23 Dekabr 2024

Virus milyarderləri – vaksinlər şirkətlərə sərvət qazandırır

Hazırda dünyada koronavirus epidemiyası ilə bağlı mübarizədə vaksinlər mühüm rol oynayır.

Media1.az Musavat.com-a istinadən bildirir ki, İngiltərənin “Guardian” qəzetinin yazdığına görə, vaksin istehsal edən şirkətlər ölkələrlə bağladığı müqavilələr sayəsində milyardlarla dollar gəlir əldə ediblər.

Araşdırma zamanı məlum olub ki, ən çox qazanan vaksin şirkəti “Biontech – Pfizer” olub. 780 milyon doza sifariş alan “Biontech – Pfizer” şirkəti mövcud müqavilələrə əsasən 2021-ci ildə 15 milyard dollar satış əldə edəcəyini gözləyir.

Şirkət bu il 2 milyard doza istehsal edə biləcəyini bildirib və bununla da onun ümumi satışlarının 30 milyard dollara çatacağı təxmin edilir.
ABŞ-ın istehsal etdiyi “Moderna” şirkəti isə əldə edəcəyi qazanca görə “Biontech-Pfizer”-dən sonra ikinci sıradadır. Şirkət tərəfindən verilən açıqlamada bildirilib ki, 2021-ci ildə 18,4 milyard dollarlıq satış olacağı gözlənilir.

İngilis-İsveç şirkəti olan “Astrazeneca” isə 2021-ci ildə Oksford universiteti ilə birgə hazırladığı peyvəndlə 3 milyard dollar əldə etməyi planlaşdırır. Lakin şirkət rrəqiblərindən fərqli olaraq son 12 ayda səhmlərinin 8,6 faizini itirib.

Digər vaksin istehsal edən “Sinovac” şirkətinin isə əldə edəcəyi qazanc hələlik dəqiq məlum deyil. Lakin bu şirkətin də milyardlarla dollar qazanc əldə edəcəyi gözlənilir.