23 Dekabr 2024

Vətən uğrunda canını fəda edənlər: onların hər biri haqqında sənədli film hazırlanmalıdır

Vətən anlayışı geniş başa düşüləndir.Vətəni tərənnüm etməkdə hərənin öz fikri ola bilər. Vətəni sevmək üçün də hərə də bir ürək var. Kimisi vətən uğrunda ölməyi bacarır , kimisi yox. Biri vətən uğrunda amallarla yaşayır, biri isə onun havasından , suyundan içib, yağmalayıb, dağıtmağa çalışır. Vətəni hamı eyni qaydada, eyni ağılda sevə bilmir. Bu bir həqiqətdir. İnsan üçün ən müqəddəs vəzifə isə sevdikləri uğrunda canından keçə bilməsidir. Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın da həyatlarından keçməsində bir səbəb var ki, o da vətənə olan məhəbbətdir. Onlar biz canımızdan keçərik,təki vətən yaşasın deyib , özlərini qurban verdilər.
Ömür deyilən həyat şirin olur. Can əzizdir. Ancaq , vətən uğrunda candan keçmək vətən uğrunda cəsur, qəhrəman şəhidlərimizin seçimi oldu. Torpaq su ilə qarışanda palçıq,qan ilə qarışanda vətən olur. Bu böyük mənalı aforizmdə şəhid qanları tərənnüm olunur. Şəhidlərin qanı hesabına vətən yaranır. Və onlar elə vətənin özünə çevrilir. Deyir, hər insan özü bir dünyadır, hərənin öz dünyası olur, dünyagörüşündən həyata baxır. Dünyadan köçəndə də , elə dünyanın bir parçası kimi qopub gedir. Şəhidlərdə hər biri böyük vətəndir. Onların ruhu da ona görə daim uca tutulur. Şəhidin adı ehtiramla xatırlanır. Onların məqamı hər yerdə ucadır. Tanrının yanında belə şəhidlərin adı uca tutulur. Cənnətə sorğu sualsız qəbul olunurlar.
Bizim şəhid ruhlarına ömür boyu ödəyə bilməyəcəyimiz borcumuz var. Şəhidlər bizə vətən qoyub gediblər. Biz isə bu vətənin havasını, suyunu,çörəyini doya-doya çiyərlərimizə çəkir,içir,yeyirik. Şəhidimin , qazimin tökülən qanı bizim dincliyimiz, firavanlığımızı təmin edib.
İndi biz hər an bunu minnətdarlıq hissi ilə xatırlamalıyıq. Onlara layiq olanı verməliyik. Şəhidlərin geridə qalan yadigarlarını əzizləməli, onlara diqqət və qayğı ilə yanaşmalıyıq. Bunu bizdən şəhid ruhları qarşısında daşıdığımız məsuliyyət tələb edir.
Ancaq təəssüflər olsun ki, vətəni hamı eyni qaydada sevə bilmədiyi kimi, şəhidlərin də yadigarlarına diqqət və qayğı göstərmək hissi hamıda eyni cür olmur. Ən çox da məyusluq doğuran şəhid və qazilərin adı üzərindən özünreklamın aparılmasıdır. Müxtəlif təşkilatların şəhid adına fəxri fərmanlar verməsi başa düşülən deyil. Mahiyyəti nədir, nəyə lazım olur , bu kağız parçaları, bilinmir. Dövlət tərəfindən verilən medal,orden,digər rəsmi adların verilməsi müəyyən bir imtiyaz yaradırsa, hökümətdən kənar təşkilatların verdiyi fəxri fərmanlar heç nəyə yaramır. Əgər belədirsə, şəhid ailəsi,qaziyə belə fərmanlar lazımdırmı? Məncə ,lazım deyil. Sadəcə bu fəxri fərmanı hazırlayıb, təqdim edən təşkilatlar özlərini reklam etmiş olurlar. Olmayan işlərini bu yolla gözə soxmağa çalışırlar. Guya ki, onlar da hansısa faydalı işlərlə məşğul ola bilirlər. Ancaq , bilmək lazımdır ki, bu heç də etik baxımdan uğurlu addım deyil. Uğurlu addım şəhid ailəsinin, yaxudda qazinin problemi ilə tanış olmaq, onlara üzləşdikləri çətinliklərin aradan qaldırılmasında yardımçı olmaqdır. Təşkilatlar bu kateqoriyadan olan ailələrə, şəxslərə hüquqi yardım göstərə bilər, hökumət təşkilatlarına şikayətlərin çatdırılmasında lobbiçilik fəaliyyəti həyata keçirmiş olarlar. Yetər ki, həqiqi mənada şəhid ailələrinin yanında olalar.
