27 Avqust 2025

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli-mənəvi dəyərlərinə ehtiramın, dilimizin tarixi və dövlətçilik əhəmiyyətinin təntənəsidir. Bu gün sadəcə bir təqvim tarixi deyil, eyni zamanda bir millətin ruhunu, tarixini, mədəniyyətini və gələcəyini yaşadan ana dilinə sevginin simvoludur. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı ilə dilimizin inkişafında əvəzsiz rol oynamışdır. Onun dediyi kimi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili böyük inkişaf yolu keçmişdir.” Həqiqətən də, bu gün Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, mədəni sərvətimizin, tariximizin daşıyıcısı kimi çıxış edir.

Sovet dövründə milli dillərin sıxışdırıldığı, ana dilinin adının belə çəkilməsinin cəsarət tələb etdiyi bir zamanda, məhz Ulu Öndərin siyasi iradəsi ilə Azərbaycan dili cəmiyyətin diqqət mərkəzinə çevrildi. 1978-ci ildə SSRİ-nin sərt mərkəzçi dil siyasətinə baxmayaraq, Azərbaycan SSR Konstitusiyasında ana dilimizin dövlət dili kimi tanınması məhz onun qətiyyətli mövqeyinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi hüquqi cəhətdən təsdiqləndi. Bu, xalqımızın milli özünüdərkinin təzahürü olmaqla yanaşı, müstəqil dövlətimizin möhkəmlənməsi üçün də fundamental baza oldu. Elə bu mərhələdə imzalanmış 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman da bu siyasətin davamı idi.

Azərbaycan əlifbasının latın qrafikalı variantına keçməsi də ana dilinə olan sevginin və müasirliklə milli dəyərlərin vəhdətini simvolizə edən mühüm hadisələrdən biridir. Bu tarixi keçid də məhz Ulu Öndərin təşəbbüsü ilə reallaşdı və 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması bu əzəmətli prosesin rəmzinə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ana dilimizə göstərilən diqqət, qəbul edilən sərəncamlar və dövlət proqramları bu sahədə ardıcıl və məqsədyönlü siyasətin davam etdirildiyini göstərir. 2004-cü ildən başlayaraq latın qrafikalı kütləvi nəşrlər, Milli Ensiklopediyanın nəşri, dünya ədəbiyyatının ana dilimizdə çapı, dilin elektron məkanda tətbiqi, Monitorinq Mərkəzinin yaradılması kimi tədbirlər Azərbaycan dilinin həm məişətdə, həm elm və təhsildə, həm də informasiya məkanında geniş tətbiqini təmin etmişdir.

Prezident İlham Əliyev haqlı olaraq vurğulayır: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.” Bu fikirlər dövlətimizin dil siyasətində əsas istiqamətləri müəyyən edir: dilin saflığının qorunması, onun beynəlxalq səviyyədə tanıdılması və gələcək nəsillərə doğru şəkildə ötürülməsi. Ulu Öndərin vurğuladığı kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu gün ana dilimiz yalnız Azərbaycanda deyil, dünya azərbaycanlılarının da ortaq kimlik göstəricisinə çevrilmişdir. Hər bir azərbaycanlının borcu bu dildə danışmaqla yanaşı, onu sevmək, qorumaq və gələcək nəsillərə ötürməkdir.

Azərbaycan dili – zəngin leksikası, ahəngdarlığı və dərin mənalı ifadələri ilə dünyanın seçilən dillərindən biridir. Şairlərimizin qələmi, alimlərimizin düşüncəsi, qəhrəmanlarımızın çağırışı bu dildə yazılıb. Azərbaycan dili bizim tariximizdir, mədəniyyətimizdir, gələcəyimizdir.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı