“Xalq nazirliklərin heç birinə inanmır ”- hökumətə sərt tənqidlər
Sabir Rüstəmxanlı: “Zəng vurursan, nazirlər və komitə sədrləri telefonu götürmür”
İyunun 8-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi.
Jalə Əliyeva çıxışında Kəlbəcərdə törədilən terrordan danışarkən bildirdi ki, bu terror aktına görə ermənilərlə yanaşı, onları himayə edən dairələr də məsuliyyət daşıyır.
Azər Badamov isə Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimlini tənqid etdi. “Bunlar erməninin hər bir təbliğatını hakimiyyətə qarşı çevirməklə qələbəmizə kölgə salmağa çalışırlar”, – deyə bildirdi. Qeyd etdi ki, vaxtilə onlar şanlı ordumuzun qələbəsinə də şübhə ilə yanaşırdılar. “Arif Hacılı feysbuk səhifəsində yazır ki, 7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurdlarına buraxılmır. Arif Hacılıya demək istəyirəm ki, Zəngəzur dəhlizi də açılacaq, işğaldan azad olunmuş ərazilərə insanlarımız da qayıdacaq. Nəyi, nə zaman etməyi ölkə başçımız hamıdan yaxşı bilir”, A.Badamov bildirdi.
Deputat Qüdrət Həsənquliyev maliyyə naziri Samir Şərifovun plenar iclasda iştirak etdiyini vurğulayaraq, hökumətə bəzi suallar ünvanladı: “Biz bilirik Azərbaycana qarşı xaricdə müəyyən mərkəzlər fəaliyyət göstərir və Azərbaycanda da onların əlaltıları var. O cümlədən işğaldan azad olunmuş ərazlərin məskunlaşdırılması barədə müxtəlif iddialar səslənir. Odur ki, hökumətdən soruşmaq istəyirəm, əhalinin qaytarılması ilə bağlı hökumətin planı varmı? Yoxdursa, niyə yoxdur? Torpaqlarımızın işğaldan azad olunmasından 7 ay keçib”. Q.Həsənquliyev daha sonra aşağıdakı sualları səsləndirdi: “Hökumət niyə xalqa açıqlamır ki, hökumət işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarlılmasını hansı müddətə həyata keçirəcək? Ermənilərdən 30 il tələb etdik ki, işğala son qoyun, nəticəsi olmadı. İndi də 30 il tələb etməyəcəyik ki, mina xəritələrini bizə verin? Hökumət bu istiqamətdə hansı işləri planlaşdırır? Ona görə də hökumətin ictimaiyyətə ətraflı məlumat verməsinə böyük ehtiyac var”.
Deputat Qənirə Paşayeva hökumət üzvlərinin büdcə müzakirələri ilə əlaqədar iclas zalında olmasından istifadə edərək bəzi məmurlarla bağlı tənqidi fikirlərini səsləndirdi. “Deyirlər ”Qənirə xanım, siz bu məsələləri burada qaldırmayın!” Mənə nəyi burada qaldırıb-qaldırmamağı məmur müəyyən etmir, mən müəyyən edirəm!”, Q.Paşayeva bildirdi. Millət vəkili Qarabağ döyüşçüsü olmuş vətəndaşın sığorta ilə bağlı məhkəmə qərarının icrasına nail ola bilmədiyini vurğuladı: “Adam nə istəyir, deyir məhkəmənin qərarı icra olunsun! Qurumun rəsmisinə zəng edirəm, deyir 624 belə vətəndaş var, baxılacaq. Millət vəkili əgər bir məsələni qaldırırsa, onun şəxsi marağı yoxdur. Adam deyir ki, məhkəmənin qərarı niyə yerinə yetirilmir? Bundan sonra mən seçiciyə necə deyə bilərəm, siz məhkəməyə inanın?”
Daha sonra Q.Paşayeva Tovuzdakı Göytəpə Arxeoloji Parkı ilə bağlı çağırışının da nəticəsiz qaldığını vurğuladı: “Axı o abidə məhv olub gedir, Azərbaycan tarixinin önəmli abidələrindəndir”. Q.Paşayeva bir daha xəbərdarlıq etdi: “Millət vəkilləri ilə danışanda üslublarına diqqət etsinlər! Əgər diqqət etməsələr, biz adlar da çəkəcəyik”. Sonra isə deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlə vətəndaşları narahat edən məsələlərlə bağlı tədbir görülməsini xahiş etdi.
Deputat Tahir Kərimli bildirdi ki, Azərbaycanın dövlət büdcəsi 20 milyard yox, 80 milyard olmalı idi. “Əgər deyilirsə ki, bu ölkədə korrupsiya, inhisarçılıq, süni bahalaşma olmamalıdır, deməli, olmamalıdır! Ancaq əgər varsa, demək, büdcəmiz 80 milyard olmayacaq”, T.Kərimli bildirdi. Daha sonra deputat hökumət üzvlərinə müraciət etdi: “Hörmətli qardaşlar, pandemiyadan sonra biz xalqın içərisinə çıxacağıq. Bizə suallar veriləcək. Axı siz camaatın içərisinə çıxmırsınız, biz çıxırıq. Bizə suallar verirlər, cavab verə bilmirik!”