Şəhid ailələrinə ,qazilərə dövlət qayğısı göstərilsə də, onlara müavinət, təqaüdlər,imtiyazlar verilsə də bir çox hallarda işini bilməyən, ürəyi,qəlbi olmayan məmurların laqeyidliyi ucbatından bu adamlar incik salınır. Umacaqlarını ala bilmədiklərindən küsürlər.Necə ki, belə bir deyim var.Uman yerdən küsərlər.Hər mənada bu adamları haqlı saymaq bizim borcumuzdur. Bax, belə yerdə onların yanında olmaq lazımdır. Onların şikayətlərini məmurlar diqqətlə dinləməli,hər kəlməsinə həssas yanaşılmalı, xoşrəftar münasibət bəslənilməlidir. Hansı ki, prezident şəhid ailələrinə, qazilərə həmişə qayğı ilə yanaşır,onların mənzil şəraitinin yaxşılaşdırılmasında yaxından iştirak edir, evlərin açarını şəxsən özü verir. Bu nümunə yerlərdəki məmurlara da örnək olmalı, şəhid ailələrinə diqqət və qayğı göstərilməlidir.Şəhid ailələrinə kömək göstərmək,onların yanında olmaq istəyən təşkilatlar vaxtaşırı psixoloqların iştirakı ilə bu kateqoriyadan olan şəxslərə baş çəkməli , psixoloji gərginliyin aradan qaldırılması məqsədilə söhbətlər aparılmalıdır. Hansı ki, bu ailələr psixoloji zərbələrə məruz qalıblar. Onların qəlbi qan ağlayır.Dərd odunda qovrulurlar. Xoş söz, təsəlli, psixoloji yardıma bu ailələrin böyük ehtiyyacı var.Təbii ki, bu işləri görərkən diqqətdən kənarda qalan olmasın gərək.
Bu xüsusda Şəhid ailələri ilə işin konsepsiyası yaradılmalıdır. Burada da şəhid ailələrindən kimi görürsən unudulur. Elə şəhid ailəsi var ki, daha çox təbliğ olunur, eləsi var ki, diqqətdən kənarda qalır. Əsla, diqqətdən kənar şəhid, yaxud da şəhid ailəsi olmamalıdır. Şəhidlərin hər biri haqqında dövlət qurumlarının birbaşa dəstəyi ilə sənədli filmlər hazırlanıb, arxivləşdirilməlidir. Şəhid valideyinlərinin ən çox istədiyi onların övladlarının haqqında videoçəkilişlərin aparılması,şəhid əzizlərinin tanıdılmasıdır. Çox hallarda televiziya kanallarına müraciətlər cavabsız qalır. Şəhid valideyinlərinin arzusu övladlarının doğum günü, anım günü kimi əlamətdar tarixləri kameranın obyektivinə köçürməkdirsə , bunu həmin tədbirlərdə başda gedən icra hakimiyyətinin təmsilçiləri özü etməlidir. Şəhid valideyinləri əsla bunun qəmini çəkməli deyillər. Ancaq, təəssüflər olsun ki, şəhidlərin anım günlərinə qatılan rəsmilər bu kimi işi təşkil etmir. Şəhidlərin məzarı yanında şəkil çəkdirib, yaxudda bu işi şəhidin ailəsinə baş çəkib , təkrarlamaqla tamamlamış olurlar. Arzu olunandır ki, şəhid ailələrinə baş çəkənlər onların yanında görünmək xatirinə deyil, həmin nisgilli adamların sözün həqiqi mənasında arzuladıqlarını eləmiş olsunlar.
Şəhid bulaqları haqqında da xoşagəlmiyən halları qeyd eləmək mümkündür.Bu bulaqlar çox vaxt şəhid valideyinlərinin,ailə üzvlərinin təşəbbüsü və maliyyəsi hesabına inşa olunur. Bir çox hallarda vətənpərvər insanlarımızda bu kimi təqdirolunmalı bulaqların tikintisinə kömək olurlar.Bulaqlar tikilir,ancaq az keçmir ki, şəhid bulaqlarının özü bir dərdə çevrilir. Ya bulağa verilən su keyfiyyətli olmur, içməyə yaramır, ya da az keçəndən sonra bu bulaqların suyu baxımsızlıq ucbatından quruyur. Su kanal idarəsi su sərfiyyatına qənaət etmək üçün bulağın suyunu kəsir.Kədərli olsa da KİV-də şəhid bulağına sayğac qoyulmasının, işlənən suyun pulunun şəhid anasının ödədiyinin də şahidi olmuşuq. Bu vətən uğrunda şəhidlər canın verir, onların valideyinləri övladlarının ruhunu şad eləmək üçün savab işlər görür, bulaqlar yaradır, adamlarda var ki, bu bulaqlara şəhid adına layiq su verə bilmir. Günün reallığı budursa buna ancaq heyfislənmək olar. Mənzərənin bu cür olması isə bağışlanılmazdır.
Şəhidlərin ruhu bizi bağışlamaz,onların ruhunu incitmək bizə yaraşmaz. Şəhid abidələrinin yaradılması, tək şəhid valideyinlərinin işi deyil. Bu bizim hamımızın işi olmalıdır. Çalışaq görüntü yaratmaq naminə deyil, həqiqi mənada şəhid adına layiq işlər görək. Ən azından vətəni sevməyi gələcək nəsillərə öyrətmək üçün buna ehtiyyacımız var.
Şəhid ruhları qarşısında baş əyirik!
Nilufər Əliyeva