızının “Tarix yazanlar” kitabı işıq üzü görüb.
Sizə yenicə dünyaya gəlmiş bir kitabdan və onun balaca müəllifi titrək əllərinə yenicə qələm alan, Sevgi Polad qızından söz açmaq istəyirəm.
İlk məsuliyyətli addımını çörəyini yeyib suyunu içdiyi Vətəni üçün atan Sevgi qızımız artıq ilk kitabının sevincini yaşıyır. Sevgi bu sevinci təkcə özünə deyil, həm də onu sevənlərinə yaşadır.
Balaca qəlbinin dərinliyində böyük duyğular bəsləyən Sevgi Polad qızı öz kitabında Göydərə kəndinin igid qəhraman oğullarını da unutmayıb. “Əsgər cəsarəti”, “Ordumuz”, “Hərbçi”, şeirləri də kitabda yer alıb.
Vətən sevdası onun qələminin əsas meyarıdır. 44 günlük Vətən müharibəsi şəhidlərini öz şeirlərində özünəməxsus qələmlə ifadə edən Sevgi Polad qızının “Tarix yazanlar” kitabında bu mövzuda “Dastana döndü”, Xarıbülbül”, “Şəhid Cahangir” adlı şeirləri də yer alıb. Sevgi bu mövzuya toxunmaqla Vətənə olan sevgisini ifadə etmişdir. Dövlət başçısına həsr etdiyi “Cənab Prezident” şeiri isə Sevginin Müzəffər Ali Baş Komandana sevgisinin təzahürüdür.
Kitab dövlətimizə, xalqımıza ZƏFƏR sevinci bəxş etmiş şəhidlərimizə, qəhrəman igidlərimizə həsr olunub. Bu yolda öz addımları ilə iz salmağa başlayan Sevgi qızımıza uğurlar arzulayırıq.
Sevda İbrahimli,
“Qızıl qələm” media mükafatı laureatı, şair