09 Dekabr 2022

Vətəndaşı bələdiyyədən kim narazı salır?

Cari ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ard-arda 2021 və 2022-ci llər üçün keçirdiyimiz layihələr çərçivəsində ölkəmizin yeddi rayonunda bələdiyyələrin iştirakıyla görüşlər keçirdik. Sonuncu görüşümüz bu günlərdə Lənkəran şəhərində baş tutdu. Bu görüşlər barəsində bəzi məqamları oxucularımızla bölüşmək istərdim.

“Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda keçirdiyimiz layihə çərçivəsində Quba, Qusar, Astara və Lerik bələdiyyələriylə, “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda keçirdiymiz layihə çərçivəsində isə Tovuz, Gədəbəy və Lənkəran bələdiyyələrində görüşlər keçirilib. Lənkəran şəhərində keçirdiyimiz görüşə isə Lənkəran regional ədliyyə idarəsinin dəstəyi ilə əlavə olaraq Astara və Lerik bələdiyyələrinin də iştirakı təmin edilmişdi. Keçirdiyimiz görüşlərin hər biri rayon icra hakimiyyətinin dəstəyi ilə baş tutmuşdu. Üstəlik mövzu ilə əlaqəli mərkəzi icra orqanlarınıın, istər Ekologiya və Təbii Sərvətlər nazirliyinin, istərsə də Dövlət Turizm Agentliyinin məsul şəxslərinin habelə bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın – Ədliyyə nazirliyinin regional idarələrinin təmsilçilərinin iştirakı təmin edilmişdir. Əlavə edim ki, mövzu ilə əlaqədar müraciət etdiyimiz mərkəzi və yerli icra orqanlarının müraciətimizə dərhal müsbət reaksiya verməsini də dəyərləndirməliyik. Sözsüz ki, layihələrin icrasında xırda problemlər meydana çıxsa da anındaca öz həllini tapırdı.

Hər bir layihənin icrası zamanı layihə də nəzərə tutulmayan bələdiyyə sədrləri arasında sorğunun keçirilməsi bu gün müəyyən nəticələrə gəlməyimizə də imkan verdi. Beləliklə keçək mətləbə.

İlk olaraq sorğunun nəticələrinə toxunmaq istərdim. Əvvəlcə qeyd edim ki, sorğunun əsas məqsədi bələdiyyələrin yerlərdə qarşılaşdığı problemləri müəyyən etmək, o cümlədən daha səmərəli fəaliyyətləri üçün birbaşa sədrlərdən təklifləri öyrənmək idi. Habelə bələdiyyələrin həm ətraf mühitin mühafizəsi, həm də ekoturizmlə bağlı həyata keçirdikləri layihələr barədə məlumatlar əldə etmək idi.

Bu gün Quba rayonunda 38, Qusarda 29, Astarada 18 və Lerik 29, Tovuz 41, Gədəbəy 31 və Lənkəran 34 bələdiyyə formalaşdırılıb.  Üst-üstə layihənin əhatə etdiyi bələdiyyələrin sayı 220 idi. Müşahidələr göstərdi ki, bələdiyyələr həm ekoturzimin təbliği, həm də ətraf mühitin qorunmasıyla bağlı irili-xırdalı çoxsaylı layihələr həyata keçiriblər və maliyyələri imkan verdiyi qədər keçirməkdədirlər. Əlavə edim ki, hazırda 220 bələdiyyənin 194-nün DSMF-yə borcları olduqlarından bank hesabları bağlıdır. Bu borcların yaranması əsasən 2008-ci ilə qədər və 2009-cu il bələdiyyələrin birləşdirilməsindən sonrakı dövrə düşür. Təhlillər göstərir ki, bələdiyyələrin DSMF-ya olan borcu əsasən bələdiyyə sədrlərinin həm təcrübəsizliyi, həm də məsuliyyətsizliyi ucbatından yaranıb. Borcun bağlanmamasında isə RİH-lərin, xüsusəndə icra başçılarının öz günah payı var. Üstəlik bəzi RİH-lərin bələdiyyələrin fəaliyyətini daim nəzarətdə saxlaması, o cümlədən keçirdiyimiz görüşlərdə bir nəfər əvəzinə çoxsaylı RİH təmsilçisinin iştirak edərək sədrlərin hər bir sözünə “gözqoyması”nı müşahidə etmək hər halda bizim üçün xoşagəlməz hal kimi hesab edilir.

Məntiqlə belə nəzarətin edilməsi bələdiyyənin inkişafına, onun borclarının silinməsinə xidmət etmirsə demək proseslərdə başqa qaranlıq məqamlar var. Bəzi bələdiyyə sədrlərinin ürəkli şəkildə öz problemini qabartması, hətta problemin həlli üçün təkliflər verməsi də diqqətimizdən qaçmadı. Ancaq uzun illər boyu bələdiyyə sədri kimi çalışıb, bələdiyyəni borclandıran, ötən illər ərzində bir layihə belə icra etməyən, sadəcə bələdiyyənin möhürünü gəzdirib, öz şəxsi təsərrüfatını qorumağa çalışmaq da məqbul sayılmır. Üzümü belə sədrlərə tutub demək istərdim ki, ayıbdır, bəlkə geri çəkilib yerinizi daha təcrübəli şəxslərə verəsiniz.      

Ümumi olaraq deməliyik ki, bu gün bələdiyyələr üçün əsas problem maliyyə vəsaitinin toplanılmasında qarşılaşdıqları problemlərdir.