T.Kərimli ardınca təhsil sistemindəki vəziyyətlə bağlı narahatlığını bölüşdü: “Bizdə kim nə qazanıbsa, öz fərdi imkanları və istedadı hesabına qazanıb. Son yüz ildə elm və təhsil sahəsində ancaq geri getmişik. Xahiş edirəm, başbilənlər, hökumət üzvləri, oturun, düşünün, bizim təhsil sistemimizi yenidən qurun!”
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin lehinə səs veriblər. Maliyyə naziri Samir Şərifov səsvermədən sonra söz alaraq deputatların səsləndirdiyi fikirlərə, irad və təkliflərə münasibət bildirdi. Məmurlarla bağlı səslənən tənqidi fikirlərə reaksiyasında nazir bildirib ki, heç kim deputatlara hansısa məsələni qaldırdığına görə irad tuta bilməz. S.Şərifovun sözlərinə görə, bəzi emosional çıxışlara baxmayaraq deputatların təkliflərinə baxılır və cavablar verilir. “Cavabların verilməməsinin səbəbi ondan ibarətdir ki, konkret qərar qəbul edilməyib”, S.Şərifov bildirdi.
Maliyyə naziri qeyd etdi ki, ötən ilin büdcəsi böhran ilinin büdcəsi idi: “Bizim iqtisadiyyatımız geriləmişdi. Hökumətin gördüyü tədbirlər hesabına bu tənəzzül daha geniş olmamışdı”.
S.Şərifov Göytəpə arxeoloji kompleksinə vəsait ayrılması ilə bağlı məsələnin gündəmdə olduğunu da bildirdi.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu layihəsi birinci oxunuşda müzakirə edildi. Qanun layihəsi haqda Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verdi.
Deputat Qüdrət Həsənquliyev əlilliyin ləğvi ilə bağlı narahatlığını ifadə etdi. Bildirdi ki, əgər kimlərsə qanunsuz olaraq əlillik alıblarsa, bu işdə iştirakı olanların məsuliyyəti araşdırılmalıdır.
Deputat Razi Nurullayev bildirdi ki, əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq: “Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, nə bilim ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək, yazacaqlar 62 faiz. Yaxud xəstəyə pul vermədiyi üçün 70% işləməyən böyrəklərinə 53% yazacaq. Yəni bu faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq. Sabah bütün dünyanın həkimlərini yığıb gətirəsən ki, sübut edin ki, vəzifəli şəxs saxtakarlığa yol verib, edə bilməyəcəklər”.
Deputat Əli Məsimli bildirdi ki, əlilliyin müəyyən olunması ilə bağlı dəyişikliklər 630 mindən çox insanın taleyini əhatə edir. Deputat bildirdi ki, bu məsələ ilə bağlı xeyli problemlər var: “Sual ortaya çıxır ki, dəyişikliklər əlilliklə bağlı müəyyən problemlərin aradan qaldırılmasına kömək edəcək, yoxsa yeni problemlər yaradacaq? Burada əsas məsələ qənaət rejiminin daha da gücləndirilməsidir. 30 faizə qədər qüsurlu insanın əlil adlandırılmaması nə qədər qənaətə gətirib çıxaracaq, bu bəlli deyil. Digər bir sual da ortaya çıxır: bu dəyişikliklər əlillərin müavinətinə necə təsir edəcək?” Ə.Məsimli bildirdi ki, əlilliyin müəyyənləşdirilməsində elektron sistem tətbiq olunur, amma bu proqram mükəmməl olmadığına görə problem yarana bilər: “Əgər əlilliyi ləğv olunan şəxslər 7 nəfər və ya 700 nəfərdirsə, bunu onların öz boynuna qoya bilərik. Amma 7000 və daha çoxdursa, burada birbaşa Səhiyyə Nazirliyi və Əmək Nazirliyi günahkardır. Bu qurumlar hələ tam şəkildə bir-birinə inanmırlar. Xalq isə o nazirliklərin heç birinə inanmır. Əhalinin buna inamını bərpa etmək üçün haqsız əlilliyi ləğv edilmiş insanların əlilliyini bərpa etmək, komissiya yaratmaq, məsələni yerində həll etmək lazımdır. Hələ qazilərin əlilliyinin müəyyənləşdirilməsi məsələsində də problemlər var”.
Deputat Sahib Alıyev isə “yarım il ərzində 23 min nəfərin əlilliyi ləğv olunub. Yaxşı, buna görə kim məsuliyyət daşıyır”, deyə bildirdi.
Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki müzakirələrdə əlilliyin ləğv olunması ilə bağlı addımlardan narahatlığını ifadə etdi: “Qanunlarımızı beynəlxalq standartlara yaxınlaşdırarkən əhalimizin həyat səviyyəsinin də beynəlxalq standartlarına yaxınlaşdırılmasını düşünməliyik. İnsanları niyə dövlətdən narazı salmalıdırlar? İndiyə qədər nə olub-olub. Bu gün onu ortaya çıxartmaq, 200 min insanı narazı salmaq, 90 min insanı kənarda qoymaq doğru deyil. Bir əlilin arxasında 4-5 nəfərlik ailə üzvləri dayanır, bu, 500 minlik əhali deməkdir. Bu qədər insanı narazı salmaq olmaz. Biz qanunları gözübağlı qəbul edirik, sonra da qanunlara yamaq vururuq”.
S.Rüstəmxanlı daha sonra deputatların statusu ilə bağlı qanundan seçmələr edərək bəzi fikirlərini söylədi: “İl yarım ərzində nazirliklərin bizim müraciətlərimiz necə reaksiya verdiyini müşahidə etmişəm. Millət vəkillərinin heç birinə hökumət telefon kitabçası belə verilməyib, gərək sorğu mərkəzindən soruşasan. Telefonları bizdən gizlədirlər, niyə? Zəng vurursan, köməkçi götürür, nazirlər və komitə sədrləri götürmür. ”Sizi axtaracağıq”, deyirlər, bir həftə keçir, reaksiya yox”.
Komitə sədri Siyavuş Novruzov növbədənkənar sessiyanın iclasında əlilliklə bağlı məsələyə münasibət bildirərkən təklif etdi ki, pensiya yaşı müxtəlif təbəqələr üzrə fərqli qaydada müəyyənləşdirilsin. “Biz pensiya yaşı ilə bağlı məsələyə yenidən baxmalıyıq. Məsələn, tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil. 65 yaşında insan tikintidə fəhlə işləyə bilməz. Burada yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır. Necə ki, hüquq-mühafizə orqanlarında pensiya yaşı 55 yaşdır”, S.Novruzov bildirdi. Deputat əlilliyi olan şəxslərin statusunun ləğv edilməsindən narahatlığını da ifadə etdi: “Onlara heç olmasa 2 ay kompensasiya verilməli, iş yeri müəyyən edilməlidir. Bu gün bu insan təqaüd alır, səhər bunu ləğv edirlər. Bu insanın dolanışığı bu təqaüdlədir. Dövlətimiz işləməyənlərə 190 manat verdiyi bir vaxtda biz insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq. Bu məsələdə ciddi iş aparılmalıdır. Onların böyük hissəsi sosial pensiyaya yönəldilməlidir. İkincisi, əlilliyin dəqiqləşməsində problemlər var, bu proses çox çətin gedir”. Deputat Qarabağda döyüşməyən şəxslərin Qarabağ əlillərinin adından istifadə etməsinin cəmiyyətdə çox böyük problemlər yaratdığını da qeyd etdi:
“Onlar ola bilər avtomobil qəzasında əlil olublar. Onlar da əlildir. Amma Qarabağ əlillərinin reyestrinin yaradılmaması bu kimi hallara gətirib çıxarır”.
“Ötən 14 il ərzində 3 nazirin timsalında biz parlamentdə əlilliyin təyinatı, müavinət və pensiyaların hesablanması qaydasına yenidən baxılması, TSEK-in bir nazirlikdən digərinə tabe etdirilməsi, elektron xidmət təşkili və digər tədbirlərə dair təqdimatları izləmişik. Lakin hamımızı o zaman bir məsələ düşündürüb-vətəndaşların razılığı və nazirlərlə dəyişməyən sabit sosial siyasət kursu”. Bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi. Qeyd etdi ki, Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən əlil sayına görə MDB məkanında 3-cü, Avropa sıralanmasında isə 56-cı yerdədir:
“Əlillərlə bağlı son rəsmi rəqəmlər 600 minə qədərdir və onların 80 faizdən çoxu 2-ci qrupdur. Göründüyü kimi, millətimiz haqda bədgüman mülahizələrə yer yoxdur. Ölkəmizdə əmək qabiliyyətli əhalinin 68 faizdən yuxarı olması dünyadakı göstəriciyə tamam uyğundur”.
Z.Oruc bildirdi ki, indiyədək 90 min insanın pensiyasının, 17 min nəfərin əlillik təyinatının ləğv edildiyi açıqlanıb:
“Bu qədər vətəndaş ordusunun harada – əmək bazarında, özünüməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlillik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz”.
Müzakirələrin yekununda komitə sədri Musa Quliyev “mən də bu narahatlıqları bölüşürəm, deputatlar haqlıdır. Burada çox ciddi işləmək lazımdır”, – deyə bildirdi. Qeyd etdi ki, saxta əlillərlə mübarizədə həqiqi əlillər də əziyyət çəkirlər.
Elşad PAŞASOY,
“Yeni Müsavat”