21 Noyabr 2024

“VII çağırış Milli Məclisin ilk iclasında cənab Prezident çıxışında xarici qüvvələrə mesaj verib”

“Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən daima dövlətimizin inkişafı və möhkəmlənməsi naminə qanunlar qəbul edilib. Millət vəkilləri ölkəmizin dayanıqlı inkişafı üçün öz töhfələrini veriblər”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli söyləyib.

Politoloq deyib ki, VII çağırış Milli Məclisinin də eyini sayasəti davam etdirəcəyi şəksizdir: “Sentyabrın 23-də VII çağırış Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev proqram xarakterli çıxışı edib. Bu çıxış yeni seçilən millət vəkillərinin qarışdakı 5 ildəki fəaliyyətləri üçün yol xəritəsidir. Xüsusən də Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu möhtərəm Prezidentin qeyd olunan çıxışında konseptual şəkildə inikas edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir. Dövlətimizin başçısının dediyi kimi, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir: “Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”. Cənab Prezident  çıxışında xarici qüvvələrə də mesajını verib. Bu mənada, qeyd edilən situasiyada formalaşmış qanunverici orqanın iclasında dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Bu dönəmdə yeni formalaşmış parlamentin üzərinə çox böyük məsuliyyət düşür”.