***

Beləliklə, sorğuda iştirak edən 194 bələdiyyə sədrindən 183 nəfəri əsas problem kimi bələdiyyələrə xəritənin verilməməsini, o cümlədən Əmlak məsələləri Dövlət Xidmətinin yerli şöbələrinin pərakəndə fəaliyyətindən narazı qaldıqlarını, onlara edilən müraciətlərin vaxtında cavablandırılmamasından gileylidirlər. Sədrlər bələdiyyə tərəfindən edilən müraciətlərə aylarla cavabın verilməməsini, üstəlik rüsumların son iki ildə dəfələrlə artırılmasını ciddi problem kimi irəli sürüblər. Bununla yanaşı zəbt edilən torpaq sahələrinin vətəndaşın adına sənədləşdirilməsində yaranan problemdə bələdiyyələri əlavə büdcə gəlirindən məhrum edir. On illər boyu istifadə etdiyi torpaq sahəsinin bu gün bazar qiymətinə de-fakto sahibinə satılmasını sakin qəbul etmir, istəmir və belə olan halda heç maraq da göstərmir. Nəticədə həm özü, həm də bələdiyyə büdcəsi itirir. Halbuki kənd və qəsəbələrdə sakinlərin zəbt etydiyi torpaq sahələrinin sonuncu hərrac qiymətinə sənədləşdirilməsi bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər. Əslində o torpaq sahələrinin əksəriyyəti zəbt kimi sayılmamalıdır. Çünki keçmiş sovet dövründə vətəndaşlara həyətyanı sahə kimi 18 sot torpaq sahəsi ayrılırdı. Uzun illər sənədləşdirilmədiyindən bu gün həmin altı sot zəbt kimi qeyd edilir.

Bəs bu vəsaitin bələdiyyə büdcəsinə daxil olmasının və vətəndaş məmnunluğunun təmin edilməsinə kimlər maneə yaradır? Bələdiyyə sədrlərinin qeydindən belə başa düşmək olar ki, bu işdə əsas günah sahibi məhz Əmlak məsələləri Dövlət Xidmətidir. Düşünmək olar ki, Əmlak məsələləri Dövlət Xidməti tərəfindən alqı-satqı əməliyyatlarının sadələşdiriməməsi, ümumiyyətlə bələdiyyələrə mükiyyətə torpaq və əmlakın, habelə onlara elektron xəritələrin verilməsiylə bağlı yerində sayan addımların atılması nəticədə bu strukturun “birdəfəlik ləğvinə gətirib çıxaracaqdır.” Nəzərə alaq ki, qurum əməkdaşlarının məhz bu cür məsuliyyətsiz addımları sayəsində nazirlik statusunda olan bir qurum xidmət səviyyəsinə endirilməsinə səbəb olub.

Açıq etiraf edim ki, Əmlak məsələləri Dövlət Xidmətinin bizə ünvanladığı məktubda bu günədək 1060 bələdiyyəyə elektron xəritənin verilməsi deyilsə də, konkret olaraq problemin öz həllinin bu günədək tapmaması həm bələdiyyələrdə, həm də vətəndaşlarda ciddi problem və ən əsası narazılıq yaradır. Sual yaranır xidmətin cari ildə onlarca rəsmi və məsul əməkdaşına cinayət işinin açılması problemin sürətli şəkildə həllinə kifayət etmirmi? Və ya ƏMDX-nin rəsmiləri bununla bağlı yeni işlək proqramı nə vaxt ictimailəşdirəcəkdir. Kimi gözləyirlər? Bu qurumun yerlərdəki əməkdaşları sanki sakinlərin narazılığının azalmasına deyil, artmasına maraqlı görünür.

***

Layihə çərçivəsində müşahidə etdiyimiz ikinci məqama toxumaq istərdim. Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolunun olması danılmazdır. Bələdiyyələrə müəyyən problem yaratsalarda əslində bu sistemi bir qurum kimi tanıyan ikinici bir orqan Ekologiya və Təbii sərvətlər Nazirliyidir.

Qurumuş, budanmasına ehtiyac olan, ətrafa təhlükə yaradan ağacların götürülməsində Bakı şəhərində işlək mexanizm qurulsa da, rayonlarda bu çox ciddi problem kimi bələdiyyələrin qarşısında dayanır. Yəni vətəndaş bələdiyyəyə müraciət edir. Bələdiyyə isə öz növbəsində nazirliyin müvafiq qurumuna müraciət edib rəy alır. Tutalım ki, rəydə ağacın götürülməsi nəzərə tutulur. Sual yaranır ağacı kim kəsib gotürməli və yerinə başqa bir yeni ağac əkməlidir. Bir çox RİH-lərdə mənzil-kommunal təsərrüfatı sistemi, bələdiyyənin isə bununla bağlı texnikası mövcud deyil. Sual yaranır, bəs vətəndaş və bələdiyyə belə vəziyətdə nə etməlidir?

Göründüyü kimi, bu prosesin rayonda işlək mexanizmi yoxdur və tezliklə olacağı gözlənilmir. Demək, belə olan halda əhalinin bələdiyyədən narazılğı artır. Çünki ilk müraciət bu quruma edilib.

***

Beləliklə, hər iki layihənin icrasıyla bağlı belə qənaətə gələ bilərik ki, ölkə bələdiyyələrində işləmək həvəsi, seçicilərinə xidmət göstərmək istəyi hələ ki hiss edilməkdədir. Ancaq bələdiyyələr tərəfindən sakinlərə bu xidmətin lazimi səviyyədə göstərilməsi üçün onların müvafiq mərkəzi və yerli icra orqanlarının dəstəyinə ehtiyacı var. Bu dəstəyi isə konkret olaraq RİH-lər, Əmlak məsələləri Dövlət Xidməti və digər mərkəzi icra orqanları göstərməli, həmçinin bələdiyyələrin özləri də aktiv olmalı, qəbul etdikləri bütün qərarları ölçülü-biçili şəkildə bələdiyyənin inkişafına yönəlik şəkildə qəbul etməlidirlər.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri