22 Dekabr 2024

Vətən müharibəsində azad olunan ilk şəhər

Hər bir azərbaycanlı cəbhədən növbəti xoş xəbəri eşitmək üçün ekran başında, sosial şəbəkələrdə səbirsizliklə gözləyir. Nəhayət, axşam 20:00 radələrində Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verir: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Bu, Prezidentdən aldığımız ikinci müjdəli xəbər idi. Suqovuşanın azad olunma xəbərindən sonra xalqımız hər gün dövlət başçısından xoş xəbərlər gözləyirdi. Artıq hər kəsdə qələbə ruhu duyulurdu. Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər idi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Məhz Cəbrayıl əməliyyatından sonra qısa zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi ordumuz tərəfindən işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. İşğal zamanı məhv edilən, daşı daş üstündə qalmayan ərazilərimizdən biri də Cəbrayıl idi. Ermənilər hər şeyi vəhşicəsinə məhv etmiş, dağıtmışdılar, bununla ürəkləri soyumamış, təbiətə də ağır ziyan vurmaqdan çəkinməmişdilər. İşğaldan azad olunmuş hər bir rayonda ekoloji terrorun izləri aydın görünməkdədir. Meşələr qırılıb, çayların suyu çirkləndirilib, hətta əraziləri boşaldanda belə meşələrə od vurmaqdan çəkinməyiblər. Ərazilərimiz minalardan təmizləndikdən sonra qarşıda duran ilk məsələlərdən biri də ağacların əkilməsi, yaşıllıqların bərpası idi. Cəbrayılda da tarixin izini itirmək məqsədilə abidələr dağıdılıb.

İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edilib. Bununla belə nə qədər istəsələr də, tarixi silə bilməyiblər. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın qədim torpaqlarıdır. Bu gerçəyi heç nə dəyişdirə bilməz. Abidələri, dağı, daşı, təbiəti məhv edərək hər şeyi silmək istəsələr də, o ərazilərdə bizim əcdadlarımızın izi var. Bu izlər isə silinməzdir, Zəfər izimiz kimi.

Əlamətdar hadisələrdən biri Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Cəbrayıla, Xudafərin körprüsünə səfər etmələri oldu. Müharibənin başa çatmasından az sonra noyabrın 16-da həyata keçirilən bu, səfər qələbəmizin möhkəmlənməsində mühüm rol oynadı. Dövlət başçımız Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur. Dövlət başçısı oradan bəyan etmişdi ki, Cəbrayıl qurulacaq, bərpa ediləcək. O vaxtdan uzun zaman keçməyib, artıq Cəbrayılda quruculuq bərpa işləri sürətlə həyata keçirilir.

Tağı İmamaverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı