23 Dekabr 2024

Vüsal Quliyev: “QHT nümayəndələri 30 il boyunca erməni vandallarının tarixi abidələri, evləri dağıtdığının şahidi olur”

Sentyabrın 12-də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil olunub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev Media1.az-a danışarkən bildirib ki, QHT nümayəndələri 30 il boyunca erməni vandallarının tarixi abidələri, evləri dağıtdığının şahidi olur:

“Onlar ölkə başçımızın rəhbərliyi altında görülən quruculuq işləri ilə tanış olacaqlar. QHT nümayəndələrini bura gətirməkdə məqsəd 30 illik həsrətə son qoymaqdır. Eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatlarda, platformalarda təmsil olunurlar. Onlar burda gördükləri erməni vandalizmi və quruculuq işləri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəklər”.

Vüsal Quliyev Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin Şuşa səfərindən gözləntilərini də açıqlayıb:

“İstəyirik ki, səfərə gələnlər erməni vandalizmini yerində görsünlər və əməkdaşlıq etdikləri beynəlxalq təşkilatları bu barədə məlumatlandırsınlar. Müxtəlif hesabatlar hazırlayıb beynəlxalq məhkəmələrə müraciət etsinlər. Son dövrlər QHT-lər bu sahədə kifayət qədər fəallıq göstərir. Bundan sonra onların işi daha da artacaq. Ümid edirəm ki, onlar yeni təşəbbüs göstərəcəklər. Biz hərtərəfli informasiya mübarizəsinə hazır olmalıyıq. Yeni yaranan agentlikdə qrant müsabiqələrində prioritetimiz Qarabağ mövzusudur”.