Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir
Dünyanın nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir
Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi.
Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.
Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir.
İlham Əliyevin prezidentlik dövrünün 15 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.
Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu il aprelin 11-də Azərbaycanda keçirilən növbəti prezident seçkilərində xalqımızın böyük etimad göstərərək İlham Əliyevi yenidən dövlət başçısı seçməsi bunun əyani təsdiqidir.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı